.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Məzahir Pənahov Astanada beynəlxalq konfransda seçkilərdə müasir texnologiyalardan istifadədə Azərbaycan təcrübəsindən bəhs edib

01.11.2018



Qazaxıstanın paytaxtı Astanada "Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans və sərgi keçirilir.

Konfrans çərçivəsində Qazaxıstan Seçki Komissiyasının tarixinə həsr olunmuş sərgi keçirildi.

Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının yaradılmasının 25 illiyinə həsr edilən konfransda Azərbaycanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qazaxıstan Azərbaycanın seçki prosesində müasir texnologiyarın tətbiq edilməsi təcrübəsindən istifadə edir. Bu barədə Astanada keçirilən "Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfransda səsləndirilib. Bildirildi ki, demokratiyanın əsas göstəricilərindən biri olan seçki sisteminin təkmilləşdirilməsi istiqamətində Azərbaycan mühüm nailiyyətlər əldə edib.

Qazaxıstan, Rusiya, Latviya, Litva, Türkiyə, Azərbaycan, Tacikistan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Hindistan və digər ölkələrin Mərkəzi Seçki Komissiyaların rəhbərlərinin qatıldığı tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilərdə müasir texnologiyadan istifadə: Azərbaycan təcrübəsi” mövzusunda çıxış edib. Sədr bildirib ki, Azərbaycan bu sahədə çox ciddi islahatlar apararaq əhəmiyyətli nəticələr əldə edib. Belə ki, islahatlar zamanı inkişaf etmiş demokratik ölkələrin təcrübəsi öyrənilib, bununla bağlı ölkəmizdə hüquqi çərçivə yaradılıb, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənib və informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə imkanları artırılıb. Məzahir Pənahov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın seçki sisteminin təkmilləşdirilməsində əsas islahatlar 2000-ci ildə başlanıb. Bu isə ölkədə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yaradılmasına səbəb olub. Bu islahatlar seçkilərin şəffaflığı və aşkarlığının təmin edilməsinə, seçki subyektlərinin hüquqlarının qorunmasına, müxtəlif seçki subyektləri və aşağı seçki komissiyalarının sistemli fəaliyyətinin həyata keçirilməsinə, seçki kampaniyalarında namizədlər üçün bərabər şərait yaradılmasına gətirib çıxarıb.

Konfrans iştirakçılarına"Azərbaycan Respublikasının inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları üzrə milli strategiya" adlı Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı ölkədə məlumatlı cəmiyyət qurmaq üçün müvafiq hüquqi çərçivə yaradılmasından bəhs edildi. Tətbiq edilən dövlət proqramları və islahatlar nəticəsində Azərbaycanda elektron hökumət qurulub, internet resursları genişlənib, informasiya təhlükəsizliyi problemlərinin həlli üçün bir sıra digər vacib addımlar atılıb. Bütün bunlar isə ölkədəki bütün seçki proseslərində elektron vasitələrdən istifadənin genişləndirilməsinə təkan verib.

Digər çıxış edənlər də ölkələrinin seçki təcrübələri ilə bağlı məruzələrində seçki prosesinin təkmilləşdirilməsində elektron xidmətlərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Qeyd edək ki, konfransın yekununda Azərbaycanla Qazaxıstan Mərkəzi Seçki Komissiyaları arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq.

Konfransda Dünya Seçki Təşkilatları Assosiasiyasının, Avropa Seçki Təşkilatçıları Assosiasiyasının və Asiya Seçki Qurumlarının Assosiasiyasının nümayəndələri və üzvləri, 14 xarici ölkənin seçki idarəetmə orqanlarının rəhbərləri iştirak edir.




AZƏRTAC