.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

07.08.2008

Avqustun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 4 iyul, 18 iyul və 28 iyul iclaslarının potokolları təsdiq edilmişdir.

Sonra MSK katibi Natiq Məmmədov Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 2 avqust 2008-ci il tarixli IV qurultayının Qərarı ilə 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasından Təşəbbüs qrupu və "Ehtiyatda olan Zabitlər Konfederasiyası” Təşəbbüs qrupu da onun namizədliyini dəstəklədikləri barədə Komissiyaya müraciət ünvanlamışlar. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.

Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş cənab İqbal Fehruz oğlu Ağa-zadənin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması məsələsi barədə də məlumat verilmiş və həmin şəxsin də namizədliyinin təsdiqlənməsi üçün təqdim olunan sənədlərin qaydasında olduğu bildirilmişdir. MSK cənab İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyini təsdiq olunması barədə qərar çıxarmışdır.

Mərkəzi Seçki Komissiyası özü tərəfindən irəli sürülmüş cənab Yaşar Rəhim oğlu Əhmədovun, Vüqar Sabir oğlu Seyidovun, Əlimuxtar Dadaş oğlu Əkbərovun və Sevinc Məhərrəm qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması barədə də qərarlar qəbul etmişdir. MSK bəzi normativ xarakterli aktların qəbulu barədə də qərar çıxarmışdır. Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 29 saylı Səbail, 52 saylı Quba, 84 saylı Füzuli, 105 saylı Tovuz, 106 saylı Tovuz – Ağstafa və 120 saylı Cəbrayıl – Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-nin Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.