.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

17.09.2008

Sentyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Komissiya sədri bildirmişdir ki, bu gündən etibarən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqatına start verilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsinin tələbinə görə, həmin namizədlərə İctimai Televiziya və Radio tərəfindən ödənişsiz əsaslarla efir vaxtı ayrılmalıdır. Seçki Məcəlləsinin 189.2-ci maddəsinin tələbinə əsasən, ödənişsiz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Qanunda namizədlər üçün həftə ərzində ictimai televiziya və radioda azı 3 saat pulsuz efir vaxtının verilməsi nəzərdə tutulub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi ilə müzakirələr zamanı razılığa gəlinmişdir ki, televiziya və radionun hər birinin efirində 3 saat olmaqla həftə ərazində 6 saat vaxt ayrılsın. Dəyirmi masalar həftənin I, III, V günləri radioda, II, IV, VI günləri isə televiziyada efirə veriləcək. Dəyirmi masalarda hər namizəd üçün 8 dəqiqə 35 saniyə vaxt ayrılacaq.Sonra "Püşkatma komissiyası” İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirmişdir. Püşkatmanın nəticələri protokollaşdırılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nın Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT Bakı ofisinin, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.