.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında iclas

31.01.2009

Yanvarın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılmışdır. Komissiyanın üzvü Rövşən İsmayılov referendum üzrə "Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya ünvanlanmış müraciət barədə məlumat vermişdir. Komissiya üzvünün məlumatına görə, müraciət müəllifi yanvar ayının 21, 23 və 24-də respublikanın ayrı-ayrı bölgələrində (Cəlilabad, Xaçmaz, İsmayıllı, Lənkəran, Neftçala rayonlarında və Sumqayıt şəhərində) adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Azər Nağıyev, Mehman İsmayılov, Namiq Əkbərli, Fəxrəddin Abbas) polis və yerli icra hakimiyyəti orqanları tərəfindən imza toplanmasına maneçilik törədilməsini və imza vərəqələrinin alınıb korlanmasını göstərmiş, Lənkəran və Neftçala rayonlarında baş verənlərlə bağlı müvafiq dairə seçki (referendum) komissiyalarına məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülməməsini iddia etmiş, qanunsuz hərəkətləri törətmiş şəxslər barəsində tədbir görülməsini və korlanmış imza vərəqələrinin əvəzinə yeni imza vərəqələrinin verilməsini xahiş etmişdir. Müraciət Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupu tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, göstərilən halların bir qismi (Cəlilabad, Xaçmaz, İsmayıllı rayonlarında və Sumqayıt şəhərində baş verməsi ehtimal edilənlər) Gülağa Aslanlının Mərkəzi Seçki (Referendum) Komissiyasına daxil olmuş 21, 23 və 24 yanvar 2009-cu il tarixli müraciətlərində də öz əksini tapmış, bununla əlaqədar MSK nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırma aparılmış, Komissiyanın iclasında baxılaraq müraciətlər əsassız olduğundan onların təmin edilməməsi barədə qərarlar çıxarılmışdır. Müraciətdə Lənkəran və Neftçala rayonlarında baş verməsi ehtimal olunan hallarla əlaqədar ünvan, yer, vaxt və qanun pozuntusu törətmiş şəxslər barəsində dəqiq məlumatlar göstərilməmiş, habelə araşdırma zamanı ehtimal olunan halların baş verməsi sübuta yetirilməmiş, müvafiq dairə seçki komissiyalarına bunlarla əlaqədar heç bir məlumat və şikayət verilməmişdir. İddia edilən seçki dairələrinin ərazilərində seçici imzalarının toplanmasına yerli icra və polis orqanları tərəfindən maneçilik törədilməsi və imza vərəqələrinin alınaraq korlanması ilə əlaqədar heç bir hal qeydə alınmamışdır. Səlahiyyətli nümayəndə tərəfindən bununla bağlı müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Göstərilən halların bir qisminə dair səlahiyyətli orqanın müvafiq qərarları mövcud olduğundan həmin məsələlərə mahiyyəti üzrə eyni qaydada yenidən baxılması mümkün olmamışdır.
Beləliklə, Mərkəzi Seçki Komissiyası müraciət əsassız olduğundan təmin edilməməsi bartədə qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.