.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş keçirilmişdir.

23.08.2010


Avqustun 23-də Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb.

Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının akt zalında ilk tədbirin məhz cənab Prezidentin sərəncamına uyğun kursların olması yerinə düşür: "Çünki MSK-nın fəaliyyəti üçün hərtərəfli şəraiti olan bu bina ölkə başçısının xüsusi göstərişi əsasında tikilib istifadəyə verilmişdir.

Bu qayğı və diqqətə görə dövlət başçısına Mərkəzi Seçki Komissiyasının adından xüsusi təşəkkürümüzü bildirirəm .” 

MSK sədri seçkilərin hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayaraq ölkəmizdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. 

O qeyd etmişdir ki, məhz Ulu öndərin yürütdüyü uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. 

Ulu öndərin layiqli və alternatrivsiz davamçısı olan cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, qanunverici baza təkmilləşdirilmişdir.

 Dövlət başçımızın göstərişi əsasında dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar inşa edilmiş, qalan DSK-ların binaları isə əsaslı təmir olunmuşdur. 

Onların hərtərəfli fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılmış, texniki və digər zəruri avadanlıqlarla təchiz olunmuşlar. 

Ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki praktikası ildən-ilə təkmilləşir və bu sahədə böyük nailiyyətlər əldə olunub. Buna görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.

Sədr bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işini daim diqqətdə saxlayır: "Ölkə prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. 

Sözügedən sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də aşağı seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmiş və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak etmişdi. 

Dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin nüfuzlu dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssisləri mühazirələr oxuyacaqlar.

 DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq. 

Ümid edirəm ki, dövlət başçısının sözügedən Sərəncamı əsasında keçirilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ciddi rol oynayacaq”.

Tədbirə qatılan Azərbaycan Respublikasının Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri səfir Bilge Cankorel də tədbirdə çıxış edərək iştirakçıları kursların başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışlar.

Kursların birinci günü Bakı Apelyasiya Məhkəməsinin kollegiya sədri Mehdi Əsədov "Seçki prosesində apellyasiya instansiya məhkəməsinin rolu və fəaliyyət istiqamətləri”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə rəisinin müavini Sübhi Kazımov "Seçki prosesi iştirakçılarının hüquq və vəzifələri” mövzusunda DSK sədrləri üçün mühazirələr oxuyublar.