.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Prezident seçkiləri » Prezident seçkiləri - 11.04.2018 » Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla bağlı yaradılmış imkanlar və görülmüş işlər barədə Mərkəzi Seçki Komissiyasının məlumatı

Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla bağlı yaradılmış
imkanlar və görülmüş işlər barədə Mərkəzi Seçki Komissiyasının

M Ə L U M A T I

(6 fevral - 28 mart 2018-ci il)


Cari il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib. Seçkilərin yüksək səviyyədə təşkil edilməsi üçün MSK və aidiyyatı dövlət orqanları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələr xüsusi dəqiqliklə yerinə yetirilib. Bütövlükdə seçkilərin qanunvericiliyin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün atılan addımları bir neçə istiqamət üzrə qruplaşdırmaq olar:

Seçici siyahılarının dəqiqləşdirilməsi

Məlum olduğu kimi, vətəndaşların birbaşa Konstitusiya ilə təsbit olunmuş seçmək və seçilmək hüquqlarının təmin edilməsi, seçkilərin azad və ədalətli keçirilməsi üçün seçici siyahıları ən vacib sənədlərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. İlk növbədə məntəqə seçki komissiyalarının üzvləri öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülüb və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatının aparan digər qurumlar) daxil olmuş statistik göstəricilərlə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib. Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dəqiqləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib. Otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu belə bir əhatəli və genişmiqyaslı poses müvafiq qurumlarla sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb. Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, dəqiqləşdirmə prosesi boyunca televiziya və radio kanallarında MSK tərəfindən hazırlanmış seçicilər siyahısında adın yoxlanılması ilə bağlı video və audio kliplərin yayımlanması, həmçinin Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırıb. Qeyd etmək lazımdır ki, seçici siyahıları da daxil olmaqla, ümumilikdə seçki məsələləri ilə əlaqədar daimi fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə daxil olan bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görülüb. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər edilməsi, hüquqi məsələlər və s. barədə olub. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub.

Nomativ-hüquqi bazanın təkmilləşdirilməsi

Seçki praktikasının təkmilləşdirilməsində hüquqi bazanın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad və ədalətli keçirilməsi üçün normativ-hüquqi bazanın daha təkmil işlənib hazırlanması prosesini diqqət mərkəzində saxlayıb və bu istiqamətdə məqsədyönlü iş aparıb. Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki subyektlərinin maarifləndirilməsini həyata keçirmək, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçkilərdə iştirak hüquqları üzrə biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün müvafiq dəyişikliklər edilərək MSK tərəfindən qəbul olunmuş təlimat, izah və qaydalar da daxil olmaqla, ümumilikdə 38 normativ xarakterli sənəd 16 toplu şəklində nəşr edilib və aşağı seçki komissiyalarına paylanılıb. Bütün normativ hüquqi sənədlər həmçinin, Azərbaycan və ingilis dillərində MSK-nın internet səhifəsində yerləşdirilib.

Aşağı seçki komissiyalarının təchizatı

Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Prezident seçkilərinə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarının təchizatı ilə bağlı müvafiq monitorinq aparılıb və bu istiqamətdə lazımi addımlar atıb. Belə ki, aşağı seçki komissiyaları lazımi çap materialları, seçki günü istifadə olunması məqsədilə seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər, onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması üçün xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirilib.

Görmə və hərəkət qabiliyyəti məhdud olan seçicilər üçün imkanlar

MSK 2003-cü ildən bəri görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün seçki bülletenindəki bütün məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə edir. Bu il keçiriləcək prezident seçkilərində də bu ənənə davam etdirilir. Hər bir məntəqə seçki komissiyasının braylı əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunması nəzərdə tutulur. Gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar onlar üçün hazırlanmış xüsusi trafaretlərdən istifadə etməklə seçki günü sərbəst şəkildə istədikləri namizədə səs verəcəklər.

Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunacaq. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün əlverişli hala gətirilib. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradacaq. Ümumiyyətlə, Seçki Məcəlləsinin tələbinə əsasən Azərbaycanda keçirilən seçkilərdə seçki günü səhhətinə görə seçki məntəqəsinə gəlmək imkanı olmayan seçicilərin hər zaman daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs verməsi təmin olunub. Panduslardan istifadə edilməsi onların cəmiyyətə inteqrasiyasına, digər seçicilər kimi sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs vermələrinə imkan verəcək.

Maarifləndirmə tədbirləri

Müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi seçki prosesi boyunca MSK üçün əsas prioritetlərdən biri olub. Komissiya tərəfindən 18 istiqamətdə maarifləndirmə proqramları hazırlanıb və müxtəlif statuslu seçki prosesi iştirakçıları üçün davamlı şəkildə irimiqyaslı maarifləndirmə layihələri gerçəkləşdirilib.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün 2 mərhələli geniş layihə icra olunub. Birinci mərhələ çərçivəsində fevralın 15-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Tədbir ərzində respublikanın bir sıra ali dövlət qurumlarının - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin rəhbər şəxsləri, eləcə də MSK üzvləri və Katibliyin əməkdaşları müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış edib, onları maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətiriblər.

Layihənin ikinci mərhələsində seçki dairələri üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 19-21 fevral tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Üçgünlük kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 40-60 nəfər arasında dəyişib ki, bu da aşağı seçki komissiyalarının təmsilçilərinə məşğələlər zamanı daha fəal olmaq və onları maraqlandıran suallara cavab almaq imkanı yaradıb. Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılıb. Ümumilikdə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə edib və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli informasiya əldə ediblər.

Seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunmuş seminarlar

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində fevralın 27-dən martın 1-dək seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlar keçirilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak ediblər. Seminarların keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsi olub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-məşğələ

Martın 2-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qapalı müəssisələrdə seçkilərin təşkili ilə bağlı keçirilən seminar-məşğələdə sözügedən qurumun əməkdaşlarına MSK təmsilçiləri tərəfindən hərtərəfli məlumat verilib və səsvermə günü prosedurları əhatəli şəkildə izah edilib.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər

Əvvəlki illərdə olduğu kimi, prezident seçkilərində də aşağı seçki komissiyalarının maarifləndirilməsinə xüsusi diqqət yetirilib və 2 mərhələli treninq layihəsi gerçəkləşdirilib. Birinci mərhələ çərçivəsində 5, 6, 7 və 9 mart tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən "Trenerlər üçün Treninq” keçirilib. Bu treninqlər zamanı 125 seçki dairəsindən olan 250 yerli trener prezident seçkilərində səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar aydın şəkildə izah edilib.

Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK-nın Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim edib. MSK və dairə seçki komissiyaları tərəfindən həyata keçirilən aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsinə martın 12-dən başlanılıb və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 35-40 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilib və seçki dairələri üzrə məntəqələrin sayına müvafiq olaraq təqribən 10 gün davam edib. Treninqlər çərçivəsində aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılıblar. Bütünlükdə treninqlər 32000-dən artıq komissiya üzvünü əhatə edib.

Ombudsman Aparatının əməkdaşları üçün seçki hüququ üzrə treninq

Martın 7-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları üçün MSK Katibliyinin əməkdaşları tərəfindən treninq keçirilib. Treninqdə prezident seçkilərinin keçirilməsi ilə əlaqədar MSK tərəfindən görülmüş işlər, nəzərdə tutulmuş layihələr, həmçinin səsvermənin təşkili, yerli və beynəlxalq müşahidəçilər və onların hüquq və vəzifələri, kütləvi informasiya vasitələri nümayəndələrinin seçkilərdə iştirakı və s. məsələlər ətraflı şəkildə izah olunub, müzakirə prosesində yaranmış suallar cavablandırılıb.

Xarici İşlər Nazirliyinin əməkdaşları üçün treninq

Qanunvericilik ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın prezident seçkilərində iştirakını birmənalı təsbit edir. Bunu nəzərə alaraq, respublika hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarının seçicilər siyahısının hazırlanması və onların səsvermədə iştirakının təmin edilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə əhatəli iş aparılıb və xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakı üçün respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində 41 seçki məntəqəsi yaradılıb. Azərbaycan Respublikasının hüdudlarından kənarda seçkilərin təşkili, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak hüquqlarının həyata keçirilməsinin tənzimlənməsi, seçki məntəqələrinin yaradılması, səsvermənin təşkili və digər məsələlərlə bağlı martın 13-də MSK Xarici İşlər Nazirliyi ilə birgə seminar keçirib. Tədbirdə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların prezident seçkilərində iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə və konsul idarələrində yaradılmış seçki məntəqələrində səsvermənin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə iştirakçılara seçki məntəqələrinin təşkil olunması, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçkilərdə aşkarlıq və şəffaflıq, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanması və nəticələrin müəyyən olunaraq dairə seçki komissiyasına göndərilməsi və s. məsələlər əyani şəkildə ətraflı izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.

KİV üçün seminar-müşavirə

Əsas maarifləndirmə tədbirlərindən biri də kütləvi informasiya vasitələrini əhatə edib. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə martın 19-da prezident seçkilərində KİV-lərin rol və vəzifələrində həsr olunan geniş seminar-müşavirə keçirilib. Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri və digər təmsilçiləri üçün gerçəkləşdirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Televiziya və Radio Şurasının və Mətbuat Şurasının rəhbər şəxsləri, eləcə də MSK üzvləri giriş nitqi və məruzələrlə çıxış ediblər. Ölkədə fəaliyyət göstərən KİV rəhbərlərinin qatıldığı seminar-müşavirə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb, tədbir zamanı iştirakçılara "Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusunda təqdimat olunub, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhiyyə Nazirliyi ilə birgə seminar-müşavirə

Seçkilərlə əlaqədar digər bir maarifləndirmə tədbiri də MSK-nın Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı ilə martın 23-də MSK-nın inzibati binasında keçirilib. Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə prezident seçkilərinin təşkilinə dair məsələlərə həsr olunan seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri, MSK Katibliyinin əməkdaşları və bu qəbildən olan məntəqə seçki komissiyalarının üzvləri iştirak edib. Tədbir zamanı iştirakçılara səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçki günü məntəqə seçki komissiyalarının vəzifələri, səsvermə prosedurları və s. barədə məruzələr edilib və iştirakçıların sualları cavablandırılıb.

Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələr

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə martın 26-da Gəncədə, 28-də Şirvanda seminar-müşavirə keçirib. Eyni səpkili tədbirlərin Şəki (30 mart) və Bakıda (2 aprel) da keçirilməsi nəzərdə tutulur. Prezident seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), MSK üzvləri və Daxili İşlər Nazirliyinin məsul şəxsləri çıxış edib. Həmçinin tədbir çərçivəsində iştirakçılara MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanmış "Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” təqdim edilib.

DSK-ların kompüter mütəxəssisləri üçün seminarlar

Seçki günü proseslərin şəffaflığının təmin olunmasında önəmli yer tutan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsindən və onun müvafiq proqram təminatlarından düzgün istifadə ilə bağlı mütəxəssislərin lazımi bilik və bacarıqlarını dərinləşdirmək üçün 26-28 mart tarixlərində MSK-da dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün praktiki seminarlar keçirilib. Tədbirdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edilən "Seçkilər” İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş şəbəkə variantı barədə praktiki məlumatlar verilib, əyani formada istifadə qaydaları öyrədilib, eləcə də onları maraqlandıran suallara aydınlıq gətirilib.

Maarifləndirmə materialları

MSK prezident seçkiləri elan edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə Təqvim planı təsdiq edib. Təqvim Planı çap olunaraq aşağı seçki komissiyalarına paylanılıb, eləcə də bütün seçki subyektlərinin asanlıqla əldə etmələrindən ötrü Azərbaycan və ingilis dillərində MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Bundan başqa MSK Seçki Məcəlləsi, Azərbaycan Respublikasının müvafiq Qanunları və Komissiyanın təsdiq etdiyi təlimat, izah və qaydalar əsasında məntəqə seçki komissiyaları üzvlərinin və ümumiyyətlə bütün seçki subyektlərinin məlumatlandırılması üçün Azərbaycan və ingilis dillərində "Seçki günü üçün Yaddaş”, müşahidəçilərin maarifləndirilməsi məqsədilə Azərbaycan, ingilis və rus dillərində "Müşahidəçilər üçün yaddaş”, polis əməkdaşlarının seçki prosesində xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə ""Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair yaddaş” və "Kütləvi informasiya vasitələrinin prezident seçkilərində iştirakına dair yaddaş” kitabçaları hazırlayıb. Bütün nəşrlərdə müvafiq subyektlərin seçki prosesindəki hüquq və vəzifələri aydın şəkildə izah edilib, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib. Yadda. kitabçaları aidiyyatı üzrə paylanılıb, həmçinin seçki subyektlərinin əldə etmələrindən ötrü aşağı seçki komissiyalarına çatıdırılıb.

Seçicilərin maarifləndirilməsi

Seçicilərin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının daim diqqət mərkəzində olub və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirilib. Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, prezident seçkilərində qeydiyyatdan çıxma vəsiqəsindən istifadə, eləcə də çağırış məqsədilə MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb və kütləvi informasiya vasitələri ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Həmçinin "Adınızı seçici siyahısında yoxlayın”, "Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, "Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115”, "Seçici siyahıları internetdə” və s. çoxsaylı məlumatlandırma və çağırış plakatı hazırlanıb və əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) asılıb.

MSK tərəfindən müxtəlif istiqamətlərdə maarifləndirmə səpkili 5 video və audio çarx da respublikada fəaliyyət göstərən televiziya və radio kanallarında mütəmadi şəkildə nümayiş etdirilərək seçicilərin məlumatının artırılmasında mühüm rol oynayıb.

Seçicilərin müxtəlif vasitələrlə məlumatlandırılması hazırda davam etməkdədir.

İctimaiyyətin məlumatlandırılması

İctimaiyyətin prezident seçkilərinə hazırlıqla bağlı məlumatlandırılması mütəmadi şəkildə diqqət mərkəzində saxlanılıb və MSK indiyədək bütün kampaniya boyunca KİV-lə sıx əməkdaşlıq edib. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın fəaliyyəti tam açıq olub və KİV-lər MSK-nın iclasları barədə əvvəlcədən məlumatlandırılıb, MSK-nın tədbirlərinə dəvət olunub və lazımi məlumatları əldə ediblər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə seçkilərə start veriləndən MSK tərəfindən müxtəlif aktual mövzuları əhatə edən brifinqlər keçirilib, reallaşdırılan bütün layihələr barədə respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə məlumatlar çatdırılıb, məlumat bülletenləri və məqalələr dərc olunub. MSK sədri, Komissiya üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşlarının respublikada fəaliyyət göstərən televiziyalar üçün 50-dən artıq brifinqi keçirilib və onlar öz açıqlamalarında həyata keçirilən son layihələr, seçkilərə hazırlıq istiqamətində görülən işlərlə bağlı ictimaiyyətə məlumat verilib və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Seçki marafonu başlayan gündən komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda yüzlərlə müxtəlif xarakterli material dərc olunub. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə və qəbul olunmuş sənədlərə geniş yer ayırıb. Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın bütün qərarları "Azərbaycan” qəzetində dərc edilib və operativ şəkildə Azərbaycan və ingilis dillərində MSK-nın internet səhifəsində yerləşdirilib.

MSK təmsilçilərinin yerli mətbuatdakı məqalələri, televiziya və radiolara müsahibələri də seçicilərin məlumatlandırılmasında xüsusi rol oynayıb. Seçkilərə start veriləndən İctimai televiziyada həftədə bir dəfə, tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən "Xalq seçir” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katiblik rəsmilərinin prezident seçkiləri ilə bağlı müxtəlif mövzularda çıxışları olub. Bundan başqa "Azərbaycan” qəzetində Komissiya üzvləri və Katiblik rəsmilərinin seçkilərlə bağlı müxtəlif aktual mövzulara həsr olunmuş maarifləndirmə xarakterli silsilə məqalələri dərc olunub.

Namizədlərin irəli sürülməsi və qeydə alınması

Prezident seçkiləri elan olunduqdan sonra namizəd qismində iştirak etmək niyyətində olan şəxslər həm siyasi partiyaların təşəbbüsü ilə, həm öz təşəbbüsləri ilə, həm də seçicilərin təşəbbüs qrupları tərəfindən müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Ümumilikdə 15 iddiaçı (8-i siyasi partiyalar tərəfindən, 6-sı öz təşəbbüsü ilə, 1-i isə seçicilərin təşəbbüs qrupu tərəfindən) namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib və onların hamısının namizədliyinin irəli sürülməsi təsdiq olunub. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş 15 iddiaçıdan 5-i imza vərəqələrini ümumiyyətlə geri qaytarmayıb. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarmış 10 nəfərdən 8-nin namizədliyi qeydə alınıb. 2 nəfərin namizədliyi isə kifayət qədər etibarlı imza təqdim edilmədiyi üçün qeydə alınması mümkün olmayıb. Qeydə alınmış 8 namizədin 6-nın namizədliyi siyasi partiyalar tərəfindən, 1-i öz təşəbbüsü ilə, 1-nin namizədliyi isə seçicilərin təşəbbüsü qrupu tərəfindən irəli sürülüb.

Qeyd etmək lazımdır ki, namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq olub, siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri yoxlamaya dəvət olunub, onlar bütün prosesləri birbaşa izləyib və sənədlərlə yaxından tanış olublar.

Bərabər seçkiqabağı təşviqat imkanları

Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlayıb. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyası namizədlər üçün bərabər şəraitin yaradılması məqsədilə bir sıra addımlar atıb ki, bu da eyni imkanlı seçkiqabağı təşviqatın təminatına yönəlib. Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülüb, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradılıb. Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə artıq, həftəlik 6 saat olmaqla ödənişsiz efir vaxtı, "Azərbaycan” qəzeti, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzetlərində ödənişsiz əsaslarla dərc üçün yer ayrılıb, habelə 34 KİV-də ödənişli efir vaxtı və dərc imkanları yaradılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində təşviqat subyektlərinin seçicilərlə görüşləri üçün respublikanın şəhər və rayonlarında 84-ü açıq, 84-ü qapalı olmaqla, ümumilikdə 168 daimi görüş yeri ayrılıb. O cümlədən, seçkiqabağı təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün digər yerlərlə yanaşı, məhz bu məqsədlə quraşdırılmış on mindən çox xüsusi məlumat lövhələri təşviqat subyektlərinin ixtiyarına verilib. Martın 19-dan start verilən təşviqat kampaniyası sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilməkdədir və aprelin 10-u saat 8:00-dək davam edəcək.

Aşkarlığın və şəffaflığın təmin edilməsi

Prezident seçkilərində şəffaflığın təmin olunması üçün MSK başda olmaqla, bütün aidiyyatı qurumlar tərəfindən lazımi tədbirlər görülüb. Ölkəmizdə 2008-ci ildən başlayaraq geniş tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də tətbiq ediləcək. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20%-də) veb-kamera quraşdırılıb. Hazırda texniki baxış mərhələsində olan bu məsələyə MSK-nın iclasında baxılaraq müvafiq qərar qəbul ediləcək və veb-kameralar quraşdırılan məntəqələrin siyahısı dərc olunacaq, eləcə də MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. Seçki günü veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə etmək imkanına malik olacaqlar.

Prezident seçkiləri geniş ictimaiyyətin də böyük maraq dairəsindədir. Belə ki, seçkiləri izləmək üçün indiyədək ümumilikdə 54431 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 1159 yerli müşahidəçidən 722 nəfəri qeyri-hökumət təşkilatlarının, 179 nəfəri siyasi partiyaların, 237 nəfəri öz təşəbbüsü ilə seçkilərə qatılıb, 1 nəfər isə xüsusi icazə alaraq MSK-nın iclaslarında iştirak etmək hüququ əldə edib. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub. Bu qəbildən olan müşahidəçilərin sayı isə 53272-dir ki, bunlardan da 29964 nəfəri 12 siyasi partiyanın, 2987 nəfəri 62 QHT-nin, 4216 nəfəri prezidentliyə namizədlərin, 4205 nəfəri seçicilərin təşəbbüs qrupunun təmsilçiliyi əsasında, 11900 nəfəri isə öz təşəbbüsləri ilə seçkilərin müşahidəsi prosesinə qatılıblar.

Müşahidə prosesinə indiyədək 41 beynəlxalq təşkilat və 50 ölkəni təmsil edən 445 beynəlxalq müşahidəçi də qatılıb. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunub. Bundan başqa yerli və beynəlxalq müşahidəçilərə "Seçki günü üçün yaddaş kitabçası”, həmçinin beynəlxalq müşahidəçilərə ingilis və rus dilində Seçki Məcəlləsi və "Müşahidəçilər üçün yaddaş” kitabçası təqdim edilib. MSK-nın iclaslarından və həyata keçirdiyi bütün tədbirlərdən əvvəl KİV nümayəndələri ilə yanaşı, respublikadakı beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər də məlumatlandırılaraq dəvət ediliblər.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ("Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət edib və bütün müraciətlər Komissiya üzvlərinin müzakirəsindən sonra müsbət qarşılanaraq, həmin təşkilatlar qeydiyyatdan keçirilib.

MSK-nın internet səhifəsi

Komissiyanın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə MSK-nın qərarları və məlumatlar iclasdan dərhal sonra Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilib. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, qeydə alınmış namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar internet səhifəsinə yerləşdirilib. Komissiyanın sosial şəbəkələrdəki səhifəsi də istifadəçilərin ixtiyarındadır və məlumatlar mütəmadi olaraq bu səhifələrdə də yerləşdirilir.