.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər təyin edilmişdir

29.09.2011

. :MƏTBUAT BÜLLETENİ

Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya əvvəlcə Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin təyin edilməsi barədə məsələyə baxmışdır. Bu məsələ barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində hazırda fəaliyyətdə olan bələdiyyələr formalaşmış, 9 bələdiyyə üzrə səsvermənin nəticələri isə etibarsız hesab edilmişdir.
Bununla yanaşı, ötən müddət ərzində fəaliyyətdə olan bəzi bələdiyyələrdə bir sıra bələdiyyə üzvlərinin səlahiyyətləri itirilmiş və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, nəticədə həmin bələdiyyə üzvlərinin yeri boşalmışdır.
Göstərilən əsaslar boş qalmış bələdiyyə üzvlərinin yerinin tutulması üçün həmin bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin təyin edilməsi zərurətini yaratmışdır. Beləliklə, 330 bələdiyyə üzrə 464 üzv seçilməlidir. Seçki Məcəlləsinin tələbinə əsasən, seçkilər səsvermə gününə azı 60 gün qalmış təyin edilməlidir. Sonra Komissiyanın sədri MSK üzvlərinə bələdiyyə seçkilərinin təyin edilməsinə dair qərar layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər 2011-cu il noyabrın 30-u, çərşənbə gününə təyin edilsin və seçki keçiriləcək bələdiyyələrin siyahısı dərc edilsin.
Mərkəzi Seçki Komisiyasının katibi Arifə Muxtarova "Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya Təqvim Planının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
İclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.