.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » Sərəncamlar » Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən etmişdir. Onları rəhbər tutaraq Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. 1997-ci ildən başlayaraq Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədi ilə Azərbaycan Hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etmişdir. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu əməkdaşlıq çərçivəsi daha da genişləndirilmiş və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədi ilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Bu Məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nin Yekun rəyində bildirilmişdir ki, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.

1995-ci ildən bəri keçirilmiş seçkilərin hər biri əvvəlki ilə müqayisədə seçkilərin beynəlxalq standartlara çatdırılması yolunda irəliyə atılmış bir addım idi və seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili bunu sübut edir. Lakin, təəssüflər olsun ki, seçkilər sahəsində ciddi tərəqqinin əldə edilməsinə baxmayaraq, bir sıra nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Azərbaycan rəhbərliyinin 10 illik fəaliyyəti, müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsi və həmin iradənin təzahürü olan seçkilər praktikasının ildən-ilə təkmilləşdirilməsi onu sübut edir ki, seçkilər zamanı baş verən qanun pozuntularının səbəbləri Azərbaycan rəhbərliyinin siyasi iradəsindən kənardır. Onların səbəblərini bəzi məmurların və seçki komissiyalarının üzvlərinin qeyri-peşəkarlığında və bir çox hallarda məsuliyyətsizliyində və ümumilikdə "postsovet mentalitetində” axtarmaq lazımdır.

2005-ci ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə bilən əyintilərin və qanun pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Mərkəzi Seçki Komissiyasına tövsiyə edilsin ki, seçki rəsmilərinin o cümlədən, paytaxtdan kənarda işləyəcək seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədi ilə müvafiq proqramlar hazırlasın və bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq etsin.

2. Müəyyən edilsin ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməsinlər və bu cür faktlar aşkar olunduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, belə hərəkətlər etmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görsünlər. İzah edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və digər qanunların tələblərinin Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pozulmasına görə onların məsuliyyətə cəlb edilməsi halları siyasi mənsubiyyətə görə təqib kimi qiymətləndirilə bilməz.

4. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın, İctimai Televiziya və Radio Yayımları Şirkətinə, özəl televiziya və radio yayımları şirkətlərinə tövsiyə edilsin ki, deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ olunmasını təmin edən proqramlar hazırlasınlar və siyasi platformaların müzakirəsi məqsədi ilə müvafiq forumlar təşkil etsinlər.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq exit poll prosesinin aparılmasına lazımi şərait yaratsınlar, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməsinlər.

6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılmasını təmin etsinlər.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində paralel səsvermənin nəticələrinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə dair zəruri tədbirlər görsünlər və müvafiq seçki rəsmilərinə zəruri yardım göstərsinlər.

8. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri ərəfəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və seçkilərdən sonra ictimai sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görsünlər.

9. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına tövsiyə edilsin ki, hər bir seçiciyə vəsiqənin çatdırılmasını təmin etsinlər, seçici siyahılarının dəqiq və dürüst tərtib edilməsi üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlər görsünlər.

10. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində dəqiq seçici siyahılarının tərtib edilməsi və həmin siyahıların seçkilərə ən azı 65 gün qalmış seçki məntəqələrində açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlər görsünlər.

11. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, iqtidaryönlü, mərkəzçi və müxalif siyasi qrupların seçkilərlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və peşəkarlığın, təşkilati işlərin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq donorların texniki yardımından istifadə ilə məşğul olacaq yaranmış kontakt qrupunun toplantısının keçirilməsinə kömək göstərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2005-ci il