2024-cü il sentyabrın 13-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

13 sentyabr 2024 19:20

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 13-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 11 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Komissiya daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, obyektiv və hərtərəfli araşdırılması nəticəsində Milli Məclisə seçkilər keçirilən 11 seçki məntəqəsində – 21 saylı Nəsimi – Binəqədi seçki dairəsinin 30, 70 saylı Neftçala seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49, 86 saylı Ağcabədi seçki dairəsinin 7 və 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.

Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi