.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Prezident seçkiləri » Prezident seçkiləri - 09.10.2013 » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabatı - 1 sentyabr – 19 oktyabr 2013-cü il



AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SEÇKİLƏRİ - 2013

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI


(1 sentyabr – 19 oktyabr 2013-cü il)

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin seçkiləri 9 oktyabr 2013-cü ilə təyin edilmiş və seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı bütün fəaliyyət "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na əsasən həyata keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası 2013-cü ilin Azərbaycan Respublikası Prezidentinin seçkiləri ili olduğunu nəzərə alaraq ilin əvvəlindən etibarən bir sıra layihələr hazırlayaraq həyata keçirilməsinə başlamış və oktyabr ayınadək nəzərdə tutulan layihələr uğurla gerçəkləşdirilmişdir. Bu layihələr sırasına seçici siyahılarının dəqiqləşdirilməsi, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki təminatının daha da təkmilləşdirilməsi, seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların, treninqlərin və digər bu səpkili tədbirlərin keçirilməsi, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi, qeydə alınması, bərabər seçkiqabağı təşviqat imkanlarının təminatı və s. daxildir (bu barədə MSK-nın 2013-cü il 1 sentyabradək olan hesabatında ətraflı məlumat verilmişdir).

Sentyabr ayında MSK-nın genişmiqyaslı və intensiv fəaliyyəti xüsusən nəzərə çarpmışdır. Belə ki, mühüm seçki sənədləri olan seçki bülletenləri, səsvermənin yekunlarına dair dairə və məntəqə seçki komissiyalarının karbonlaşdırılmış rəsmi və müşahidəçilər üçün nəzərdə tutulmuş nümunə protokol nüsxələri beynəlxalq (xarici) qurumların təmsilçilərinin müşahidəsi ilə mətbəədə çap olunaraq dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına çatdırılmışdır. Eyni zamanda, aşağı seçki komissiyaları 2005-ci ildən tətbiq olunan səsvermədə iştirak edən seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi üçün gözə görünməyən mürəkkəb və ultrabənövşəyi lampalarla təchiz olunmuşdur.

Seçici siyahılarının dəqiqləşdirilməsi sentabr ayında da davam etdirilmişdir. Aşağı seçki komissiyalarından təqdim edilmiş siyahılar MSK tərəfindən təsdiq edilməzdən əvvəl Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemin xüsusi proqram təminatı vasitəsilə keyfiyyətli təhlil edilmişdir. Belə ki, seçicilərin adı, soyadı, ata adı, təvəllüdü və cinsinə dair məlumatlarda şübhə doğuran məqamlar, o cümlədən orfoqrafik səhvlər müyyən edilmiş, 12962 seçicinin məlumatlarında qeyd edilən istiqamətlər üzrə şübhə doğuran məqamlar aşkarlanmış və bu seçicilərin məlumatları yenidən baxılması üçün DSK-lara göndərilmişdir. Təfsilatlı araşdırmadan sonra səhvlərə yol verilmiş 5906 seçicinin məlumatları dərhal aradan qaldırılmışdır. Digər 7056 seçicinin məlumatları isə düzgün olduğu üçün DSK-lar tərəfindən təsdiq edilmişdir. DAİS-in sözügedən proqram təminatı vasitəsilə DSK hüdudlarında adı, soyadı, ata adı, təvəllüdü və cinsinə dair məlumatları identik olan daimi seçicilər də aşkar edilmişdir. Belə ki, məlum olmuşdur ki, 125 DSK üzrə 464 seçicinin öz dairəsi hüdudlarında "oxşarı” vardır. Bu seçicilərin də məlumatları yenidən baxılmaq üçün DSK-lara göndərilmiş və nəticədə 170 seçicinin məlumatlarının həqiqətən oxşarı olduğu (şəxsiyyəti təsdiq edən sənədlə müəyyənləşdirilmişdir) üçün təkrar olan seçicilər siyahılardan çıxarılmışdır. Məlumatları yalnız yaşadıqları ünvana görə fərqlənən 294 seçicinin adı isə təkrar seçici kimi təsdiq olunaraq siyahıdan çıxarılmışdır.

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan olunduqdan sonra seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan şəxslər həm siyasi partiyaların təşəbbüsü ilə, həm də öz təşəbbüsləri ilə müvafiq sənədlərlə birgə Mərkəzi Seçki Komissiyasına müraciət etmişlər. Sentyabrın 1-dək 22 iddiaçı namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və onlardan 21-nin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Bir nəfərin isə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi, əsasların mövcud olmaması səbəbindən qeyri-mümkün olmuşdur. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş 21 nəfərdən 7-si imza vərəqələrini ümumiyyətlə geri qaytarmamışdır. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarmış 14 nəfərdən 10-nun namizədliyi qeydə alınmışdır. 4 nəfərin namizədliyi isə təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olduğuna görə namizədliyin qeydə alınması mümkün olmamışdır.

Sentyabrın 16-dan etibarən qeydə alınmış prezidentliyə namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilmişdir. Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülmüş, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradılmışdır. Namizədlər televiziya və radiodan (həftəlik 6 saat olmaqla) və mətbuat vasitələrindən ("Azərbaycan”, "Respublika”, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzetlərindən) ödənişsiz dərc üçün yerdən istifadə etməklə öz seçkiqabağı platformalarını seçicilərə çatdırmışdırlar. Bundan əlavə namizədlərin ödənişli əsaslarla və bərabər şərtlərlə digər kütləvi informasiya vasitələrindən də istifadəsi üçün imkanlar yaradılmışdır.

Müxtəlif seçki subyektlərinin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının daim diqqət mərkəzində olmuş və sentyabr ayı ərzində bu istiqamətdə işlər daha da intensivləşdirilmiş və bir sıra layihələr gerçəkləşdirilmişdir.

Mərkəzi Seçki Komissiyası seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr həyata keçirir. 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihəsidir. Bu layihə əvvəllər kiçik trenerlər qrupu vasitəsilə həyata keçirilirdi. Amma 2008-ci ildən etibarən Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlamışdır. Bu trenerlər bir neçə ildir ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanmışdır. Birinci mərhələ çərçivəsində 18-21 sentyabr tarixlərində Bakıda Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən "Trenerlər üçün Treninq” keçirilmişdir. Bu treninq zamanı 125 seçki dairəsindən olan 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılmış, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar əhatə olunmuşdur. Tədbir zamanı habelə, əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilmişdir. Layihənin dairə və məntəqə seçki komissiyaları üzvlərinin cəlb olunduğu ikinci mərhələsində istifadə olunması məqsədi ilə MSK Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq seçki dairələri üzrə treninq qruplarına təqdim etmişdir. Aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsi sentyabrın 23-dən etibarən başlamış və Mərkəzi Seçki Komissiyasının Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 30-36 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilmişdir. Bu proses təqribən 1 həftə davam etmişdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə "Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Bütünlükdə bu treninqlərdə 31000-dən artıq komissiya üzvü iştirak etmişdir.

Məlum olduğu kimi, bu il keçirilmiş Prezident seçkilərində ölkə hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılmaqla xarici ölkələrdə yaşayan həmyerlilərimizin səsvermə hüquqları təmin olunmuşdur. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının aktiv seçki hüququnun həyata keçirilməsinin tənzimlənməsi, seçki məntəqələrinin yaradılması, səsvermənin təşkili və digər məsələlərlə bağlı sentyabrın 10-da Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşları tərəfindən Xarici İşlər Nazirliyinin əməkdaşlarına treninq keçirilmişdir. Treninqlərdə xarici ölkələrdə səsvermənin təşkili ilə bağlı məsələlər ətraflı şəkildə izah olunmuş, meydana çıxmış suallar cavablandırılmışdır.

Sentyabrın 11-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları üçün MSK Katibliyi əməkdaşları tərəfindən treninq keçirilmişdir. Treninqdə Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi ilə əlaqədar MSK tərəfindən görülmüş işlər, nəzərdə tutulmuş layihələr, həmçinin səsvermənin təşkili, yerli və beynəlxalq müşahidəçilər və onların hüquq və vəzifələri, kütləvi informasiya vasitələri nümayəndələrinin seçkilərdə iştirakı və s. məsələlər ətraflı şəkildə izah olunmuş, müzakirə prosesində yaranmış suallar cavablandırılmışdır.

Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilən maarifləndirmə proqramının bir qolu da ilk dəfə səs verən gənc seçiciləri əhatə etmişdir. Sentyabrın 15-dən başlayaraq ilk dəfə səs verən gənc seçicilərin maarifləndirilməsi məqsədilə gənclər təşkilatları ilə birgə tədbirlərə başlanılmışdır. Sentyabrın 23-də Bakıda "Park İNN” mehmanxanasında MSK-nın dəstəyi ilə gənclərin seçki prosesinə fəal şəkildə cəlb edilməsi məqsədi daşıyan "Səs ver” layihəsinin təqdimatı olmuşdur. Tədbirdə MSK Katibliyinin rəsmiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş və qeyd olunmuşdur ki, prezident seçkilərində 500 minə yaxın gənc səsvermə hüququndan ilk dəfə istifadə edəcəkdir. MSK-nın təşəbbüsü ilə həmçinin, seçki günü – oktyabrın 9-da 18 yaşı tamam olmuş, yəni həmin gündən etibarən aktiv seçki hüququna malik olmuş 150 gənci seçkilərdə iştirak etməyə həvəsləndirmək məqsədilə MSK adından xüsusi təbrik kartları hazırlanmış və səs verərkən həmin gənclərə təqdim edilməsi təmin olunmuşdur.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə 23-28 sentyabr tarixlərində seçki hüququ üzrə regional maarifləndirmə tədbirləri həyata keçirmişdir. Maarifləndirmə tədbirləri sentyabrın 23-də Şəkidə (Qəbələ, Şəki, Oğuz, Qax, Ismayıllı, Zaqatala, Balakən rayonları və Mingəçevir şəhərini əhatə etməklə), sentyabrın 24-də Gəncədə (Göygöl, Daşkəsən, Samux, Goranboy, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları və Gəncə, Yevlax, Naftalan şəhərlərini əhatə etməklə), sentyabrın 26-da Cəlilabadda (Cəlilabad, Neftçala, Salyan, Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarını əhatə etməklə), sentyabrın 27-də Qubada (Quba, Xızı, Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə) və sentyabrın 28-də Füzulidə keçirilmişdir. Tədbirlərdə MSK Katibliyinin təmsilçisi, müvafiq rayonların icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əhatə olunan ərazilərin dairə seçki komissiyalarının sədr, katib və üzvləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişdirlər. Maarifləndirmə proqramları çərçivəsində içtirakçılara Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, həyata keçirilmiş layihələr, seçki hüququnun həyata keçirilməsi və vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyi və normativ-hüquqi sənədlər, yerli və beynəlxalq müşahidənin əsasları və digər məsələlər ətraflı şəkildə izah olunmuş, iştirakçıların sualları əhatəli şəkildə cavablandırılmışdır. Tədbirlərə seçkiləri müşahidə etmək üçün akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və regionlarda fəaliyyət göstərən müşahidə qurumları da dəvət olunmuş və onların iştirakına şərait yaradılmışdır.

Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq məqsədilə sentyabrın 30-da MSK-da dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktiki treninqlər keçirilmişdir. Üç gün davam etmiş treninqlərdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumat verilmiş, əyani formada istifadə qaydaları öyrədilmiş, onları maraqlandıran suallara aydınlıq gətirilmişdir. Treninqlərin nəticəsində operatorlar praktiki iş təcrübəsi qazanmışlar ki, bu da seçki günü şəbəkədən daha rahat istifadəni təmin etmişdir.

Oktyabrın 2-də Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDF) birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Seçki prosesində kütləvi informasiya vasitələrinin nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilmişdir. Konfransda aparıcı kütləvi informasiya vasitələrinin - qəzetlərin, informasiya agentliklərinin, televiziya kanallarının əməkdaşları, müstəqil hüquqşünaslar iştirak etmişdirlər. Konfransın keçiriməsində əsas məqsəd oktyabrın 9-da keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək media mənsublarının hüquq və vəzifələri ilə bağlı müzakirələrin aparılması olmuşdur. MSK təmsilçisi tərəfindən müxtəlif KİV-lərin rəhbərləri, vətəndaş cəmiyyətlərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə KİV-lərin seçkilərdə iştirakının əsasları, onların hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuş, iştirakçıların sualları cavablandırılmışdır.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün ümumilikdə 51898 yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 6030 yerli müşahidəçidən 1381 nəfəri siyasi partiyaların, 3201 nəfəri qeyri-hökumət təşkilatlarının, 235 nəfəri qeydə alınmış namizədlərin, 1211 nəfəri isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunmuşdur. Bu qəbildən olan müşahidəçilərin sayı 45868 olmuşdur ki, bunlardan da 19149 nəfəri siyasi partiyaların, 1830 nəfəri QHT-lərin, 24889 nəfəri isə öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədlərin təşəbbüsü ilə seçkiləri müşahidə prosesinə qatılmışlar.

Müşahidə prosesinə 50 beynəlxalq təşkilat və 100 ölkəni təmsil edən 1295 beynəlxalq müşahidəçi də qatılmışdır. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəcik, yerli və beynəlxalq müşahidəçilər üçün yaddaş kitabçası və digər lazımi məlumatlarla təmin olunmuşlar. Beynəlxalq müşahidəçilər həmçinin, ingilis və rus dilində Seçki Məcəlləsi, "Müşahidəçilər üçün yaddaş” kitabçası, Azərbaycan haqqında məlumat diski və digər zəruri materiallarla təmin olunmuşlar.

İctimaiyyətin məlumatlandırılması MSK üçün daim mühüm əhəmiyyət kəsb etmişdir. Seçkilərin yaxınlaşmasını nəzərə alaraq, MSK sentyabr-oktyabr ayları ərzində KİV-lə əlaqələrini daha da intensivləşdirmişdir. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın fəaliyyəti bütün aylarda olduğu kimi bu aylar ərzində də KİV üçün tam açıq olmuş və iclasların vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılmışlar.

KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunmuş və lazımi məlumatları əldə etmişlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə sentyabr-oktyabr ayı ərzində MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilmiş, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılmış, mətbuat bülletenləri və məqalələr dərc olunmuşdur. MSK sədrinin bu aylarda yerli və xarici KİV nümayəndələri üçün 10-a yaxın brifinqi keçirilmiş, sədr tərəfindən 9 dəfə televiziyalara müsahibələr verilmişdir. Brifinqlərdə sədr MSK-nın həyata keçirdiyi son tədbirlər, seçkilərə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat vermiş və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirmişdir. Həmçinin, mətbuatda MSK sədrinin qəbulları ilə bağlı 23 yazı və sədrin 16 açıqlaması dərc olunmuşdur. Sentyabrın 6-da "Reuters”, "İl Sole 24 Ore”, "EUobserver”, "DPA” və "L’Espresso” kimi nüfuzlu beynəlxalq KİV-lərin təsmilçiləri MSK sədri ilə görüş keçirmiş və görüşdə MSK sədri tərəfindən seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr və s. haqqında ətraflı məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Sentyabr-oktyabr ayları ərzində Komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda 312 yazı dərc olunmuşdur. Əlavə olaraq KİV-də MSK üzvlərinin, eləcə də Katiblik rəsmilərinin 34 açıqlaması işıq üzü görmüş, mətbuatda məqalələri dərc olunmuşdur. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə, qəbul edilmiş normativ-hüquqi sənədlərə geniş yer ayırmışdır. Mətbuat vasitələrində MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunmuşdur. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc edilmiş və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. Ümumilikdə MSK tərəfindən həyata keçirilmiş tədbirlər 38 agentlik, 31 qəzet, 18 TV və 7 radio tərəfindən işıqlandırılmışdır ki, bunların arasında 15-ə yaxın nüfuzlu beynəlxalq KİV-lər olmuşdur.

Seçkilər elan olunduğu avqust ayının əvvəllərindən İctimai televiziyada gedən maarifləndirmə proqramı bu aylarda da intensiv şəkildə fəaliyyətini davam etdirmiş və ay ərzində MSK üzvləri və Katiblik rəsmiləri televiziyada çıxış etmiş, eləcə də 63 dəfə televiziyalara müsahibə vermişlər. Təkcə seçki günü MSK sədri, Komissiya üzvləri və Katibliyin rəsmiləri media üçün 18 dəfə brifinq keçirmişdir.

MSK tərəfindən sentyabr ayı ərzində bəzi aşağı seçki komissiyaları təmsilçilərinin yerli mediaya çıxışına şərait yaradılmışdır. DSK sədrləri öz müsahibələrində ölkə ictimaiyyətinə seçki dairəsi çərçivəsində seçkilərə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat vermişdirlər.

Dünyanın nüfuzlu 34 kütləvi informasiya vasitələrindən 102 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilmiş və sərbəst şəkildə seçkiləri işıqlandırmışlar.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq exit-poll keçirmək məqsədi ilə "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy” Monitorinq Mərkəzi, "Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və "Konstitusiya” Araşdırmalar Fondu MSK-ya müraciət etmiş və qeydiyyatdan keçirilmişdir. Seçki günü sözügedən təşkilatlar tərəfindən exit-poll həyata keçirilməsinə lazımi şərait yaradılmışdır.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilmişdir. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış məntəqələrin sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20%-ə) çatdırılmışdır. Veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşdırılmış, oktyabrın 3-də bu məsələyə MSK-nın iclasında baxılaraq müvafiq qərar qəbul edilmiş və veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı təsdiq olunaraq dərc olunmuş və rəsmi internet səhifəsində yerləşdirilmişdir. Sentyabrın 27-də Mərkəzi Seçki Komissiyasının sədri Rabitə və İnformasiya Texnologiyaları naziri ilə birlikdə MSK-da veb-kameralara texniki nəzarət mərkəzində olmuş, veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olmuş və avadanlıqların tam hazır vəziyyətə gətirildiyi bir daha yoxlanılmışdır. Seçki günü bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olmuşlar. Qeyd etmək lazımdır ki, seçki günü veb-kameralara ümumilikdə yüz əlli mindən artıq IP ünvanından baxış olmuşdur.

Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli və elektron qaynar xəttə sentyabr-oktyabr ayları ərzində 500-dən artıq müraciət daxil olmuşdur. Müraciətlərin əksəriyyətini seçicilər tərəfindən seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlı sorğular təşkil etmişdir. Daxil olmuş müraciətlər dərhal cavablandırılmış və operativ şəkildə müvafiq addımlar atılmışdır.

Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr və görüşlər həyata keçirilmişdir. Sentyabr-oktyabr ayları Mərkəzi Seçki Komissiyası rəhbərliyinin beynəlxalq təşkilatların nümayəndələrilə görüşləri baxımından zəngin olmuşdur. Bu görüşlər sırasına MSK sədrinin MDB PAA ekspert qrupunun üzvləri, MDB müşahidə missiyasının üzvləri, Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi, Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərinin daxil olduğu nümayəndə heyəti ilə, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidə missiyasının üzvləri, Türkdilli Ölkələr Şurasının nümayəndə heyəti, Rusiya Dövlət Dumasının nümayəndə heyəti, Rusiya Federasiya Şurasının nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri, Fransa Senatının müşahidə missiyasının üzvləri, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Latviya, Litva və Sloveniyanın Mərkəzi Seçki Komissiyalarının sədrləri, Türkiyə Cümhuriyyətinin Yüksək Seçim Kurulunun üzvləri ilə görüşləri daxildir. Bundan başqa sentyabr-oktyabr ayları ərzində MSK-nın digər təmsilçiləri də beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçirmişlər.

Seçki günü - oktyabrın 9-da saat 8.00-da bütün ölkə üzrə səsvermə başlanmış və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə etmişdirlər. Seçki günü ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə MSK-ya ötürülmüş və MSK-nın internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunmuşdur. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlamış, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak etmişdirlər. Səsvermə məntəqələri bağlandıqdan və səslərin sayılmasına yekun vurulduqdan dərhal sonra, saat 20.30-dan etibarən ölkə üzrə bütün seçki məntəqələrindən səsvermənin yekunlarına dair məntəqələr üzrə ilkin məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-nın internet səhifəsinə ötürülərək oradan bütün yerli və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunmuşdur. Seçki günü Mərkəzi Seçki Komissiyasının konfrans zalından birbaşa yayım vasitəsilə ictimaiyyəti seçkilərin nəticələrilə bağlı məlumatlandırmaq məqsədilə yerli və xarici KİV nümayəndələrinə canlı efirə bağlanmaq üçün üçün bütün imkanlar yaradılmışdır. Seçki günü gecə saat 00:30-da MSK sədri tərəfindən keçirilmiş birifinqdə ölkə üzrə 5492 seçki məntəqəsinin 4000-ə yaxınından, yəni təqribən 70%-dən artıq seçki məntəqəsindən məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin nəticələri və qalib namizəd haqqında ilkin məlumat verilmiş, seçkilərin ilkin yekunları ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Seçki günündən sonra oktyabrın 10-dan başlayaraq seçki dairələri üzrə dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları onlara əlavə edilmiş sənədlərlə birlikdə qanunvericilikdə müəyyən olunmuş müddətdə MSK-ya çatdırılmışdır.

Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılmış və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq qərarlar qəbul olunmuşdur. Sözügedən prosedurlar müraciətlərin daha ətraflı və effektiv araşdırılmasını şərtləndirmişdir.

Ümumiyyətlə bütün seçki müddətində MSK-ya 19 şikayət daxil olmuş və bütün şikayətlərə dərhal reaksiya verilərək Ekspert qrupu üzvləri tərəfindən ətraflı şəkildə araşdırılmış, Komissiyanın iclaslarına çıxarılaraq müvafiq qərarlar qəbul edilmişdir. Daxil olmuş müraciətlərin araşdırılması nəticəsində MSK-nın qərarları ilə müraciətlərin3-ü təmin edilmiş,5-i qismən təmin edilmiş, 7-si əsassız olduğundan təmin edilməmiş, 2-si nəzərdə tutulmuş şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan ərizəçiyə geri qaytarılmış, 1-i ərizəçi tərəfindən geri götürüldüyü üçün müraciətin baxılmasına xitam verilmiş, 1-i aidiyyatı üzrə araşdırılmaq üçün DSK-ya göndərilmişdir. Hər bir şikayətlə bağlı ətraflı araşdırılma aparılmış, şikayətlərə baxan ekspert qrupu üzvləri və digər MSK təmsilçiləri şahidlərlə görüşmək və məlumat verilmiş halları yoxlamaq məqsədilə yerlərə ezam olunmuş, gəldiyi rəy barədə Komissiyaya məlumat vermiş və komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətlə bağlı yekun qərar çıxarılmışdır. Arzu edən şikayətçilərin araşdırılma və MSK-nın müvafiq məsələyə dair iclasında iştirakının təmin edilməsi istiqamətində addımlar atılmışdır. Şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması məqsədilə Ekspert qrupunun fəaliyyəti ərizəçilər və beynəlxalq müşahidəçilər üçün açıq olmuşdur. Daxil olmuş müraciətlər araşdırılarkən şikayətçilər və beynəlxalq təşkilatların nümayəndələri məlumatlandırılmış və prosesi izləməyə dəvət olunmuşlar. MSK sədri komissiyanın iclasları zamanı mütəmadi olaraq ictimaiyyətin və beynəlxalq seçki müşahidə missiyalarının təmsilçilərini araşdırmada iştirak etməyə dəvət etmişdir. Eyni zamanda Ekspert qrupunun üzvləri araşdırma prosesində müvafiq məsələlərlə bağlı beynəlxalq müşahidəçilərin hər hansı suallarını cavablandırmış və vaxtaşırı araşdırma prosesi ilə əlaqədar onları maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.

Sentyabr-oktyabr ayları ərzində MSK-nın 16 iclası keçirilmiş və bu iclaslarda 87 qərar qəbul edilmişdir. Mahiyyəti etibarilə bu müddətdə qəbul edilən qərarlar prezidentliyə namizədlərin qeydə alınması və ya qeydə alınmasından imtina edilməsi, qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması, prezidentliyə namizədi qeydə alınmış siyasi partiyalar tərəfindən təqdim olunmuş şəxslərin MSK-da məşvərətçi səs hüquqlu üzv kimi təsdiq olunması, Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının müəyyən olunması və efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsi, "Exit-poll” keçirmək niyyətində olan təşkilatların qeydə alınması, daxil olmuş şikayət və müraciətlərə baxılması, səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb kameralardan istifadə edilməsi təcrübəsinin tətbiq edilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi, bir sıra iclas protokollarının təsdiqi və 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq və elan olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi və s. məsələlərilə bağlı olmuşdur.

Oktyabrın 17-də MSK-nın iclasında "Səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu” təsdiq edilmiş və lazımi sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun oktyabrın 19-da keçirilmiş iclasında 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələri rəsmi olaraq təsdiq edilmişdir.

Seçkilərin hazırlanması və keçirilməsində "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi önəmli yer tutur. Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından seçkilərlə bağlı müxtəlif məlumatların daha operativ, asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin olunması məqsədilə informasiya şəbəkəsinin texniki və proqram təminatı yenilənmiş və təkmilləşdirilmiş, müvafiq məlumat bazaları yenidən formalaşdırılmışdır. Mərkəzi Seçki Komissiyasını ölkə ərazisindəki mövcud 125 seçki dairəsi ilə birləşdirən optik xətlər, eyni zamanda rabitə təhlükəsizliyinin təmin olunması məqsədilə ehtiyat optik xətt çəkilmişdir. "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki baxımdan təkmilləşdirilmiş lokal şəbəkə variantı məlumat mübadiləsinin daha operativ, intensiv və təhlükəsiz həyata keçirilməsini, eləcə də məlumatların toplanması, saxlanması və ictimailəşdirilməsini təmin etmişdir. Şəbəkə üzərindən quraşdırılmış lokal videokonfrans proqramı bütün dairə seçki komissiyaları ilə birbaşa və fasiləsiz bağlantı yaradılmasını da mümkün etmişdir.

Seçici siyahılarının daha operativ qəbul olunub işlənilməsi və çapı, seçici siyahılarında müvafiq yoxlamanın aparılmasını həyata keçirən proqram təminatı da təkmilləşdirilmişdir. Təkmilləşdirilmiş xüsusi proqram modulları seçici siyahılarında orfoqrafik səhvlərin yoxlanılması, təkrarların aşkarlanması, oxşar məlumatların araşdırılması və texniki səhvlərin aradan qaldırılmasına, eləcə də digər xarakterli təhlil və müqayisələrin həyata keçirilməsinə imkan vermişdir. "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə məlumatların asan və operativ mübadiləsi məqsədilə bütün seçki dairələri üçün elektron poçt ünvanları yaradılmışdır ki, bu da seçkilərə dair daha asan, operativ və təhlükəsiz ani məlumat mübadiləsinə imkan vermişdir. "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yüksək keyfiyyətli fəaliyyətini, eləcə də aşağı seçki komissiyaları ilə fasiləsiz rabitəni təmin etmək məqsədilə dairə seçki komissiyalarının texnoloji bazaları daha da gücləndirilmiş, bütün dairə seçki komissiyaları yüksək parametrlərə malik kompüter, onlar üçün müvəqqəti enerji mənbəyi (UPS) və noutbukla təchiz olunmuşdurlar.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə MSK-nın qərarları və məlumatlar, eləcə də daxil olmuş şikayət və müraciətlərlə bağlı Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclasdan dərhal sonra isə MSK-nın müvafiq qərarları Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilmişdir. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiya xarakterli proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, əvvəlki seçkilərlə bağlı məlumatlar, namizədliyinin irəli sürülməsi təsdiq olunanlar və qeydə alınmış prezidentliyə namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar internet səhifəsinə yerləşdirilmişdir. Komissiyanın sosial şəbəkələrdəki səhifəsi də istifadəçilərin ixtiyarında olmuş və məlumatlar mütəmadi olaraq bu səhifələrdə də yerləşdirilmişdir.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə sentyabr-oktyabr ayları ərzində 78762 istifadəçi 503985 dəfə daxil olmuş və internet səhifələrində yerləşdirmiş müxtəlif məlumatları əldə etmişlər.

Mərkəzi Seçki Komissiyasının hesabatları Azərbaycan, ingilis və rus dillərində komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.