.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

15.01.2020

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 7 yanvar və 8 yanvar 2020-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı Azərbaycan Ümid Partiyasının müraciətinə baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Maraqlı subyektlərin iştirakı ilə müraciətlər geniş müzakirə olunduqdan sonra qərarlar qəbul edilib. Komissiya namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verib.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb, eləcə də nəzərdə tutulan genişmiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi