.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

26.05.2010

Mayın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


 İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunmuşdur. İclasdan öncə Mərkəzi Seçki Komissiyasının üzvləri MSK nəzdində "Seçkilər” İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının dəıqiqləşdirilmiş variantı ilə tanış olmuşlar. 

Mərkəzin direktoru Ramil Hüseynov siyahıların dəqiqləşdirilməsinin dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirildiyini bildirərək prosesin texniki prosedurları barədə məlumat vermişdir. 

MSK-nın katibi Natiq Məmmədov isə seçicilərin daimi siyahılarının dəqiqləşdirilməsi üçün seçki komissiyaları tərəfindən genişmiqyaslı, davamlı işin aparıldığını diqqətə çatdırmışdır. 

Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov bildirmişdir ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. 

DSK-lar isə seçki dairələri üzrə dəqiqləşdirilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişlər. 

Seçici siyahılarının dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub. 

Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə dəqiqləşdirilib.

 İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşıb. Bu günə olan məlumata görə ölkə üzrə vahid seçicilər siyahısında 4 829 888 nəfər seçicinin adı var. 

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olmuşlar. 

Komissiya qərara almışdır ki, cari ilin daimi seçici siyahılarıının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılımış informasiya sistemi vasitəısilə tərtib edilərək 

Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.