.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

27.05.2008

Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 7 may 2008-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK sədri seçki komissiyalarının katibliklərində çalışan hüquqşünaslar üçün təlim-seminarın keçirilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, həmin təlim-seminar may ayının 30-da keçirilsin.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ barədə məlumat vermişdir. Bu məsələylə bağlı çıxış edən Komissiyanın sədri M. Pənahov isə bildirmişdir ki, artıq böyük bir mərhələyə yekin vurulur. Yanvarın əvvəllərindən başlayan proses bu gün yekunlaşır. Komissiyalar bu seçki sənədinin dəqiqləşdirilməsi üçün irimiqyaslı iş aparmışlar. Seçki Məcəlləsinin tələbinə görə, seçici siyahılarının tərtibində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları başçılarının da köməyindən istifadə olunmuşdur. 

Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçicilərin daimi siyahısını MSK nəzdindəki "Seçkilər” İnformasiya Mərkəzi vasitəsilə tərtib etmişdir. İclasdan öncə Komissiya üzvləri Mərkəzdə olmuş və seçici siyahılarının bu qurum tərəfindən dəqiqləşdirilməsi prosesi ilə əyani tanış olmuşlar. Sonra MSK katibi seçicilərin vahid siyahısının təsdiqlənməsini təklif etmişdir. Mərkəz Seçki Komissiyası qərara almışdır ki, cari ilin seçici siyahılarının dəqiqləşdirilməsi işi başa çatmış hesab olunaraq siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilmək üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. Bundan əlavə, ölkə üzrə seçicilər siyahısının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi də qərara alınmışdır.

Bəzi seçki dairələrinin adlarında, habelə onlara aid olan ərazi vahidlərinin adlarında müvafiq dəyişiklik edilməsinə dair məsələ barədə Komissiya sədrinin müavini Svetlana Qasımova məlumat vermişdir. 46 saylı Əlibayramlı seçki dairəsinin adı dəyişdirilərək 46 saylı Şirvan, 101 saylı Xanlar-Daşkəsən seçki dairəsinin adı isə dəyişdirilərək 101 saylı Göy-göl- Daşkəsən seçki dairəsi adlandırılmışdır. Bundan əlavə, bəzi seçki dairələrinin tərkibində müvafiq dəyişikliklər edilməsi haqqında qərar çıxarılmışdır.

İclasda 17 saylı Yasamal üçüncü, 21 saylı Nəsimi birinci və 83 saylı Ağcabədi – Ağdam seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair qərarlar qəbul olunmuşdur.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında Yaponiya səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.