.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




AVROPA ŞURASININ MÜŞAHİDƏÇİLƏRİ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA OLMUŞLAR

07.12.2009

Ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Nümayəndə heyətinin rəhbəri xanım Qaye Doğanoğlu səmimi qəbula görə təşəkkür etmiş və dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkiləri ilə bağlı komissiyanın gördüyü işlər, atacağı addımlarla maraqlanmışdır.

MSK-nın sədri qurumun Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə 1999-cu ildən etibarən əməkdaşlıq etdiyini vurğulamış və görüşdən məmnunluğunu ifadə etmişdir.

O, bələdiyyə seçkilərində mühüm bir mərhələ olan namizədlərin qeydə alınması prosesinin artıq başa çatdığını və 32 minə yaxın namizədin qeydə alındığını nəzərə çarpdıraraq bildirmişdir ki, 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınmışdır.

Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı təmsil edirlər. Onların 6 min 180 nəfəri, yəni 19,5 faizi qadınlardır. Noyabrın 25-dən seçkiqabağı təşviqat prosesi başlamış və bu işdən ötrü hərtərəfli şərait yaradılmışdır. 

Bu günədək 20 minə yaxın müşahidəçi akkreditə olunmuşdur. Proses davam edir. MSK ənənəvi olaraq genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir.

Dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar, Prezident Administrasiyası və MSK-nın ATƏT-in Bakı ofisi ilə birgə yerli icra hakimiyyəti başçıları və DSK sədrləri üçün təşkil etdikləri məlumat sessiyaları, DSK trenerləri üçün treninqlər bu qəbildəndir. Hazırda dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir.

Bundan əlavə, MSK ABŞ-ın Seçki Sistemləri üzrə Beynəlxalq Fondu ilə birgə "Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq komissiyaların üzvlərinə çatdırmışdır. Müşahidəçilər üçün də yaddaş kitabçası hazırlanır və bu günlərdə işıq üzü görəcəkdir. 

M.Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı həyata keçirilən və nəzərdə tutulmuş layihələr barədə də məlumat verərək bildirmişdir ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsindən ötrü bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqları tam təmin olunacaqdır. 

Nümayəndə heyəti seçkilərin demokratik şəraitdə keçiriləcəyinə əminlik ifadə etmişdir.
Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.