.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » » Hesabat-2016




AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Ümumxalq səsverməsi (referendum) - 2016

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendum rəsmən elan olunduqdan sonra – iyulun 27-də Mərkəzi Seçki Komissiyasının qərarı ilə Təqvim Planı təsdiq edilib və nəzərdə tutulan bütün layihələr və tədbirlər Təqvim Planına uyğun reallaşdırılıb.

Ümumxalq səsverməsinin (referendumun) azad, ədalətli və şəffaf keçirilməsi üçün refendum prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, referendum subyektlərinin maarifləndirilməsi, referendum üzrə təşviqat qruplarının yaradılması və qeydə alınması, bərabər şərtlərə əsaslanan referendumqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi və Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün digər vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılıb.

Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası hələ 2016-cı ilin əvvəllərindən etibarən bir sıra genişmiqyaslı layihələrə başlayıb. Belə ki, Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi cari il də yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülüb və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan daxil olmuş statistik göstəricilərlə müqayisəli şəkildə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib. Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dürüstləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib.

Məlumdur ki, respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divarlardan asılmaqla yanaşı, həmçinin 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində də yerləşdirilib. Hər bir seçici bu səhifədə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemindən istifadə etməklə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairə haqqında məlumat) dəqiqləşdirə bilib. Seçicilər həmçinin, səs verdikləri məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat marşrutları barədə lazımi məlumatlarla tanış olma imkanı əldə ediblər. Seçicilərin öz məlumatlarını yoxlamaları və aşkar olunan yanlışlıqların aradan qaldırılması ilə bağlı MSK-nın 115 nömrəli qaynar xətti, eləcə də internet səhifəsindəki müvafiq "on-line” xidmət bütün proses boyunca seçicilərin ixtiyarında olub. Bu vasitələrlə daxil olmuş məlumatlar da bir daha nəzərdən keçirilib və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilib. Dairə seçki komissiyaları da bütün dəqiqləşdirmə prosesi boyunca seçicilərin öz adlarını siyahılarda yoxlamaları üçün seçicilərin üzünə açıq olub.

Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki (referendum) ili və məhdud müddət ərzində deyil, ümumilikdə, il boyu müvafiq qurumlarla (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələri və vətəndaşların qeydiyyatını aparan digər qurumlarla) əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilib və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumatlar operativ şəkildə DSK-lar tərəfindən toplanılaraq siyahılarda nəzərə alınır.

Seçici siyahıları da daxil olmaqla seçki məsələlərilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə ümumxalq səsverməsi elan olunduğu gündən proseslərə tam yekun vurulanadək ümumilikdə 551 müraciət daxil olub və bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görülüb. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər edilməsi, hüquqi məsələlər və s. barədə olub. Seçicilər siyahılarda öz məlumatlarını tapmadıqda MSK-nın internet səhifəsində yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla, eləcə də struktur bölmələrinin elektron poçt ünvanları vasitəsilə müraciətlərini Komissiyaya göndərib və bu qəbildən olan müraciətlər də yerli seçki komissiyaları ilə əlaqəli şəkildə dəqiqləşdirilərək müvafiq addımlar atılıb. Qaynar xətlərə seçkilərlə bağlı digər xarakterli sorğularla müraciət edən vətəndaşların sualları da ətraflı şəkildə cavablandırılıb.

Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, bu sərf edilən böyük zəhmət və gərgin əmək sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqları maksimum şəkildə təmin olunub.

Müxtəlif statuslu referendum subyektlərinin maarifləndirilməsi ümumxalq səsverməsi dövründə MSK üçün əsas prioritet məsələlərdən olub. Referendum elan olunduğu vaxtdan etibarən səsvermə gününədək maarifləndirmə istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib.

Məlum olduğu kimi uzun illərdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı maarifləndirmə ilə bağlı bir sıra layihələrin hazırlanıb həyata keçirilməsində MSK üçün əsas istiqamətverici sənədlərdən birinə çevrilib və sözügedən sənədə əsasən dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün mütəmadi şəkildə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir. Referendum ərəfəsində də dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün 2 mərhələdən ibarət irimiqyaslı layihə icra olunub. Birinci mərhələ çərçivəsində avqustun 18-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Tədbir ərzində respublikanın bir sıra ali dövlət qurumlarının - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin rəhbər şəxsləri, eləcə də MSK üzvləri və Katibliyin əməkdaşları müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış edib. Tədris proqramına referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri, referendum prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri, referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, referendum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri, referendumda iştirak hüquqlarının məhkəmə müdafiəsi, seçki və referendum prosesində şikayətlər və onlara baxılması təcrübəsi, Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsinə dair tələblər, səsvermə prosesi başa çatdıqdan sonra DSK və MnSK-ların üzərinə düşən əsas vəzifələr, Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan istifadə qaydaları, DSK və MnSK-larda kargüzarlığın təşkili və s. kimi mövzular daxil edilib, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər (referendumlar) və "öyrənilmiş dərslər” nəzərdən keçirilib. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları alıblar.

Layihənin ikinci mərhələsində seçki dairələri üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 22-24 avqust tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Üçgünlük kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 40-60 nəfər arasında dəyişib ki, bu da aşağı seçki komissiyalarının təmsilçilərinə məşğələlər zamanı daha fəal olmaq və onları maraqlandıran suallara cavab almaq imkanı yaradıb. Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, referendum sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılıb. Ümumilikdə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə edib və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri referendum prosesi haqqında hərtərəfli informasiya əldə ediblər. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu kursların gedişi KİV-lər tərəfindən ətraflı işıqlandırılıb və ictimaiyyətə geniş məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə avqustun 31-də Bakı şəhərində "Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda geniş seminar-müşavirə keçirilib. Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri və digər təmsilçiləri üçün gerçəkləşdirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Mətbuat Şurasının və Milli Televiziya və Radio Şurasının rəhbər şəxsləri, eləcə də MSK üzvləri giriş nitqi və məruzələrlə çıxış ediblər. MSK üzvlərinin, MSK Katibliyinin və Mətbuat Şurasının əməkdaşlarının da qatıldığı seminar-müşavirə kütləvi informasiya vasitələri tərəfindən geniş işəqlandırılıb, tədbir zamanı iştirakçılara "Referendumqabağı təşviqata dair ümumi tələblər, referendumqabağı təşviqat subyektləri, ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifələr” mövzusunda məruzə oxunub, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması MSK üçün daim əsas prioritet məsələlərdəndir. Bu məqsədlə 2002-ci ildən etibarən aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən də istifadə olunmaqla geniş treninqlər keçirilir. İlbəil layihə üzərində aparılan təkmilləşdirmələrdən sonra 2008-ci ildən etibarən MSK-nın Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün hazırladığı 2 yerli trener o zamandan bəri dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. 2016-cı ildə də referendumla əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi gerçəkləşdirilib. Birinci mərhələ çərçivəsində 1, 2, 3 və 5 sentyabr tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən "Trenerlər üçün Treninq” keçirilib. Bu treninqlər zamanı 125 seçki dairəsindən olan 250 yerli trener referendumda səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla səsvermə günü prosedurları barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı səsvermə günü ortaya çıxa biləcək hallar əhatə olunub.

Referendumda treninqlərin gündəliyinə xüsusi əhəmiyyət kəsb edən yeni bir mövzu da əlavə olunub. Belə ki, səsvermə bülletenindəki referenduma çıxarılan hissələrin hər biri üzrə səslərin sayılmasının sadələşdirilməsi, məntəqə seçki komissiyalarının üzvlərinə səslərin dəqiq və daha asan sayılma imkanının təmin edilməsi məqsədilə MSK tərəfindən hazırlanmış trafaretdən istifadə qaydalarının izahına treninqlərdə geniş yer verilib. Trafaretin səsvermə bülleteninin üzərinə qoyulması, trafaretdəki zolaqların bülletendəki hissələr üzrə tənzimlənməsi və bərkidilməsi, səsvermə bülletenində seçicilər tərəfindən qoyulmuş işarələrə uyğun olaraq trafaretdəki müvafiq boş xanalarda şərti qeydlərin aparılması və sonda trafaretdəki xanalarda qoyulmuş işarələri saymaqla səslərin cəminin müəyyənləşdirilməsi nümunə səsvermə bülletenləri və trafaretlərdən də istifadə edilməklə, məşğələlər şəklində ən xırda detalları ilə trenerlərin diqqətinə çatdırılıb. Tədbir zamanı iştirakçılara həmçinin, MSK tərəfindən hazırlanmış və sözügedən trafaretdən istifadə qaydalarının aydın şəkildə izah edildiyi video çarx da nümayiş etdirilib.

Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK-nın Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim edib. Aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsi sentyabrın 12-dən etibarən başlanılıb və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 35-40 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilib və seçki dairələri üzrə məntəqələrin sayına müvafiq olaraq təqribən 10 gün davam edib. Treninqlər çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərinə praktiki məşğələlər keçirilib, səsvermə günü səslərin sayılmasında xüsusi trafaretdən istifadə qaydaları əyani şəkildə izah edilib və iştirakçılara trafaretdən istifadə qaydaları ilə bağlı xüsusi video roliki nümayiş etdirilərək proses barədə onların ətraflı məlumat əldə etmələri təmin olunub. Treninqlər zamanı hər bir MnSK üzvünə "Səsvermə üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, trafaret nümunəsi və bir sıra digər sənəd nümunələri də təqdim olunub. Bütünlükdə bu treninqlər 32000-dən artıq komissiya üzvünü əhatə edib.

Ölkə hüdudlarından kənarda ümumxalq səsverməsinin təşkili ilə əlaqədar sentyabrın 2-də Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə seminar keçirib. Tədbirdə ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların ümumxalq səsverməsində (referendumda) iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə və konsul idarələrində yaradılmış seçki məntəqələrində səsvermənin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib. Seminarda MSK Katibliyinin rəhbərliyi və əməkdaşları, Xarici İşlər Nazirliyinin rəsmiləri və xarici ölkələrdə səsvermənin təşkili ilə əlaqədar aidiyyatı struktur bölmələrinin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri iştirak edib. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə iştirakçılara seçki məntəqələrinin təşkil olunması, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, referendum prosesində aşkarlıq və şəffaflıq, səsvermə günü prosedurları və prosesdə müstəsna hallar, səslərin hesablanması və nəticələrin müəyyən olunaraq dairə seçki komissiyasına göndərilməsi və s. məsələlər əyani şəkildə ətraflı izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.

MSK referendum subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin referendum prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə 5-15 sentyabr tarixlərində paytaxt Bakıda və bölgələrdə (Gəncə, Şirvan və Şəki) seminar-müşavirələr keçirib. Referendum prosesində polisin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin icrasının daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə MSK üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin məsul şəxsləri tərəfindən təqdimatlar aparılıb. Həmçinin tədbir iştirakçılarına MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanmış "Polis əməkdaşlarının referendumda iştirakına dair Yaddaş Kitabçası” təqdim edilib.

Sentyabrın 7-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları üçün MSK Katibliyinin əməkdaşı tərəfindən treninq keçirilib. Treninqdə referendumun keçirilməsi ilə əlaqədar MSK tərəfindən görülmüş işlər, nəzərdə tutulmuş layihələr, həmçinin səsvermənin təşkili, yerli və beynəlxalq müşahidəçilər və onların hüquq və vəzifələri, kütləvi informasiya vasitələri nümayəndələrinin ümumxalq səsverməsində iştirakı və s. məsələlər ətraflı şəkildə izah olunub, müzakirə prosesində yaranmış suallar cavablandırılıb.

Ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar digər bir maarifləndirmə tədbiri də Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı ilə sentyabrın 8-də MSK-nın inzibati binasında keçirilib. Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair məsələlərə həsr olunan seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK Katibliyinin əməkdaşları iştirak edib. Tədbirdə səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri, səsvermə prosedurları və s. barədə məruzələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Referendumla bağlı digər bir maarifləndirmə tədbirləri sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində keçirilib. Referendum zamanı qapalı müəssisələrdə səsvermənin təşkili ilə bağlı keçirilən seminar-məşğələdə sözügedən qurumun əməkdaşlarına MSK təmsilçiləri tərəfindən hərtərəfli məlumat verilib və səsvermə günü prosedurları əhatəli şəkildə izah edilib.

Səsvermə günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Şəbəkədən və müvafiq proqram təminatından düzgün istifadə ilə bağlı mütəxəssislərin lazımi bilik və bacarıqlar əldə etməsi üçün 15-17 sentyabr tarixlərində MSK-da dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün praktiki seminarlar keçirilib. Tədbirdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə səsvermə günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər” İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş şəbəkə variantı, sistemdə aparılan əlavə təkmilləşdirmələr və yeni imkanlar barədə praktiki məlumatlar verilib, xüsusi proqram modullarından test rejimində istifadə də edilib, əyani formada istifadə qaydaları öyrədilib, eləcə də onları maraqlandıran suallara aydınlıq gətirilib. Bütün bunlar isə kompüter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıraraq səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edib.

MSK ümumxalq səsverməsi (referendum) təyin edildikdən sonra referendumun hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib. Qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, referendum subyektlərinə metodiki yardım göstərilməsi və onların referendum prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə hazırlanmış Təqvim planı çap olunub, eyni zamanda Azərbaycan və ingilis dillərində hazırlanaraq bütün referendum subyektlərinin asanlıqla əldə etmələrindən ötrü MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

MSK referendum subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərini səsvermə günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaq məqsədilə "Səsvermə günü üçün Yaddaş” kitabçası nəşr etdirib. Kitabçada səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, məntəqənin açılması, səsvermə saatlarında tədbirlər, məntəqənin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunub. Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanan Yaddaş kitabçası internet səhifəsində yerləşdirilməklə bərabər, referendum subyektlərinə çatdırılması üçün aidiyyəti üzrə paylanılıb.
Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar müşahidəçilərin maarifləndirilməsi məqsədilə "Müşahidəçilər üçün yaddaş” kitabçası da dərc edilib. Nəşrdə müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olunub, internet səhifəsində yerləşdirilib və beynəlxalq müşahidəçilərə çatdırılması üçün müvafiq qurumlara, eləcə də yerli müşahidəçilərə paylanması məqsədilə DSK-lara, referendum üzrə təşviqat qruplarına, siyasi partiyalara və müraciət etmiş digər təşkilatlara təqdim olunub.

MSK müxtəlif referendum subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Polis əməkdaşlarının referendumda iştirakına dair yaddaş kitabçası” da hazırlayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış nəşrdə polis əməkdaşlarının referendumqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi referendum sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib. Yaddaş kitabçası polis əməkdaşlarına çatıdırılması üçün aidiyyəti qurumlara və aşağı seçki komissiyalarına paylanılıb.

MSK tərəfindən həyata keçirilən maarifləndirmə proqramının mühüm hədəflərindən biri də seçicilərdir. Ümumxalq səsverməsi elan olunduqdan dərhal sonra MSK ilk növbədə seçicilərin referenduma çıxarılan məsələlərlə tanış edilməsi məqsədilə geniş və əhatəli kampaniya həyata keçirib. Belə ki, həm Referendum Aktının layihəsi, həm də bu akt əsasında MSK tərəfindən xüsusi hazırlanaraq referenduma çıxarılan məsələləri aydın şəkildə nümayiş etdirən və Konstitusiyaya təklif olunan dəyişiklərin hazırkı mətnlə müqayisəli şəkildə yer aldığı Müqayisəli Təqdimat səsvermə gününə 45 gün qalmış hər bir ailəyə çatdırılması nəzərdə tutulmaqla kütləvi şəkildə çap edilib və çatdırılıb, eyni zamanda seçki məntəqələrinin ərazilərində insanların sıx olduğu yerlərdə quraşdırılmış çoxsaylı məlumat lövhələrində, səsvermə məntəqələrində, habelə referendum günü səsvermə kabinələrində asılıb.

Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, referendumla əlaqədar səsvermə proseduru, eləcə də çağırış məqsədilə MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb və kütləvi informasiya vasitələri ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Həmçinin "Adınızı seçici siyahısında yoxlayın”, "Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, "Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115”, "Seçici siyahıları internetdə” və digər mövzuları əhatə edən 42 adda geniş tirajlı məlumatlandırma və çağırış plakatı hazırlanıb və əhalinin xüsusilə sıx olduğu yerlərdə nümayiş etdirilib. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçiciləri səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı haqqında, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçicilərin sayına uyğun çap edilərək seçicilərə paylanılıb. MSK tərəfindən müxtəlif istiqamətlərdə maarifləndirmə səpkili yeddi video və audio çarx, eləcə də Referendum Aktının müqayisəli təqdimatına həsr olunmuş video rolik də respublikada fəaliyyət göstərən televiziya və radio kanallarında, eyni zamanda müxtəlif yerlərdə quraşdırılmış böyük monitorlarda mütəmadi şəkildə nümayiş etdirilərək seçicilərin məlumatının artırılmasında mühüm rol oynayıb.

Seçki praktikasının təkmilləşdirilməsi, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün hüquqi bazanın yaradılması xüsusi əhəmiyyət kəsb edir. Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki subyektlərinin maarifləndirilməsində mühüm rolu olan hüquqi-metodiki vəsaitlərin çapı ümumxalq səsverməsində (referendumda) də diqqət mərkəzində saxlanılıb. Seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, referendumda iştirak hüquqları üzrə biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün müvafiq dəyişikliklər edilərək MSK tərəfindən qəbul olunmuş təlimat, izah və qaydalar 4 toplu şəklində nəşr edilib və aşağı seçki komissiyalarına çatdırılıb.

İctimaiyyətin məlumatlandırılması MSK üçün daim mühüm əhəmiyyət kəsb edib. Ümumxalq səsverməsini (referendumu) nəzərə alaraq, MSK iyul ayının sonlarından etibarən KİV-lə əlaqələrini daha da intensivləşdirib. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın fəaliyyəti hər zaman olduğu kimi, KİV üçün tam açıq olub. MSK-nın iclaslarının vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılıblar. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunub və lazımi məlumatları əldə ediblər. Ölkə ictimaiyyətinin referendumun hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə referendum elan olunduğu gündən MSK tərəfindən müxtəlif aktual mövzuları əhatə edən brifinqlər keçirilib, referendumla bağlı reallaşdırılan bütün layihələr barədə respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə məlumatlar çatdırılıb, məlumat bülletenləri və məqalələr dərc olunub. MSK sədri, Komissiya üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşlarının respublikada fəaliyyət göstərən televiziyalar üçün 60-dan artıq brifinqi keçirilib və onlar öz açıqlamalarında həyata keçirilən son layihələr, referenduma hazırlıq istiqamətində görülən işlərlə bağlı ictimaiyyətə məlumat verilib və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Referendum elan olunduğu gündən komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda 900-dən çox müxtəlif xarakterli material dərc olunub. Əlavə olaraq KİV-də MSK sədrinin, Komissiya üzvlərinin, eləcə də Katiblik rəsmilərinin 89 açıqlaması əks olunub. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə və qəbul olunmuş sənədlərə geniş yer ayırıb. Mətbuat vasitələrində MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunub, həmçinin Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc edilib və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Ümumilikdə MSK tərəfindən həyata keçirilmiş tədbirlər KİV tərəfindən mütəmadi qaydada işıqlandırılıb.

MSK təmsilçilərinin mətbuat səhifələrindəki məqalələri və müsahibələri də seçicilərin ümumxalq səsverməsi (referendum) ilə bağlı biliklərinin artırılmasına hədəflənən layihələrdəndir. Referendum elan olunduğu iyul ayından başlayaraq İctimai televiziyada həftədə bir dəfə, tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən "Xalqın səsi” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katiblik rəsmilərinin ümumxalq səsverməsi ilə bağlı müxtəlif mövzularda çıxışları olub. Bundan başqa "Azərbaycan” qəzetində Komissiya üzvləri və Katiblik rəsmilərinin referendumla bağlı müxtəlif aktual mövzulara həsr olunmuş maarifləndirmə xarakterli 7 geniş həcmli məqaləsi dərc olunub.

Aşağı seçki komissiyaları da kütləvi informasiya vasitələrində mütəmadi şəkildə çıxış edib və DSK sədrləri öz müsahibələrində seçki dairəsi çərçivəsində görülmüş işlər, yerlərdə referenduma hazırlıq prosesləri ilə bağlı seçiciləri məlumatlandırıblar.

Ümumxalq səsverməsinin (referendumun) azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır. Referendumu izləmək üçün ümumilikdə 53531 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 1097 yerli müşahidəçidən 784 nəfəri qeyri-hökumət təşkilatlarının, 111 nəfəri referendum üzrə təşviqat qruplarının təşəbbüsü əsasında, 200 nəfəri öz təşəbbüsü ilə referenduma qatılıb, 2 nəfər isə xüsusi icazə alaraq MSK-nın iclaslarında iştirak etmək hüququ əldə edib. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub. Bu qəbildən olan müşahidəçilərin sayı isə 52434 olub ki, bunlardan da 2695 nəfəri siyasi partiyaların, 1046 nəfəri QHT-lərin, 14718 nəfəri referendum üzrə təşviqat qruplarının təşəbbüsü əsasında, 33975 nəfəri isə öz təşəbbüsləri ilə referendumun müşahidəsi prosesinə qatılıblar.

Müşahidə prosesinə 18 beynəlxalq təşkilat və 33 ölkəni təmsil edən 117 beynəlxalq müşahidəçi də qatılıb. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunub. Bundan başqa yerli və beynəlxalq müşahidəçilərə "Səsvermə günü üçün yaddaş kitabçası”, həmçinin beynəlxalq müşahidəçilərə ingilis və rus dilində Seçki Məcəlləsi və "Müşahidəçilər üçün yaddaş” kitabçası, ölkənin xəritəsi və digər zəruri materiallar təqdim edilib. MSK-nın iclaslarından və həyata keçirdiyi bütün tədbirlərdən əvvəl həm KİV nümayəndələri, həm də respublikadakı beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər məlumatlandırılaraq dəvət ediliblər.

Referendumun izlənməsinə həmçinin, heç bir qeydiyyat tələb olunmadan ölkə ərazisində fəaliyyət göstərən KİV-lərlə yanaşı, 16 beynəlxalq KİV təmsilçisi də qatılıb və dünya ictimaiyyətinin referendumla bağlı məlumatlandırımasında mühüm rol oynayıb.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası (ABŞ-dan olan "AJF&Associates İnc.” təşkilatı ilə birgə), Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransadan olan "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət edib və bütün müraciətlər Komissiya üzvlərinin müzakirəsindən sonra müsbət qarşılanaraq, həmin təşkilatlar qeydiyyatdan keçirilib. Səsvermə günü sözügedən təşkilatlar tərəfindən exit-poll həyata keçirilib və bütün "exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi referendumda da davam etdirilib. Ümumxalq səsverməsində şəffaflığın təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (referendum keçirilən məntəqələrin təqribən 20%-də) veb-kamera quraşdırılıb. Bu məsələyə MSK-nın iclasında baxılaraq müvafiq qərar qəbul edilib və veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunaraq dərc edilib, eləcə də MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Sentyabrın 22-də Mərkəzi Seçki Komissiyasının və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək, veb-kameralarla bağlı son hazırlıq işləri və avadanlıqların tam hazır vəziyyətə gətirilməsi prosesi ilə tanış olublar. Səsvermə günü bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə ediblər. Referendum günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralar vasitəsilə 115000-dən çox baxış olub.

Ümumxalq səsverməsi elan edildikdən sonra referendum üzrə təşviqat qrupu yaratmaq niyyətində olan vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada təşəbbüsçülərin iştirakı ilə öz yığıncaqlarını keçirərək təşviqat qrupunun yaradılması barədə bildirişlə MSK-ya müraciət ediblər. Ümumilikdə 5 təşəbbüs qrupu ("Yeni Azərbaycan”, "Vətəndaş Cəmiyyəti”, "Bələdiyyə”, "Respublika” və "Respublikaçı-Alternativ”) referenduma qoşulmaq barədə niyyətini elan edib və bütün qruplara qeydiyyat üçün imza toplanılması məqsədilə imza vərəqələri verilib. "Respublikaçı-Alternativ” təşəbbüs qrupu imza vərəqləri də daxil olmaqla, qeydiyyat üçün tələb olunan heç bir sənədi Komissiyaya geri qaytarmayıb. "Respublika” təşviqat qrupu isə lazım olan sayda etibarlı imza təqdim edə bilmədiyi üçün qeydə alınması mümkün olmayıb. Qeydiyyatla bağlı sənədlərin qəbulu və yoxlanılması prosesi şəffaf aparılıb, təşviqat qrupları, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə digər maraqlı şəxslər proseslərdə yaxından iştiraka dəvət edilib və buna tam imkan yaradılıb. Yekunda üç təşviqat qrupu ("Yeni Azərbaycan”, "Vətəndaş Cəmiyyəti”, "Bələdiyyə”) MSK tərəfindən qeydə alınaraq, referendum prosesində iştirak etmək hüququ əldə edib. Referendum üzrə təşviqat qruplarının qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi məqsədilə MSK-ya bildiriş təqdim etmiş, imza vərəqələri götürmüş və qeydə alınmış təşviqat qrupları barədə müvafiq məlumatlar Komissiyanın internet səhifəsində yerləşdirilərək mütəmadi şəkildə ictimaiyyətin diqqətinə təqdim olunub.

Qeydiyyat mərhələsi başa çatdıqdan sonra referendumqabağı təşviqat mərhələsi başlanıb. Referendumqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülüb, təşviqat qruplarının ədalətli mübarizə aparmaları üçün referendumqabağı təşviqat prosesində qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun olaraq, hüququ olan bütün subyektlərə bərabər şərait yaradılıb. Belə ki, bütün seçki dairələrinin ərazilərini əhatə edən və seçicilərlə azad şəkildə görüşmək imkanları verən, habelə siyasi və digər mənsubiyyətindən asılı olmayaraq bütün tərəflər üçün ödənişsiz olan 256 (128-i açıq, 128-i qapalı) yer ayrılıb, hər seçki məntəqəsinin ərazisində çap materiallarının yerləşdirilməsi üçün çoxsaylı böyük ölçülü təşviqat lövhələri yerləşdirilib. Referendumqabağı təşviqata qoşulan KİV-lər tərəfindən təşviqat subyektlərinə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib və bütün təşviqat subyektləri üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. Dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya və Radio Yayımları Şirkətində və qanunvericiliyin müəyyən etdiyi dövri nəşrlərdə təşviqat hüququ olan subyektlər üçün, həmçinin, ödənişsiz təşviqat imkanları təklif edilib.

Ümumxalq səsverməsinin (referendumun) azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə MSK lazım olan zəruri addımları atıb və ictimaiyyəti mütəmadi olaraq referendum prosesi barədə məlumatlandırıb. Referendum kampaniyası ərzində MSK-nın 10 iclası keçirilib və bu iclaslarda 40 qərar qəbul edilib. Mahiyyət etibarilə bu müddət ərzində qəbul edilən qərarlar "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nın təsdiqi, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması, Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması, seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkili, referendum üzrə təşviqat qruplarının qeydiyyatı, referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, səlahiyyətli nümayəndə və vəkil edilmiş şəxslərin qeydə alınması, ölkə hüdudlarından kənarda səs verən seçicilərin səsverməsinin təşkili, "exit-poll” keçirmək niyyətində olan təşkilatların qeydə alınması, seçki məntəqələrində veb-kameraların quraşdırılması, ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və nəticələrin elan olunması, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi kimi məsələlərə aid olub.

MSK-nın əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Mütəmadi şəkildə bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilir, görüşlər keçirilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır. Səsvermə gününə bir neçə gün qalmış MSK sədrinin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri, Avstraliya Parlamentinin nümayəndə heyəti, ATƏT/DTİHB-nin direktoru, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Avropa Xalq Partiyasından olan beynəlxalq müşahidəçilərlə və digərləri ilə Mərkəzi Seçki Komissiyasında görüşləri keçirilib, referendumla bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa MSK-nın digər təmsilçiləri də beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçiriblər.

İlbəil genişlənən beynəlxalq əlaqələr çərçivəsində MSK təmsilçiləri vaxtaşırı xarici ölkələrdə keçirilən seçkilərdə (referendumda) müxtəlif beynəlxalq müşahidə missiyalarının tərkibində də beynəlxalq müşahidəçi qismində yaxından iştirak edib, həmçinin beynəlxalq konfrans, simpozium, seminar və digər bu səpkili tərbirlərə də qatılaraq təqdimatlarla çıxışlar edib və ünvanlanmış sualları cavablandırıblar.

Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla geniş monitorinq həyata keçirilib, dairə və məntəqə seçki komissiyalarının ehtiyacları müəyyənləşdirilib və aşağı seçki komissiyalarının təchizatı istiqamətində lazımi addımları atılıb. Belə ki, aşağı seçki komissiyaları lazımi çap materialları, səsvermə günü istifadə olunması məqsədilə daşınan və daşınmaz səsvermə qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər, onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması üçün xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təchiz olunub və həm məntəqə, həm də dairə seçki komissiyaları səsvermə gününə hazır vəziyyətə gətiriliblər.

Səsvermə bülletenlərinin forması və sayı MSK tərəfindən təsdiq edilib, avqustun 8-dən etibarən səsvermə bülletenlərinin çapına başlanılıb və ümumilikdə 5280924 səsvermə bülleteni qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olunaraq dairə seçki komissiyalarına, ordan isə məntəqə seçki komissiyalarına təqdim olunub. Çap məhsulları sırasına dairə və məntəqə seçki komissiyaları üçün yekun protokolları da daxildir ki, bunlar da Seçki Məcəlləsinin tələbinə uyğun çap olunaraq aşağı seçki komissiyalarına çatdırılıb. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə verilməsi üçün yekun protokolların nümunəsi də hər birinə 30 nüsxə olmaqla məntəqə seçki komissiyalarına verilib.

Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması üçün xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərdə və konsul idarələrində ümumilikdə 38 seçki məntəqəsi yaradılıb. Ölkə ərazisində yerləşən digər seçki məntəqələri kimi, həmin məntəqələr də MSK-nın Xarici İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığı nəticəsində zəruri referendum sənədləri və digər avadanlıqlarla təchiz olunaraq səsvermə gününə tam hazır vəziyyətə gətiriliblər. Komissiyanın qərarı ilə referendumda ölkə hüdudlarından kənarda səsvermənin təşkil edilməsi üçün yaradılmış məntəqələrdə qeydiyyatda olan seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Səsvermə günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Ümumxalq səsverməsində də şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından referendumla bağlı müxtəlif məlumatların daha operativ, asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin olunması məqsədilə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki və proqram təminatı daha da təkmilləşdirilib və müvafiq məlumat bazaları bir daha nəzərdən keçirilib. Seçici siyahılarının daha operativ qəbul olunub işlənilməsi və çapı, seçici siyahılarında müvafiq yoxlamanın aparılmasını həyata keçirən proqram təminatı da təkmilləşdirilib. Təkmilləşdirilmiş xüsusi proqram modulları seçici siyahılarında orfoqrafik səhvlərin yoxlanılması, təkrarların aşkarlanması, oxşar məlumatların araşdırılması və texniki səhvlərin aradan qaldırılmasına, eləcə də digər xarakterli təhlil və müqayisələrin həyata keçirilməsinə imkan verib. MSK ilə dairə seçki komissiyaları arasında yaradılmış optik şəbəkə aşağı seçki komissiyaları ilə məlumat mübadiləsinin daha operativ və asan həll olunmasını təmin edib.

Səsvermə günü - sentyabrın 26-da saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanıb və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə ediblər. Gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülüb və internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlayıb, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak ediblər. Referendum günü səsvermə başa çatdıqdan təqribən 5 saat sonra ölkə üzrə seçki məntəqələrinin 70%-dən çoxundan "online” rejimdə daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə ilkin məlumatlar elan edilib, növbəti gün günün birinci yarısında isə artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları əsasında səsvermənin ilkin nəticələri tam şəkildə ictimaiyyətə çatdırılıb.

Ümumxalq səsverməsi elan olunduqdan dərhal sonra vətəndaşların səsvermə və referendumda iştirak hüquqlarının daha səmərəli təmin olunması üçün seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin obyektiv, qərəzsiz və operativ araşdırılması məqsədilə Seçki Məcəlləsinə və MSK-nın Avropa Şurası Venesiya Komissiyası ilə birgə işləyib hazırladığı Təlimata əsasən MSK üzvlərindən və peşəkar hüquqşünaslardan ibarət Ekspert qrupu yaradılıb. Təqdirəlayiq haldır ki, istər referendumun hazırlanması dövründə, istərsə də səsvermə günü və ondan sonrakı dövrlərdə MSK-ya və aşağı seçki komissiyalarına hər hansı bir şikayət və ya müraciət daxil olmayıb. Səsvermə günü yalnız 115 saylı qaynar xəttə və elektron qaynar xətlərə ümumilikdə 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub ki, bunlar da seçicilərin adlarının siyahılarda olub-olmamasının dəqiqləşdiriməsi, seçki məntəqələrinin ünvanı və digər bu kimi məsələlərlə bağlı olub.

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş qaydada səsvermə günündən sonra 2 gün müddətində ona əlavə edilməli olan sənədlərlə birlikdə MSK-ya təqdim edilib və həmin sənədlər, eləcə də digər aidiyyatı materiallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə tam, hərtərəfli və obyektiv surətdə araşdırılıb.

2016-cı il oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında ümumxalq səsverməsinə yekun vurulub, səsvermənin ümumi yekunlarına dair MSK-nın protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Komissiya həmçinin, bəzi seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının qeyri-mümkünlüyü, səsvermənin təşkilində nöqsanlara yol verilməsi və səsvermə prosedurlarına tam əməl ediməməsi halları müəyyən edildiyindən 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin tam şəkildə və 1 seçki məntəqəsi üzrə qismən etibarsız hesab edilməsinə, ümumilikdə isə 6 məntəqə seçki komissiyasının buraxılmasına qərar verib. MSK eyni zamanda digər seçki dairələri üzrə səsvermənin nəticələri düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən səsvermənin nəticələri barədə Komissiyanın Protokolunun təsdiq edilərək referenduma yekun vurulması və referendumun yekunlarının elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilməsini qərara alıb.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə və referendumla bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. MSK-nın fəaliyyəti ilə bağlı, eləcə də əvvəlki seçkilərlə bağlı məlumatlar, daxil olmuş şikayət və müraciətlərə dair Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclasdan dərhal sonra isə MSK-nın müvafiq qərarları və iclasa dair məlumat bülletenləri Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilib. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiya xarakterli proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, referendum üzrə təşviqat qrupları barədə məlumatlar, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı (referendumqabağı) təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar MSK-nın internet səhifəsində yerləşdirilib.

Ümumxalq səsverməsi ilə bağlı lazım olan bütün məlumatlar yerləşdirilən və vaxtaşırı yenilənən internet səhifəsi referendum prosesi boyunca istifadəçilərin ixtiyarında olub. Onlar internet səhifəsinə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə ediblər. Bundan başqa, MSK tərəfindən seçicilərə göstərilən 10 əsas istiqamət üzrə elektron xidmətlər MSK-nın internet səhifəsi ilə bərabər, həmçinin Elektron hökumət portalına da inteqrasiya edilib və seçicilərin istifadəsinə təqdim olunub. Qeyd etmək lazımdır ki, təkcə səsvermə günü MSK-nın internet səhifəsinə 118000-dən yuxarı baxış olub.

Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.