.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » Hesabatlar » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabatı - 2018



AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Prezident seçkiləri - 2018


www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün mühüm mərhələlər olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün digər vəzifələr xüsusi dəqiqliklə yerinə yetirilib.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün seçici siyahıları ən vacib sənədlərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. İlk növbədə məntəqə seçki komissiyalarının üzvləri müvafiq məntəqələrin seçicilər siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülüb və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatını aparan digər qurumlar) daxil olmuş məlumat və statistik göstəricilərlə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb, lazımi dəqiqləşdirmələr aparılıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib. Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dəqiqləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib.Otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu belə bir əhatəli və genişmiqyaslı proses müvafiq qurumlarla sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb. Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, dəqiqləşdirmə prosesi boyunca televiziya və radio kanallarında MSK tərəfindən hazırlanmış seçiciləri seçici siyahılarında öz məlumatlarını yoxlamağa təşviq edən video və audio kliplərin yayımlanması, həmçinin MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırıb. Qeyd etmək lazımdır ki, seçici siyahıları da daxil olmaqla, ümumilikdə seçki məsələləri ilə əlaqədar daimi fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə daxil olan bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görülüb. Daxil olan müraciətlər, əsasən, seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər edilməsi, hüquqi məsələlər və s. barədə olub. Seçki komissiyalarının müvafiq qurumlarla əməkdaşlıq şəraitində ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli fəaliyyəti nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub.

Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, sərf edilən böyük zəhmət və gərgin əmək sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqları maksimum şəkildə təmin olunub.

Bəzi seçki dairələri və məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, eləcə də seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması istiqamətində də məqsədyönlü iş aparılıb. Seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 8 seçki dairəsi üzrə 11 yeni seçki məntəqəsi yaradılıb. Eyni zamanda hər bir seçki dairəsi və seçki məntəqəsinin dislokasiyası, seçki məntəqələri üzrə seçicilərin sayı, dairə və məntəqə seçki komissiyalarının tərkibi barədə məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilərək ictimailəşdirilib.

Müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi seçki prosesi boyunca MSK üçün əsas prioritetlərdən biri olub. Komissiya tərəfindən 18 istiqamətdə maarifləndirmə proqramları hazırlanıb və müxtəlif statuslu seçki prosesi iştirakçıları üçün davamlı şəkildə irimiqyaslı layihələr gerçəkləşdirilib.

Prezident seçkiləri ilə bağlı ilk tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün keçirilib və bu məqsədlə 2 mərhələli geniş layihə icra olunub. Birinci mərhələ çərçivəsində fevralın 15-də Bakıda dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Tədbir ərzində respublikanın bir sıra ali dövlət qurumlarının - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin rəhbər şəxsləri, eləcə də MSK üzvləri və Katibliyin əməkdaşları müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış edib. Tədris proqramına Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, seçki hüququnun konstitusion əsasları və Prezident seçkilərində onun realizə mexanizmləri, seçki hüququ insan və vətəndaş hüquqlarından biri kimi, Prezident seçkilərində ədliyyə, prokurorluq, Daxili İşlər Nazirliyi orqanlarının və məhkəmələrin rol, vəzifə və fəaliyyət istiqamətləri, səsvermə prosesi başa çatdıqdan sonra DSK və MnSK-ların üzərinə düşən əsas vəzifələr, Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan istifadə qaydaları, DSK və MnSK-larda kargüzarlığın təşkili və s. kimi mövzular daxil edilib, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər və "öyrənilmiş dərslər” nəzərdən keçirilib. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları alıblar.

Layihənin ikinci mərhələsində seçki dairələri üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 19-21 fevral tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Üçgünlük kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 40-60 nəfər arasında dəyişib ki, bu da aşağı seçki komissiyalarının təmsilçilərinə məşğələlər zamanı daha fəal olmaq və onları maraqlandıran suallara cavab almaq imkanı yaradıb. Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılıb. Ümumilikdə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə edib və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli informasiya əldə ediblər. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu kursların gedişi KİV-lər tərəfindən ətraflı işıqlandırılıb və ictimaiyyətə geniş məlumat verilib.

MSK-nın maarifləndirmə proqramı çərçivəsində fevralın 27-dən martın 1-dək seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlar da keçirilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, MSK nəzdində ekspert qrupunun üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak ediblər. Seminarların keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsi olub.

Prezident seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərindən biri də Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə təşkil edilib. Martın 2-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində keçirilən seminar-məşğələlərdə qapalı müəssisələrdə seçkilərin təşkili ilə bağlı məsələlər müzakirə olunub və sözügedən qurumun əməkdaşlarına MSK təmsilçiləri tərəfindən hərtərəfli məlumat verilib, səsvermə günü prosedurları əhatəli şəkildə izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması MSK üçün daim əsas prioritet məsələlərdən olub. Bu məqsədlə 2002-ci ildən etibarən aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən də istifadə olunmaqla geniş treninqlər keçirilir. Layihə üzərində aparılan təkmilləşdirmələrdən sonra 2008-ci ildən etibarən MSK-nın Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün hazırladığı 2 yerli trener o zamandan bəri dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. 2018-ci il Prezident seçkilərində də aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi ilə 2 mərhələli treninq layihəsi gerçəkləşdirilib. Birinci mərhələ çərçivəsində 5, 6, 7 və 9 mart tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən "Trenerlər üçün Treninq” keçirilib. Bu treninqlər zamanı 125 seçki dairəsindən olan 250 yerli trener prezident seçkilərində səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla səsvermə günü prosedurları barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı səsvermə günü ortaya çıxa biləcək hallar aydın şəkildə izah edilib.

Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK-nın Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim edib. MSK və dairə seçki komissiyaları tərəfindən həyata keçirilən aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsinə martın 12-dən başlanılıb və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 35-40 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilib və seçki dairələri üzrə məntəqələrin sayına müvafiq olaraq təqribən 10 gün davam edib. Treninqlər çərçivəsində aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılıblar. Bütünlükdə treninqlər 32000-dən artıq komissiya üzvünü əhatə edib.

Martın 7-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları üçün MSK Katibliyinin əməkdaşları tərəfindən treninq keçirilib. Treninqdə Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar MSK tərəfindən görülmüş işlər, nəzərdə tutulmuş layihələr, həmçinin səsvermənin təşkili, yerli və beynəlxalq müşahidəçilər və onların hüquq və vəzifələri, kütləvi informasiya vasitələri nümayəndələrinin seçkilərdə iştirakı və s. məsələlər ətraflı şəkildə izah olunub, müzakirə prosesində yaranmış suallar cavablandırılıb.

Seçki qanunvericiliyi ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın Prezident seçkilərində iştirakını təsbit edir. Bunu nəzərə alaraq, respublika hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarının seçicilər siyahısının hazırlanması və onların səsvermədə iştirakının təmin edilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə əhatəli iş aparılıb və xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakı üçün respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində 41 seçki məntəqəsi yaradılıb. Azərbaycan Respublikasının hüdudlarından kənarda seçkilərin təşkili, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak hüquqlarının həyata keçirilməsinin tənzimlənməsi, seçki məntəqələrinin yaradılması, səsvermənin təşkili və digər məsələlərlə bağlı martın 13-də MSK Xarici İşlər Nazirliyi ilə birgə seminar keçirib. Tədbirdə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların Prezident seçkilərində iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə və konsul idarələrində yaradılmış seçki məntəqələrində səsvermənin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə seçki məntəqələrinin təşkil olunması, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçkilərdə aşkarlıq və şəffaflıq, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanması və nəticələrin müəyyən olunaraq dairə seçki komissiyasına göndərilməsi və s. məsələlər müzakirə edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Prezident seçkilərində əsas maarifləndirmə tədbirlərindən biri də kütləvi informasiya vasitələrini əhatə edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, MSK, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə martın 19-da prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr olunan geniş seminar-müşavirə keçirilib. Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri və digər təmsilçiləri üçün gerçəkləşdirilən tədbirdə MSK sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Televiziya və Radio Şurasının və Mətbuat Şurasının rəhbər şəxsləri, eləcə də MSK üzvləri giriş nitqi və məruzələrlə çıxış ediblər. Ölkədə fəaliyyət göstərən KİV rəhbərlərinin qatıldığı seminar-müşavirə kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb, tədbir zamanı Prezident seçkilərində seçkiqabağı təşviqat subyektlərinin azad davranışı və bərabərliyi mövzusu haqqında geniş fikir mübadiləsi aparılıb, bu prosesdə KİV-lərin rol və vəzifələri mövzusunda təqdimat olunub, müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Seçkilərlə əlaqədar digər bir maarifləndirmə tədbiri də MSK-nın Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı ilə martın 23-də MSK-nın inzibati binasında keçirilib. Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Prezident seçkilərinin təşkilinə dair məsələlərə həsr olunan seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri, MSK Katibliyinin əməkdaşları və bu qəbildən olan məntəqə seçki komissiyalarının sədrləri iştirak edib. Tədbir zamanı iştirakçılara səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçki günü məntəqə seçki komissiyalarının vəzifələri, səsvermə prosedurları və s. barədə məruzələr edilib və iştirakçıların sualları cavablandırılıb.

Seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə MSK Daxili İşlər Nazirliyi ilə birgə martın 26-da Gəncədə, 28-də Şirvanda, 30-da Şəkidə və aprelin 2-də Bakıda seminar-müşavirə keçirib. Prezident seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), MSK üzvləri və Daxili İşlər Nazirliyinin məsul şəxsləri çıxış edib. Həmçinin tədbir çərçivəsində iştirakçılara MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanmış "Polis əməkdaşlarının Prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” təqdim edilib.

Seçki günü proseslərin şəffaflığının təmin olunmasında önəmli yer tutan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsindən və onun müvafiq proqram təminatlarından düzgün istifadə ilə bağlı mütəxəssislərin lazımi bilik və bacarıqlarını dərinləşdirmək üçün 26-28 mart tarixlərində MSK-da dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün praktiki seminarlar keçirilib. Tədbirdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edilən "Seçkilər” İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş şəbəkə variantı barədə praktiki məlumatlar verilib, proqram təminatından əyani formada sınaq rejimində istifadə olunub, eləcə də onları maraqlandıran suallara aydınlıq gətirilib.

MSK tərəfindən həyata keçirilən maarifləndirmə proqramının bir qolu da ilk dəfə səs verən gənc seçiciləri əhatə edib. Seçki kampaniyasına start veriləndən səsvermə gününə qısa müddət qalanadək ilk dəfə səs verən seçicilərin maarifləndirilməsi və gənclərin seçki prosesinə daha fəal şəkildə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində bir sıra layihələr gerçəkləşdirilib. MSK-nın dəstəyi ilə Bakı şəhərini və respublikanın digər rayonlarını əhatə edən genişmiqyaslı tədbirlərdə iştirakçılara seçki hüququ, Prezident seçkilərinə hazırlıq, səsvermə günü prosedurları və s. məsələlər barədə ətraflı məlumat verilib və gəncləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Prezident seçkilərində 102000-dən çox gənc ilk dəfə səsvermə hüququ əldə edib.

MSK-nın təşəbbüsü ilə, həmçinin seçki günü – aprelin 11-də 18 yaşı tamam olan, yəni o gündən etibarən aktiv seçki hüququ əldə edən 143 gənci seçkilərdə iştirak etməyə həvəsləndirmək məqsədilə MSK adından xüsusi təbrik kartları da hazırlanıb və səs verərkən həmin gənclərə təqdim edilməsi təmin olunub.

MSK Prezident seçkiləri elan edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədi ilə Təqvim Planı təsdiq edib. Təqvim Planı çap olunaraq aşağı seçki komissiyalarına paylanılıb, eləcə də bütün seçki subyektlərinin asanlıqla əldə etmələrindən ötrü Azərbaycan və ingilis dillərində MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaq məqsədi ilə "Seçki günü üçün Yaddaş” kitabçası nəşr etdirib. Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, məntəqənin açılması, səsvermə saatlarında tədbirlər, məntəqənin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunub. Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanan Yaddaş kitabçası seçki subyektlərinə çatdırılması üçün aidiyyəti ünvanlara paylanılıb, habelə internet səhifəsində yerləşdirilib.

Prezident seçkiləri ilə əlaqədar müşahidəçilərin maarifləndirilməsi məqsədi ilə "Müşahidəçilər üçün yaddaş” kitabçası da dərc edilib. Nəşrdə müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olunub, internet səhifəsində yerləşdirilib və beynəlxalq müşahidəçilərə çatdırılması üçün müvafiq qurumlara, eləcə də yerli müşahidəçilərə paylanması məqsədi ilə DSK-lara, siyasi partiyalara və müşahidə prosesində iştirak edən digər təşkilatlara təqdim olunub.

MSK "Polis əməkdaşlarının Prezident seçkilərində iştirakına dair yaddaş kitabçası” da hazırlayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, seçki günü və seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib. Yaddaş kitabçası polis əməkdaşlarına çatdırılması üçün aidiyyəti qurumlara və aşağı seçki komissiyalarına paylanılıb.

"Kütləvi informasiya vasitələrinin Prezident seçkilərində iştirakına dair yaddaş” kitabçasında KİV-lərin seçki prosesində və seçkiqabağı təşviqat dövründə hüquq və vəzifələri aydın şəkildə izah edilib, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib. Sözügedən yaddaş kitabçası da kütləvi informasiya vasitələrinə paylanılıb, həmçinin maraqlanan seçki subyektləri MSK-nın Müstəqil Media Mərkəzi vasitəsi ilə yaddaş kitabçasını əldə ediblər.

Prezident seçkilərində seçicilərin maarifləndirilməsi də MSK-nın daim diqqət mərkəzində olub və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirilib. Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, səsvermə proseduru, Prezident seçkilərində qeydiyyatdan çıxma vəsiqəsindən istifadə, eləcə də səsvermədə iştiraka çağırış məqsədi ilə MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb və kütləvi informasiya vasitələri ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Həmçinin, seçici siyahılarında adların yoxlanması, MSK-nın internet səhifəsi, qaynar xətti və s. məlumatlandırma və digər xarakterli çoxsaylı çağırış plakatı hazırlanıb və əhalinin xüsusilə sıx məskunlaşdığı və asanlıqla görünə bilən yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) asılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı haqqında, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər hazırlanıb qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçicilərin sayına uyğun çap edilərək seçicilərə paylanılıb.

MSK tərəfindən səsvermədə iştiraka çağırış, seçki gününün diqqətə çatdırılması, seçici siyahılarında adın yoxlanılması, qeydiyyatdan çıxma vəsiqəsindən istifadə, səsvermə proseduru və seçki bülleteninin doldurulma qaydası ilə bağlı hazırlanmış, ümumilikdə 8 video və audio çarx da respublikada fəaliyyət göstərən televiziya və radio kanallarında mütəmadi şəkildə nümayiş etdirilib.

Seçki praktikasının təkmilləşdirilməsində hüquqi bazanın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad və ədalətli keçirilməsi üçün normativ-hüquqi bazanın daha təkmil işlənib hazırlanması prosesini diqqət mərkəzində saxlayıb və bu istiqamətdə məqsədyönlü iş aparıb. Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki iştirakçılarının maarifləndirilməsini həyata keçirmək, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçki prosesi ilə bağlı biliklərin artırılmasını təmin etmək üçün müvafiq dəyişikliklər edilərək MSK tərəfindən qəbul olunmuş təlimat, izah və qaydalar da daxil olmaqla, ümumilikdə 48 normativ xarakterli sənəd 16 toplu şəklində nəşr edilib və aşağı seçki komissiyalarına paylanılıb. 11-i bilavasitə Prezident seçkiləri ilə, 37-si isə ümumi və digər seçki prosesi mərhələlərinə aid olan bütün normativ hüquqi sənədlər həmçinin, Azərbaycan və ingilis dillərində MSK-nın internet səhifəsində də yerləşdirilib.

Prezident seçkilərinin cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, MSK fevralın əvvəllərindən etibarən KİV-lə əlaqələrini daha da intensivləşdirib. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədi ilə MSK-nın fəaliyyəti hər zaman olduğu kimi, KİV üçün tam açıq olub. MSK-nın iclaslarının vaxtı barədə KİV nümayəndələri əvvəlcədən məlumatlandırılıblar, onlar mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunub və lazımi məlumatları əldə ediblər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədi ilə Prezident seçkiləri elan olunduğu gündən MSK tərəfindən müxtəlif aktual mövzuları əhatə edən brifinqlər keçirilib, seçkilərlə bağlı reallaşdırılan bütün layihələr barədə respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə informasiya çatdırılıb, məlumat bülletenləri və məqalələr dərc olunub. MSK sədri, Komissiya üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşlarının respublikada fəaliyyət göstərən televiziyalar üçün 80-dən artıq brifinqi keçirilib və onlar öz açıqlamalarında həyata keçirilən son layihələr, seçkilərə hazırlıq istiqamətində görülən işlərlə bağlı ictimaiyyətə məlumat verib və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Seçkilər elan olunduğu gündən komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda yüzlərlə çox müxtəlif xarakterli material dərc olunub. Əlavə olaraq KİV-də MSK sədrinin, Komissiya üzvlərinin, eləcə də Katiblik rəsmilərinin 106 açıqlaması əks olunub. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə və qəbul olunmuş sənədlərə geniş yer ayırıb. Mətbuat vasitələrində MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunub, həmçinin Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc edilib və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Ümumilikdə MSK tərəfindən həyata keçirilmiş tədbirlər KİV tərəfindən mütəmadi qaydada işıqlandırılıb.

MSK təmsilçilərinin televiziya çıxışları da seçicilərin Prezident seçkiləri ilə bağlı biliklərinin artırılmasına hədəflənən layihələrdəndir. Seçkilər elan olunduğu fevral ayından başlayaraq İctimai televiziyada həftədə bir dəfə, tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən "Xalq seçir” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katiblik rəsmilərinin Prezident seçkiləri ilə əlaqədar müxtəlif mövzularda çıxışları olub. Bundan başqa, "Azərbaycan” qəzetində Komissiya üzvləri və Katiblik rəsmilərinin seçkilərlə bağlı müxtəlif aktual mövzulara həsr olunmuş hüquqi maarifləndirmə xarakterli 8 geniş həcmli məqaləsi dərc olunub.

Aşağı seçki komissiyaları da kütləvi informasiya vasitələrində mütəmadi şəkildə çıxış edib və DSK sədrləri öz müsahibələrində seçki dairəsi çərçivəsində görülmüş işlər, yerlərdə seçkilərə hazırlıq prosesləri ilə bağlı seçiciləri məlumatlandırıblar.

Prezident seçkilərində şəffaflığın təmin olunması üçün MSK başda olmaqla, bütün aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülüb. Ölkəmizdə 2008-ci ildən başlayaraq geniş tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi Prezident seçkilərində də tətbiq edilib. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20%-də) veb-kamera quraşdırılıb. Bu məsələyə Komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul edilib və veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı dərc olunub, eləcə də MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Martın 28-də MSK-nın və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək veb-kameralarla bağlı son hazırlıq işləri və avadanlıqların tam hazır vəziyyətə gətirilməsi prosesi ilə tanış olublar. Seçki günü bu veb-kameralar vasitəsi ilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə ediblər.

MSK əvvəlki illərdə keçirilmiş seçkilərdə olduğu kimi, 2018-ci il Prezident seçkilərində də Müstəqil Media Mərkəzi (MMM) yaradıb. Yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqlarla təchiz edilən Mərkəzin fəaliyyətində başlıca məqsəd seçkilərin geniş, operativ və obyektiv işıqlandırılması, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat əldə etməkdə və ictimaiyyətə çatdırmaqda yardım göstərmək olub. Seçkilər dövründə 24 saat fasiləsiz fəaliyyət göstərən Mərkəzdə media təmsilçilərinə kompüterlər, telefon və faks aparatlarından, eləcə də pulsuz və yüksək sürətli internetdən də istifadəyə tam şərait yaradılıb. Beynəlxalq (xarici) müşahidə missiyaları da onlar üçün yaradılmış bu imkandan geniş istifadə edərək, seçki günü və ondan sonrakı günlərdə Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirib və seçkilərlə bağlı bəyanatlarını ictimaiyyətə çatdırıblar. Mərkəzin www.secki-2018.az internet səhifəsi də Azərbaycan, rus və ingilis dillərində mütəmadi şəkildə fəaliyyət göstərərək, seçki prosesi ilə bağlı müxtəlif məlumatların, səlahiyyətli şəxslərin və ekspertlərin rəy, açıqlama və bəyanatlarının, eləcə də foto və video görüntülərin operativ şəkildə geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıb.

Seçki prosesinin böyük sayda müşahidəçi tərəfindən izlənməsi Prezident seçkilərinin geniş ictimaiyyətin maraq dairəsində olduğunu göstərdi. Qanunvericiliyə əsasən müşahidəçilərin qeydiyyatı üçün nəzərdə tutulan prosedur çox sadə və rahat olduğundan maraqlı şəxslərin kütləvi şəkildə müşahidəçi qismində seçkilərə qatılmasına və şəffaflığın daha da artırılmasına zəmin yaradıb. Belə ki, seçkiləri izləmək niyyətində olan aktiv seçki hüququna malik hər bir şəxs hazır formanı doldurub, iki fotoşəkil əlavə etməklə MSK və ya dairə seçki komissiyalarına müraciət edib, sərbəst və maneəsiz şəkildə akkreditasiyadan keçərək, seçkiləri müşahidə etmək hüququ əldə ediblər.

Seçkiləri izləmək üçün ümumilikdə 58175 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçmiş 1969 yerli müşahidəçidən 1252 nəfər qeyri-hökumət təşkilatları, 234 nəfər siyasi partiyalar, 115 nəfəri prezidentliyə namizədlər tərəfindən, 367 nəfər öz təşəbbüsü ilə seçkilərə qatılıb, 1 nəfər isə xüsusi icazə alaraq MSK-nın iclaslarında iştirak etmək hüququ əldə edib. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub. Bu qəbildən olan müşahidəçilərin sayı isə 56206 olub ki, bunlardan da 30890 nəfər 12 siyasi partiyanı, 2789 nəfər 64 QHT-ni, 4357 nəfər prezidentliyə namizədləri, 4611 nəfəri seçicilərin təşəbbüs qrupunu təmsil edib, 13559 nəfər isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsi prosesinə qatılıblar.

Müşahidə prosesinə 61 beynəlxalq (xarici) təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi də qatılıb. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunub. Bundan başqa yerli və beynəlxalq müşahidəçilərə "Seçki günü üçün yaddaş kitabçası”, həmçinin beynəlxalq müşahidəçilərə ingilis və rus dilində Seçki Məcəlləsi və "Müşahidəçilər üçün yaddaş” kitabçası təqdim edilib. MSK-nın iclaslarından və həyata keçirdiyi bütün tədbirlərdən əvvəl KİV nümayəndələri ilə yanaşı, respublikadakı beynəlxalq (xarici) müşahidə missiyaları, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər də məlumatlandırılaraq dəvət ediliblər.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ("Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət edib və Komissiya üzvlərinin müzakirəsindən sonra həmin təşkilatlar qeydiyyatdan keçirilib.

Prezident seçkiləri elan olunduqdan sonra namizəd qismində iştirak etmək niyyətində olan şəxslər həm siyasi partiyaların təşəbbüsü ilə, həm öz təşəbbüsləri ilə, həm də seçicilərin təşəbbüs qrupları tərəfindən müvafiq sənədləri MSK-ya təqdim ediblər. Ümumilikdə 15 iddiaçı (8-i siyasi partiyalar tərəfindən, 6-sı öz təşəbbüsü ilə, 1-i isə seçicilərin təşəbbüs qrupu tərəfindən) namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri MSK-ya təqdim edib, onların hamısının namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş 15 iddiaçıdan 5-i imza vərəqələrini ümumiyyətlə geri qaytarmayıb. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarmış 10 nəfərdən 8-nin namizədliyi qeydə alınıb. 2 nəfərin namizədliyinin isə kifayət qədər etibarlı imza təqdim etmədiyi üçün qeydə alınması mümkün olmayıb. Qeydə alınmış 8 namizədin 6-nın namizədliyi siyasi partiyalar tərəfindən, 1-i öz təşəbbüsü ilə, 1-nin namizədliyi isə seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Qeyd etmək lazımdır ki, namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq olub. Belə ki, siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri istənilən an proseslə tanışlıq imkanına malik olub, onlar yoxlamaya dəvət edilib, bütün prosesləri birbaşa izləyib və sənədlərlə yaxından tanış olublar.

Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlayıb. Bununla əlaqədar MSK namizədlər üçün bərabər şəraitin yaradılması məqsədi ilə bir sıra addımlar atıb ki, bu da eyni imkanlı seçkiqabağı təşviqatın təminatına yönəlib. Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədi ilə MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülüb, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradılıb. Belə ki, MSK-nın qərarı ilə İTV-də Seçki Məcəlləsində nəzərdə tutulandan 2 dəfə artıq, həftəlik 6 saat olmaqla namizədlərin öz seçki ismarışlarını seçicilərinə çatdırması üçün ödənişsiz efir vaxtı ayrılıb. Qeydə alınmış namizədlərin və namizədləri qeydə alınmış siyasi partiyaların MSK-ya müraciətləri nəzərə alınıb və onların təşəbbüs və istəklərinə uyğun olaraq hər bir efir vaxtı üçün ayrıca mövzular müəyyənləşib, ödənişsiz efir vaxtı həm İctimai televiziyada, həm də İctimai radioda namizədlərin arzusuna əsasən onların öz seçkiqabağı təşviqatlarını effektiv aparmaları üçün həftənin əlverişli günlərinə və seçicilər üçün daha baxımlı vaxta təyin edilib. Namizədlərin azad seçkiqabağı təşviqatı üçün "Azərbaycan” qəzeti, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzetlərində ödənişsiz əsaslarla dərc üçün yer də ayrılıb, habelə 34 KİV-də ödənişli efir vaxtı və dərc imkanları yaradılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində təşviqat subyektlərinin seçicilərlə görüşləri üçün respublikanın şəhər və rayonlarında 84-ü açıq, 84-ü qapalı olmaqla, ümumilikdə 168 daimi görüş yeri ayrılıb. Prezidentliyə namizədlər daimi görüş yerləri ilə yanaşı, Seçki Məcəlləsi ilə müəyyən edilmiş digər müvafiq yerlərdən də istifadə edərək öz seçicilərinə sərbəst şəkildə seçkiqabağı platformalarını sərgiləyiblər. O cümlədən, seçkiqabağı təşviqat kampaniyası dövründə plakatların və başqa çap materiallarının yerləşdirilməsi üçün digər yerlərlə yanaşı, məhz bu məqsədlə quraşdırılmış on mindən çox xüsusi məlumat lövhələri təşviqat subyektlərinin ixtiyarına verilib. Martın 19-dan start verilən təşviqat kampaniyası sivil və müasir tələblərə cavab verən şəraitdə keçib və aprelin 10-u saat 8:00-da başa çatıb.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, prezidentliyə qeydə alınmış namizədlər seçki fondlarının gəlir və xərclərinin maliyyə hesabatlarını MSK-ya təqdim ediblər. Hesabatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.

Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi məqsədi ilə MSK lazım olan zəruri addımları atıb və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırıb. Seçki kampaniyası ərzində MSK-nın 16 iclası keçirilib və bu iclaslarda 90 qərar qəbul edilib. Mahiyyət etibarilə bu müddət ərzində qəbul edilən qərarlar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin edilməsi, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində ekspert qrupunun yaradılması, prezidentliyə 15 iddiaçının irəli sürülmüş namizədliyinin təsdiq olunması, namizədlərin səlahiyyətli nümayəndələrinin qeydə alınması, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkili, bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibi, seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı, prezidentliyə namizədlərin qeydə alınması, bildirişlərin və seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiqi, ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədi ilə müvafiq seçki dairələrinin müəyyən edilməsi, ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü üçün püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi, püşkatmanın keçirilməsi, nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi, vəkil edilmiş şəxslərin qeydə alınması, exit-poll keçirmək üçün müraciət edən qurumların qeydə alınması, seçki məntəqələrində veb-kameralardan istifadə edilməsi, Prezident seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi, dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və bir sıra iclas protokollarının təsdiqi məsələlərinə aid olub.

MSK-nın əsas fəaliyyət istiqamətlərindən biri olan beynəlxalq və xarici qurumlarla mütəmadi əməkdaşlıq çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilir, görüşlər keçirilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır. Prezident seçkiləri ərəfəsində MSK sədrinin ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Rusiya Federal Şurası və Avstraliya Parlamentinin nümayəndə heyətləri, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Rumıniya, Moldova, Özbəkistan və s. digər xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri və təmsilçiləri ilə MSK-da görüşləri keçirilib, Prezident seçkiləri ilə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, MSK-nın digər təmsilçiləri də beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçirib, həmçinin maarifləndirmə məqsədi ilə müraciət edən yerli və beynəlxalq QHT-lərlə də əməkdaşlıq edib və lazımi dəstək göstəriblər.

Beynəlxalq əlaqələr çərçivəsində MSK təmsilçiləri vaxtaşırı xarici ölkələrdə keçirilən seçkilərdə müxtəlif beynəlxalq müşahidə missiyalarının tərkibində beynəlxalq müşahidəçi qismində yaxından iştirak edib, həmçinin beynəlxalq konfrans, simpozium, seminar və digər bu səpkili tədbirlərə də qatılaraq təqdimatlarla çıxışlar edib və ünvanlanmış sualları cavablandırıblar.

MSK Prezident seçkilərinə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarının təchizatı ilə bağlı müvafiq monitorinq aparıb və bu istiqamətdə də lazımi addımlar atıb. Belə ki, aşağı seçki komissiyaları lazımi çap materialları, seçki günü istifadə olunması üçün seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər və onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması üçün xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirilib.

Azərbaycanda keçirilən seçkilərdə bütün seçici qrupları ilə yanaşı görmə, eşitmə və hərəkət qabiliyyəti məhdud olan seçicilərin də seçki prosesində sərbəst iştirakının təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilir ki, bütün bunlar da bu qəbildən olan seçicilərin cəmiyyətə fəal inteqrasiyası və onların cəmiyyətin digər təbəqələri ilə bərabər imkanlar əldə etməsinə hədəflənib.

2018-ci il Prezident seçkilərində gözdən əlil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü azad və sərbəst şəkildə istədikləri namizədə səs veriblər. Qeyd edək ki, bu praktika Azərbaycanda keçirilən seçkilərdə 2003-cü ildən tətbiq olunur.

Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədi ilə MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində hazırlanmış alt yazılı videoklipdə bütün səsvermə prosedurları geniş izah olunub və bu layihə eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsinə də əhəmiyyətli töhfə verib.

Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunub. Respublika üzrə müvafiq qurumlarla birlikdə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, seçki məntəqələri bu qəbildən olan seçicilər üçün də əlverişli hala gətirilib.

Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən, seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən səsvermə otağına gələ bilməyən seçicilərin daşınan seçki qutusu ilə səs vermələri də təmin olunur.

Seçki bülletenlərinin forması və sayı MSK tərəfindən təsdiq edilib, martın 24-dən etibarən bülletenlərin çapına başlanılıb və ümumilikdə 5347803 seçki bülleteni qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap olunaraq dairə seçki komissiyalarına, ordan isə məntəqə seçki komissiyalarına təqdim olunub. Çap məhsulları sırasına dairə və məntəqə seçki komissiyaları üçün protokollar da daxildir ki, bunlar da Seçki Məcəlləsinin tələbinə uyğun çap olunaraq aşağı seçki komissiyalarına çatdırılıb. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə verilməsi üçün yekun protokolların nümunəsinin də kifayət qədər nüsxəsi məntəqə seçki komissiyalarına verilib.

Prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması üçün xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərdə və konsul idarələrində yaradılmış 41 seçki məntəqəsi də MSK-nın Xarici İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığı nəticəsində zəruri seçki sənədləri və digər avadanlıqlarla təchiz olunaraq seçki günü üçün tam hazır vəziyyətə gətirilib. Komissiyanın qərarı ilə Prezident seçkilərində ölkə hüdudlarından kənarda səsvermənin təşkil edilməsi üçün yaradılmış məntəqələrdə qeydiyyatda olan seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Səsvermə günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Prezident seçkilərində də şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədi ilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından seçkilərlə bağlı müxtəlif məlumatların daha operativ, asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin olunması üçün "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yenilənmiş texniki və proqram təminatı daha da təkmilləşdirilib, müvafiq məlumat bazaları bir daha nəzərdən keçirilib. Seçici siyahılarının daha operativ qəbul olunub işlənilməsi və çapı, seçici siyahılarında müvafiq parametrlər üzrə təftiş aparılmasını həyata keçirən proqram təminatı daha da təkmilləşdirilib. Təkmilləşdirilmiş xüsusi proqram modulları seçici siyahılarında orfoqrafik səhvlərin yoxlanılması, təkrarların aşkarlanması, oxşar məlumatların araşdırılması və texniki səhvlərin aradan qaldırılmasına, eləcə də digər xarakterli təhlil və müqayisələrin həyata keçirilməsinə imkan verib. MSK ilə dairə seçki komissiyaları arasında yaradılmış və ölkə ərazisini əhatə edən optik şəbəkə aşağı seçki komissiyaları ilə məlumat mübadiləsinin daha operativ və asan həll olunmasını təmin edib.

Seçki günü – aprelin 11-də saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanıb və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə ediblər. Gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsi ilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlayıb, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak ediblər. Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan 4 saat sonra – saat 23:00-da ölkə üzrə 5641 seçki məntəqəsinin 3675-dən (65,15%), bundan 2 saat sonra gecəyarısı saat 01:00-da 5201 seçki məntəqəsindən (92,20%), aprelin 12-si saat 12:00-da isə bütün seçki məntəqələrindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri tam şəkildə ictimaiyyətin diqqətinə çatdırılıb.

Prezident seçkiləri elan olunduqdan dərhal sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin obyektiv, qərəzsiz və operativ araşdırılması məqsədilə Seçki Məcəlləsinə və MSK-nın Avropa Şurası Venesiya Komissiyası ilə birgə işləyib hazırladığı Təlimata əsasən MSK üzvlərindən və peşəkar hüquqşünaslardan ibarət Ekspert qrupu yaradılıb. Ekspert qrupları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə dairə seçki komissiyalarında da yaradılıb. Qeyd etmək lazımdır ki, istər seçkilərin hazırlanması dövründə, istərsə də seçki günü və ondan sonrakı dövrlərdə MSK-ya və aşağı seçki komissiyalarına hər hansı bir şikayət və ya müraciət daxil olmayıb. Səsvermə günü MSK-nın 115 saylı qaynar xəttinə və elektron qaynar xətlərə seçicilərin adlarının siyahılarda olub-olmamasının dəqiqləşdirilməsi, seçki məntəqələrinin ünvanı və digər bu kimi məsələlərlə bağlı daxil olmuş təqribən üç yüz sorğu xarakterli müraciətə isə dərhal reaksiya verilib və operativ şəkildə lazımi addımlar atılıb.

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş qaydada səsvermə günündən sonra 2 gün müddətində ona əlavə edilməli olan sənədlərlə birlikdə MSK-ya təqdim edilib və həmin sənədlər, eləcə də digər aidiyyəti materiallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə tam, hərtərəfli və obyektiv surətdə yoxlanılıb.

2018-ci il aprelin 15-də MSK-nın iclasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulub, səsvermənin ümumi yekunlarına dair MSK-nın protokolu tərtib olunub, Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsinə qərar verilib. Komissiya, həmçinin seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən 4 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və 2 seçki məntəqəsinin məntəqə seçki komissiyasının tam tərkibdə buraxılmasına qərar verib.

Komissiyanın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilib və seçki prosesi boyunca istifadəçilər internet səhifəsinə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə ediblər.Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə MSK-nın qərarları və məlumatlar iclasdan dərhal sonra Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilib. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, qeydə alınmış namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar internet səhifəsində yerləşdirilib. Qeyd etmək lazımdır ki, təkcə səsvermə günü MSK-nın internet səhifəsinə 220000-dən yuxarı baxış olub.Komissiyanın sosial şəbəkələrdəki səhifəsi də seçki kampaniyası boyunca istifadəçilərin ixtiyarında olub və məlumatlar mütəmadi olaraq bu səhifələrdə də yerləşdirilib.