.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinə yekun vurdu

17.10.2013



Oktyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Komissiyanın sədri gündəlikdəki məsələ -2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq və elan olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsinə dair məsələ barədə məlumat vermişdir. O, bildirmişdir ki, bugünkü iclas ölkə həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi bir hadisənin - Azərbaycan Respublikasının Prezidenti seçkilərinin MSK tərəfindən yekunlaşdırılmasına həsr olunub. Sədr qeyd etmişdir ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar bütün müvafiq tədbirlər vaxtında görmüş, ilin əvvəlindən respublika üzrə seçicilər siyahısı mükəmməl şəkildə tərtib edilərək dəqiqləşdirmə üçün internet vasitəsilə ictimailəşdirilmiş, seçki komissiyalarının maddi-texniki bazası möhkəmləndirilmiş, nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə aşağı seçki komissiyalarının üzvləri, eyni zamanda çoxsaylı digər seçki subyektləri üçün geniş maarifləndirmə işi aparılmış, seçkilərə start verildikdən sonra qeydə alınmış on nəfər prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılmış, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə etmişlər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olmuşdur.

Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş və seçicilər yüksək fəallıq nümayiş etdirmişlər. Respublikanın işğal olunmuş əraziləri istisna olmaqla bütün coğrafiyasını əhatə edən 20%-dək məntəqələrdə (1000 seçki məntəqəsində) quraşdırılmış veb kameralar vasitəsilə səsvermə günü seçkiləri "online” izləmə imkanları təmin olunmuş, 52.000-ə yaxın yerli müşahidəçinin, 50 nüfuzlu beynəlxalq qurumun 1295 müşahidəçisinin, habelə 102 nəfər jurnalistin təmsil olunduğu 35 nüfuzlu beynəlxalq KİV də daxil olmaqla, yüzlərlə yerli media nümayəndələrinin iştirakı ilə azad, ədalətli və geniş aşkarlıq şəraitində keçirilmiş, səsvermənin ilkin nəticələri vaxtında müəyyən edilərək ictimaiyyətə çatdırılmışdır.

Komissiya sədri seçkilərin hazırlanıb keçirilməsi üçün vacib şərt olan ictimai-siyasi sabitliyin təmin ediməsinə və seçki komissiyaları üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirmişdir. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetridiklərinə görə - Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür etmişdir.

M. Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd etmişdir ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Sonra o, MSK-nın üzvlərini 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış etmişdir. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş etmişdir. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs vermiş və Protokolu imzalamışlar. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılmışdır. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilmişdir.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin səsinin 84,54 faizini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların və ölkəmizdəki diplomatik korpusların təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.