.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası DSK sədrləri üçün kurslara başlayıb

05.09.2011


Sentyabrın 5-də Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.
Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayaraq ölkəmizdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. O qeyd etmişdir ki, məhz Ulu öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. Ulu öndərin layiqli və alternatrivsiz davamçısı olan cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, qanunverici baza təkmilləşdirilmişdir. Dövlət başçımızın göstərişi əsasında dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar inşa edilmiş, qalan DSK-ların binaları isə əsaslı təmir olunmuşdur. Onların hərtərəfli fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılmış, texniki və digər zəruri avadanlıqlarla təchiz olunmuşlar. MSK-nın fəaliyyəti üçün hərtərəfli şəraiti olan yeni bina da ölkə başçısının xüsusi göstərişi əsasında tikilib istifadəyə verilmişdir Ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki praktikası ildən-ilə təkmilləşir və bu sahədə böyük nailiyyətlər əldə olunub. Bütün bunlara görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.
Sədr bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işini daim diqqətdə saxlayır: "Ölkə prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sözügedən sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də aşağı seçki komissiyaları üçün belə kurslar keçirmiş və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak etmişdir. Dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin nüfuzlu dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssisləri mühazirələr oxuyacaqlar. DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq. Əminəm ki, dövlət başçısının sözügedən Sərəncamı əsasında keçirilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ciddi rol oynayacaq”.
Tədbirə qatılan Azərbaycan Respublikasının Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da tədbirdə çıxış edərək iştirakçıları kursların başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışlar.
Kursların birinci günü Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov "Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakının hüquqi əsasları”, Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” mövzusunda DSK sədrləri üçün mühazirələr oxumuşlar.