.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri ilə görüş keçirilib

22.12.2019



Dekabrın 22-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə bələdiyyə seçkilərinin müşahidəsində iştirak edəcək Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko ilə görüşüb.

MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq bələdiyyə seçkiləri ərəfəsindəki görüşdən məmnunluğunu bildirib və hər iki ölkənin ali seçki qurumları arasındakı əlaqələrdən söhbət açıb. Komissiya sədri rəhbərlik etdiyi qurumun çoxsaylı müxtəlif ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm verdiyini vurğulayıb.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko da öz növbəsində həm dəvət, həm də səmimi qəbula görə təşəkkürünü ifadə edib və bildirib ki, Ukrayna Mərkəzi Seçki Komissiyası yeni tərkibdə ilk səfərini məhz Azərbaycana edib. Sonra O.Didenko bələdiyyə seçkilərinə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran sədr M.Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılan addımlar barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin ali seçki qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi