.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

15.10.2010


Oktyabrın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə 7 noyabr 2010-cu ilə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədlər üçün əlavə seçkiqabağı təşviqat imkanlarının yaradılmasına dair məsələyə baxılmışdır. 

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqat müddəti ərzində, Naxçıvan Muxtar Respublikasının ərazisində olan seçki dairələri üçün NaxTV kanalında, digər 118 seçki dairəsi üçün isə İctimai Televiziya kanalında seçki dairələri üzrə qeydə alınmış namizədlər arasında "dəyirmi masa” təşkil etmək məqsədilə hər bir qeydə alınmış namizəd üçün 4 dəqiqə ödənişsiz efir vaxtı, bir qayda olaraq həmin gün efir vaxtından istifadə etmiş seçki dairələrinin namizədləri üçün müvafiq olaraq "Azərbaycan” və "Sərq Qapısı” qəzetlərinin səhifələrində bərabər həcmdə ödənişsiz dərc yeri ayrılsın. 

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.

 Müraciətlərdən 7-si təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş və müraciəti edən namizədlərin qeydə alınması barədə qərara qəbul edilmişdir. 

Üç müraciətin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, 9-nun araşdırma müddəti uzadılmış, 1-nin isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.