.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

05.10.2010

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası oktyabrın 5-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə dairə seçki komissiyalarındakı trenerləri üçün treninqlərə başlamışdır.

 Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirmişdir ki, MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi artıq bir ənənə halını alıb. 

Ümumiyyətlə, MSK maarifləndirmə tədbirlərini həyata keçirərkən beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir və bu treninqlərin də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirilməsi çox xoşdur.

 Əvvəllər də Avropa Şurasının Venesiya Komissiyası ilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayan MSK katibi qeyd etmişdir ki, bu tədbir də əvvəlki tədbirlər kimi çox əhəmiyyətlidir və məntəqə seçki komissiyalarının üzvlərinə treninq keçəcək trenerlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir.

 Nəzərə alın ki, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin qanunauyğun fəaliyyət göstərməsində, normal səsvermə mühitinin yaradılmasında, vətəndaşlarlın seçki hüquqlarının reallaşdırılmasında sizin keçirəcəyiniz treninqlərdən çox böyük rolu var.

 DSK-lardakı trenerlər məntəqə seçki komissiyalarının 30 mindən çox üzvü üçün treninqlər keçirəcəklər.

 Bu treninqlərin səviyyəsi əvvəlkilərə nisbətən daha da yüksək olmalıdır. 

Məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının səviyyəsi bu tədbirdə treninq keçəcək trenerlərin peşəkarlığından asılı olacaq. MSK katibi tədbir iştirakçılarına uğurlar arzulayaraq trenerləri məşğələlər zamanı diqqətli olmağa çağırdı. 

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek Azərbaycan MSK-sı ilə Avropa Şurası Venesiya Komissiyasının uzun və səmərəli əməkdaşlıq tarixi olduğunu qeyd edərək bildirdi ki, Avopa Şurası qarşıdan gələn seçkilərlə bağlı da fəaliyyət planı hazırlamışdır və bugünkü tədbir də həmin planın tərkib hissəsidir. 

V. Kotek trenerlərə uğurlar arzulamış, Avropa Şurasının Venesiya Komissiyası ekspertlərinin bu tədbirdə iştirakından məmnun olduğunu bildirmişdir. 

Sonra MSK-nın treninq qrupunun trenerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçmişlər. 

Xatırladaq ki, treninqlərdə hər DSK-dan 2 trener iştirak edir. Trenerlərə treninqlərin hazırlanması, təqdimat bacarıqları və təşkili metodları, seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, səsvermə prosedurlarına dair praktik tapşırıqlar, seçki dairələri üzrə treninqlərin formatı, təşkil olunnması və s. mövzular üzrə məşğələlər keçiriləcək. 

Treninqlərin keçirilməsində Mərkəzi Seçki Komissiyasının trenerləri ilə yanaşı, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri də iştirak edəcəklər. Trenerlər üçün treninqlər 5 gün davam edəcək.