.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ABŞ-da səfərdə olmuşdur

03.04.2007

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahov Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti cənab Riçard Sudriettenin Ümumdünya Seçki Təşkilatı adından ünvanladığı dəvətə əsasən martın 25-dən 31-dək ABŞ-da səfərdə olmuşdur. MSK sədri Ümumdünya Seçki Təşkilatının Vaşinqton şəhərində keçirilən IV konfransında iştirak etmişdir. Xatırladaq ki, Təşkilatın konfransları 1999-cu ildən etibarən keçirilir. Əvvəlki konfranslar Kanada, Meksika və Macarıstanda keçirilmişdir. IV konfrans "Hər bir səs həlledicidir” mövzusunda keçirilib. Tədbir zamanı bir sıra seçki məsələləri müzakirə olunmuş və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Konfransa dünyanın 50-dən artıq ölkəsindən 200-ə yaxın seçki qurumlarının rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və seçki ekspertləri qatılmışlar. 

MSK sədri səfər çərçivəsində bir sıra görüşlər də keçirmişdir. M.Pənahov İFES-in hazırkı prezidenti cənab Riçard Sudriette və iyun ayından etibarən onu əvəz edəcək Jan-Pier Kinqsli ilə görüşmüş və iki qurum arasındakı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri müzakirə olunmuşdur. Bundan əlavə, o, Böyük Britaniyanın Mərkəzi Seçki Komissiyasının sədri cənab Sem Yanqer, Avropa Seçki Rəsmiləri Assosiasiyasının (əvvəlki Mərkəzi və Şərqi Seçki Rəsmiləri Assosiasiyası) baş katibi cənab Zoltan Tos və digər qurumların nümayəndələri ilə də görüşlər keçirmişdir.

Konfransla yanaşı, cənab Pənahov ABŞ-ın Dövlət Departamentində dölət katibinin Demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi cənab Bari Lovenkron, Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə kordinatoru cənab Tomas Adams və həmçinin ABŞ-ın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də işgüzar görüşlər keçirmişdir.

M.Pənahov səfəri başa vuraraq aprelin 2-də Azərbaycana qayıtmışdır.