.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




İyulun 26-da Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar 57–117 saylı dairə seçki komissiyalarının sədrlərinin iştirakı ilə müşavirə keçiriləndən sonra iyulun 28-də 1–56 saylı seçki komissiyalarının və işğal olunmuş rayonlar üzrə dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə də müşavirə keçirilmişdir

26.07.2003

İyulun 26-da Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar 57–117 saylı dairə seçki komissiyalarının sədrlərinin iştirakı ilə müşavirə keçiriləndən sonra iyulun 28-də 1–56 saylı seçki komissiyalarının və işğal olunmuş rayonlar üzrə dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə də müşavirə keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müşavirə iştirakçılarını Azərbaycanda Prezident seçkiləri ərəfəsində onlara göstərilmiş ümumxalq etimadı münasibətilə təbrik etmiş, seçkilərin dünya standartları səviyyəsində keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklərinə ümidvar olduğunu bildirmişdir. Onları seçkilərə hazırlıq ərəfəsində və seçkilər keçirilən gün Azərbaycanın demokratik dəyərlərə söykənən ölkə imicinin bir daha təsdiqi üçün əllərindən gələni etməyə çağırmışdır. Azərbaycanın qabaqcıl dünya ölkələrinə inteqrasiyası sahəsində respublika rəhbərliyinin apardığı irimiqyaslı dövlət siyasətinin əməli nəticələrinin daha da qabarıq təcəssümü üçün bunun vacibliyini xüsusi vurğulamışdır. Məzahir Pənahov dairə seçki komissiyalarının sədrlərini Azərbaycanda prezident seçkilərinin şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilməsinin təminatçılarından biri olmağa çağırmışdır.


Müşavirədə Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov seçkilərin demokratik tələblər baxımından yüksək səviyyədə keçirilməsində xüsusi rol oynaya biləcək dairə seçki komissiyalarının fəaliyyəti barədə çıxış etmişdir. Natiq tədbir iştirakçılarını maraqlandıran məsələlərdən danışmış, onların əməli fəaliyyətində qarşılaşa biləcəkləri problemlərin həlli yollarını göstərmişdir.İnqilab Nəsirov dairə seçki komissiyaları sədrlərinin çoxsaylı suallarına ətraflı cavab vermişdir. 


Müşavirənin gündəliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov dairə seçki komissiyalarının formalaşmasının yekunu, Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev isə prezidentliyə namizədlərin seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında çıxış etmişlər.


Müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yekun sözü söyləmişdir.