.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası 2015-ci il üçün daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurdu

27.05.2015



Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2015-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirib, əlaqədar qurumlardan daxil olmuş məlumatlarla bir daha təhlil edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir daha dürüstləşdirib və artıq bu əhatəli və irimiqyaslı prosesə yekun vurulub.

2015-ci il may ayının 27-də MSK üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə Katibliyin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanışlıq olub. Son dürüstləşdirmə işləri aparılaraq DSK-lara qaytarılmış seçici siyahılarının çap prosesi, saxlanma şəraiti və digər aidiyyəti məsələlərlə tanış olan Komissiya üzvləri və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Belə ki, seçicilər haqqında ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilib.

Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq "on-line” ərizə formasını dolduraraq MSK-ya ünvanlaya bilərlər ki, bu məlumatlar da bir daha nəzərdən keçirilir və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilir. Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə il boyu müvafiq qurumlarla əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumatlar operativ şəkildə dairə seçki komissiyaları tərəfindən toplanaraq siyahılarda nəzərə alınır.

Sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibi və dəqiqləşdirilməsinə dair məsələ müzakirə olunub. MSK sədri ilin əvvəlindən may ayının sonunadək həyata keçirilmiş vahid seçicilər siyahısının dəqiqləşdirilməsi kimi çox əhatəli və genişmiqyaslı proseslə bağlı ətraflı məlumat verib və proses boyunca seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün qurumlara təşəkkürünü bildirib.

Sonra MSK üzvləri daimi seçicilər siyahısının yenidən tərtib edilməsi, təsdiq olunması və internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsi barədə qərar layihəsi ilə tanış olublar. Komissiya 2015-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə, eyni zamanda, respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq rəsmi internet səhifəsində yerləşdirməklə ictimailəşdirilməsinə qərar verib.

Qeyd edək ki, bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır.

Komissiyanın iclasında beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

Foto: AZƏRTAC