.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Masallıda seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib

02.11.2019



Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə oktyabrın 29-dan start götürən və seçkilərlə bağlı müracətlərə baxılmasına həsr olunan genişmiqyaslı layihə davam edir.

Növbəti seminar noyabrın 2-də Masallı şəhərində "ASAN Həyat” kompleksində təşkil olunub.

Qeyd etmək lazımdır ki, ölkəmizi bütün dünyaya tanıtdıran və milli brendimiz olan "ASAN xidmət”in digər mərkəzləri kimi, müasir standartlara cavab verən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunan Masallı "ASAN Həyat” kompleksindəki hərtərfli şərait seminarın yüksək səviyyədə təşkil olunması və keçirilməsinə geniş imkan yaradıb.

Tədbirə 20 seçki dairəsinin - 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61saylı Neftçala, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 78 saylı Lerik, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan və 84 saylı Füzuli seçki dairələri dairə seçki komissiyalarından 60 ekspert qrupu üzvü qatılıb.

Seminarda çıxış edən MSK üzvü İlham Məmmədov bildirib ki, MSK-nın qərarı ilə dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərlə bağlı MSK tərəfindən silsilə tədbirlər keçirilir. Dairə seçki komissiyalarının ekspert qrupları üçün təşkil edilmiş regional seminar seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunub.

Tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan İ.Məmmədov müraciətlərə baxıması zamanı qəbul edilən qərarların düzgünlüyü və hüquqiliyinin seçkilərdə müəyən hərəkətlərin və ya hərəkətsizliyin qarşısını aldığını diqqətə çatdırıb. Bildirilib ki, regional seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsidir.

Seminarda MSK-nın üzvü Qabil Orucov "Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib.

Vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini vurğulayan Q.Orucov bu zaman Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında” Təlimatın, Avropa İnsan Hüquqları Konvensiyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının (presedent hüququ) və Venesiya Komissiyası tərəfindən qəbul edilmiş seçki məsələlərində Əla Təcrübə Kodeksinin müddəalarının əsas olduğunu diqqətə çatdırıb.

Təlim məşğələsində MSK-nın üzvü İlham Məmmədov "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında çox vacib rol oynayır.

Seminarın praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



AZƏRTAC