.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Noyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

23.11.2005


Noyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

Əvvəlcə sədr Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə məsələni müzakirəyə çıxarmışdır. MSK sədri qeyd etmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə yoxlamalı, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Səsvermə günüdən etibarən qanunla müəyyən olunmuş müddət ərzində Mərkəzi Seçki Komissiyasına 538 müraciət daxil olmuş, bu müraciətlər Seçki Məcəlləsinin və MSK–nın Avropa Şurası Venetsiya Komissiyasının tövsiyələri əsasında təsdiqlədiyi "Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında müraciətlərə baxılması qaydalarına dair Təlimat”ın tələblərinə uyğun şəkildə baxılmışdır. Ümmilikdə 460 seçki mənətəqəsi üzrə seçkilərin nəticələri etbarsız hesab edilmişdir. MSK 4 seçki dairəsi üzrə seçkiləri etibarsız hesab etmişdir. 2 seçki dairəsində bəzi seçki məntəqələri üzrə nəticələrinin etbarsız hesab edilməsi həmin seçki dairələri üzrə seçkilərin yekunlarına da təsir göstərmiş və deputat seçilmiş hesab olunan şəxslər dəyişmişdir. Artıq MSK-ya təqdim olunmuş bütün müraciətlərin araşdırılması və dairə seçki komissiyalarının protokollarının yoxlanılması başa çatmış və bu gün yuxarıda qeyd olunan sənədlərin Konstitusiya Məhkəməsinə göndərilməsi mümkündür. 

Sonra çıxış edən Mərkəzi Seçki Komissiyası üzvlərinin böyük əksəriyyəti Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun şəkildə keçirildiyini və bəzi qüsurlar istisna olmaqla seçkilərin nəticələrinin ümumilikdə qənaətbəxş olduğunu söyləmişlər. Komissiya üzvləri bu fikrin bir çox nüfuzlu beynəlxalq müşahidəçilər tərəfindən də dilə gətirildiyini vurğulamışlar. 

Mərkəzi Seçki Komisisyasının sədri də həmin Komissiya üzvlərinin fikirlərinə şərik çıxaraq qeyd etmişdir ki, seçkilərin normal keçirilməsində dövlət başçısının müstəsna rolu olmuşdur. Cənab Prezident 11 may və 25 oktyabr sərəncamları, eyni zamanda dövlət əhəmiyyətli bir çox addımları ilə Milli Məclisə seçkilərin şəffaf, demoktarik və qanunauyğun keçirilməsi üçün səylərini əsirgəməmişdir. Sədr bu işdə MSK-ya bir sıra dövlət qurumlarının da yardım etdiyini bildirmişdir. M. Pənahov çıxışının sonunda Respublikanın Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. Daha sonra o, seçkiləri işıqlandırdəqlarına görə kütləvi informasiya vasitələrinin nümayəndələrinə və seçki prosesində yardımçı olmuş dövlət qurumlarına da minnətdarlıq etmişdir.

Gündəlikdəki məsələ səs qoyulmuşdur. 11 nəfər lehinə, 4 nəfər əlehinə olmaqla Milli Məclisə 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə olunan sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.