.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il fevralın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

05.02.2020

Məzahir Pənahovun sədrliyi ilə fevralın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Mərkəzi Seçki Komissiyasının bəyanatı oxunub. İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqularının təmin olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıran Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi qarşıdan gələn Milli Məclisə seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.

Sonra Komissiyanın 27 yanvar 2020-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub. Ardınca fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədi ilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verilib.

İclasda qarşıdan gələn Milli Məclisə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.

Komissiya 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxıb. Maraqlı subyektlərin iştirakı ilə müraciətlərlə bağlı aparılan geniş müzakirələrdən sonra bir namizədin qeydə alınmasına dair müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək, namizədə verilmiş vəsiqə etibarsız hesab edilib, habelə digər bir seçki subyektinə xəbərdarlıq olunub.

Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi