.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il dekabrın 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

20.12.2019

Dekabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 17 dekabr 2019-cu ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.


Sonra qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədi ilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verilib.

İclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması ilə bağlı məsələyə də baxılıb. Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şəraitin yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla 120 saylı Cəbrayıl – Qubadlı, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd və 125 saylı Zəngilan – Qubadlı seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması və yeni məntəqə seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi