.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

17.01.2020

Yanvarın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 9 yanvar 2020-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək məqsədi ilə MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

İclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə də baxılıb. Seçki prosesinin iştirakçısı olan maraqlı subyektlərin iştirakı ilə müraciətlər geniş müzakirə edildikdən sonra qərarlar qəbul olunub. Müraciətlərin müzakirəsi zamanı namizədin qeydə alınmasından imtina edilməsinə dair bir dairə seçki komissiyasının qərarı ləğv olunaraq, eləcə də digər dairə seçki komissiyasının hərəkətsizliyi səbəbindən hüququ pozulan vətəndaşın müraciəti təmin edilərək, namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülən iki nəfərin Milli Məclisə seçkilərdə namizədliyi MSK tərəfindən qeydə alınıb.

Milli Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi