.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Prezident seçkiləri » Prezident seçkiləri - 09.10.2013 » ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2013-cü ildə keçiriləcək seçkiləri ilə bağlı aralıq hesabatına dair

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
Seçki Müşahidə Missiyasının Azərbaycan Respublikası Prezidentinin
9 oktyabr 2013-cü ildə keçiriləcək seçkiləri ilə bağlı

ARALIQ HESABATINA DAİR

Bu günlərdə ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının Aralıq Hesabatı No.1 yayılmışdır.

Həmin hesabatda seçkilərin gedişatına dair bir sıra fikirlər səsləndirilmişdir. Bununla əlaqədar aşağıdakıları nəzərinizə çatdırmaq istərdik:

Qadın namizədin irəli sürülməməsi ilə bağlı bildiririk ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci Maddəsi ilə təmin edilmişdir. Qadınlar həm Parlamentdə, həm də Azərbaycan Hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunmuşlar. Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Qadınların yaradılan bu imkanlardan istifadə etməməsinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək olar.

2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlı bildirmək istərdik ki, 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilmişdir.

Bu haqda məlumat MSK-nın sədri tərəfindən ATƏT/DTİHB-nin Direktoru cənab Janez Lenarçiçə cari il avqustun 12-də ünvanlanmışdır.

Seçki komissiyalarının təşkili formulası ilə bağlı bildirmək istərdik ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşmışdır. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək üçün istifadə etmişlər. MSK-nın üzvləri Qanunla tələb edilən kvorumun olmadığına görə Qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları qəbul edə bilməmişlər və MSK iflic vəziyyətinə düşmüşdür.

ATƏT/DTİHB-nin o vaxtkı Direktoru Jerar Studmanın müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmə çağırışları ilə məktubların göndərilməsinə baxmayaraq, boykot davam etmiş və Konstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranmışdır. Seçki komissiyalarının təşkili formulası bundan sonra Milli Məclis tərəfindən təkmilləşdirilmişdir.

Bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəldikdə, seçkiləri müşahidə missiyasının nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir. Belə bir qənaətə gəlinməsinə əsas verən əldə olan faktların və ya buna şərait yarada biləcək qanunların adlarının MSK-ya təqdim olunmasını istərdik.

Bu mövqe həmçinin, ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının əlaqələndiriciləri tərəfindən qanunvericiliyi və onun hazırkı implementasiyasını QHT-lərin seçki prosesini müşahidə etmək qabiliyyətinə mane olan kimi səciyyələndirilməsinə də aiddir.

Onu da qeyd etmək istərdik ki, seçki prosesində qeydiyyatdançıxma vəsiqəsi seçicilərin səsvermə hüquqlarını təminatı üçün effektli vasitə hesab edilməlidir. Bu məqsədlə də MSK hesabatda qeyd edilən sayda qeydiyyatdançıxma vəsiqəsi çap etdirməklə seçicilər üçün geniş imkanlar yaratmışdır. Hesabat dərc edilən vaxt həmin vəsiqələrin az sayda seçicilər tərəfindən alınmasını yekun göstərici kimi qəbul etmək olmaz. Bu proses seçki gününə 3 gün qalmışadək davam edir və sonda istifadə edilməmiş qeydiyyatdançıxma vəsiqələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada müşahidə altında rəsmi olaraq ləğv edilir.

ATƏT/DTİHB-nin Aralıq Hesabatında təəccübə səbəb olan anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf qurulmasına zərurətin olması təəssüratı yaradır. Hesab edirik ki, müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı.


Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası