.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

10.10.2007

Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə iclasın gündəliyi təsdiq edilmişdir. Gündəliyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyaları rəsmiləri üçün kursların hazırlığı və keçirilməsi haqqında və "Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi barədə məsələlər daxil edilmişdir.

MSK sədri bildirmişdir ki, cənab Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparılmışdır. Bir sıra konkret tədbirlər həyata keçirilərək həmin sənədin tələblərinə uyğun olaraq bu barədə Respublika İşçi Qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir. Aşağı seçki komissiyaları üzvlərinin peşəkar hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə müvafiq kursların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. O, görülən işlər barədə məruzə etmək üçün Komissiya sədrinin müavini Svetlana Qasımovaya söz vermişdir.  

 Sədr müavini qeyd etmişdir ki, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq 36 saat həcmində Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuşdur. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyalarının sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, kursların keçirilməsi üçün fəaliyyət proqramı tərtib edilmiş, kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim olunacaq Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi hazırlanmışdır.

Mərkəzi Seçki Komissiyası Sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək cari ilin oktyabr ayının ikinci yarısından etibarən tədris kurslarının başlanmasını müqsədəmüvafiq hesab etmişdir. MSK qəara almışdır ki, kursların təşkil olunması ilə əlaqədar tərtib edilmiş Tədris proqramına uyğun olaraq 2007-ci il oktyabrın 16-dan başlayaraq 4 qrupa bölünməklə dairə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin. Eyni zamanda Komissiya seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsini təsdiq etmişdir.

Sonra Komissiyanın katibi Natiq Məmmədov "Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Əsasnaməyə əlavə və dəyişikliklər layihəsinin təsdiq olunması haqqında qərar çıxarmışdır.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.


Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər