.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Prezident seçkiləri » Prezident seçkiləri - 09.10.2013 » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabatı - 1 sentyabr 2013-cü ilədək



AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SEÇKİLƏRİ - 2013

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

(2013-cü il 1 sentyabradək)

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 2 avqust 2013-cü il tarixli 8/64 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidentinin seçkiləri 9 oktyabr 2013-cü ilə təyin edilmişdir. Seçkilər təyin olunduqdan sonra MSK-nın digər qərarı ilə "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilmişdir.


2013-cü ilin Azərbaycan Respublikası Prezidentinin seçkiləri ili olduğunu nəzərə alaraq MSK 2012-ci ilin sonlarından etibarən bir sıra layihələr hazırlayaraq həyata keçirilməsinə başlamışdır.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi 2013-cü ildə də yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirmişdir. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri "qapı-qapı" gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirmişlər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına və növbəti mərhələdə isə MSK-ya ötürülmüşdür. MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlamış və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etmişdir.

Seçici siyahılarının bu müddət ərzində dürüstləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə Mərkəzi Seçki Komissiyasında saxlanılmış, o cümlədən dürüstləşdirilmiş son nüsxə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divardan asılmaqla yanaşı, həmçinin 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində də yerləşdirilmişdir. Hər bir seçici bu səhifədə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemindən istifadə etməklə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairənin sayını) dəqiqləşdirə bilər. Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə həmçinin sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. Seçicilər məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq "on-line”ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və lazımi dürüstləşdirmələr aparılır. Seçicilər adlarını seçici siyahılarında yoxlamaq üçün müvafiq dairə seçki komissiyasına da müraciət edə bilərlər.

Seçici siyahıları da daxil olmaqla seçki məsələlərilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə may ayından sentyabrın 1-dək 241 zəng daxil olmuş, bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilmiş və lazımi tədbirlər görülmüşdür . Seçicilər seçici siyahılarında öz məlumatlarını tapmadıqda Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla, eləcə də struktur bölmələrinin elektron poçt ünvanları vasitsilə müraciətlərini Komissiyaya göndərmiş və bu qəbildən olan müraciətlər də yerli seçki komissiyaları ilə dəqiqləşdirilərək müvafiq addımlar atılmışdır. Qeyd etmək lazımdır ki, may ayından başlayaraq sentyabrın 1-dək MSK-ya 3701 on-line müraciət daxil olmuş və bütün müraciətlərlə bağlı operativ qaydada dərhal tədbirlər görülmüşdür. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər, hüquqi məsələlər və prosedurlarla bağlı sual xarakterli olmuşdur.

Qaynar xətlərə seçkilərlə bağlı digər xarakterli sorğularla müraciət edən vətəndaşların sualları da ətraflı şəkildə cavablandırılmışdır.

Seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə, il boyu müvafiq qurumlarla (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatını aparan digər qurumlarla) əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumat operativ olaraq DSK-lara çatdırılır və siyahılarda nəzərə alınır.

MSK seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı hazırlığın və ehtiyacların öyrənilməsi məqsədilə, 2012-ci ilin oktyabrın 8-dən başlayaraq respublika üzrə bütün dairə seçki komissiyalarında iş şəraitinin və maddi-texniki vəziyyətin öyrənilməsi ilə bağlı maarifləndirmə-monitorinq tədbirləri həyata keçirmişdir. Təqribən 1 ay ərzində Mərkəzi Seçki Komissiyasının üzvlərindən və Katibliyin əməkdaşlarından ibarət monitorinq qrupları 125 dairə seçki komissiyasının fəaliyyətini yoxlamışlar. Monitorinq zamanı dairə seçki komissiyalarının kargüzarlıq işlərindən tutmuş, onların yerləşdiyi binada mövcud olan iş şəraitinədək bütün müvafiq məsələlər nəzərdən keçirilmiş, monitorinqin nəticəsi MSK-da ətraflı şəkildə araşdırılmış və zəruri addımlar atılmışdır. Qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarında maarifləndirmə-monitorinqi tədbirləri mütəmadi olaraq hər il keçirilir, nəticələr təhlil edilir və lazımi layihələr hazırlanaraq reallaşdırılır.

Eyni səpkili maarifləndirmə-monitorinq prosesi 2013-cü ilin mart ayı ərzində bir daha keçirilmiş və əvvəlki tövsiyələrin icra vəziyyəti, həmçinin seçki məntəqələrinin yerləşdirilməsi üçün təklif olunan məlum binalar nəzərdən keçirilmişdir.

Müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi MSK üçün daima prioritet məsələlərdəndir. 9 oktyabr 2013-cü ildə keçiriləcək seçkilərlə bağlı bu istiqamətdə hələ seçkilərə start verilməzdən əvvəl bir sıra layihələr həyata keçirilmişdir.

MSK ilk növbədə seçkilərin təyin edildiyi gün "Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nı təsdiq etmişdir. Təqvim planı Prezident seçkilərinin hazırlanıb keçirilməsi üçün bütün əsas hərəkətləri əks etdirməklə, Azərbaycan və ingilis dillərində hazırlanaraq çap olunmuş, eyni zamanda bütün seçki subyektlərinin asanlıqla əldə etmələrindən ötrü MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Mərkəzi Seçki Komissiyası Prezident seçkilərilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə 13, 15, 17 və 20 iyul tarixlərində paytaxt Bakıda və bölgələrdə "Polis əməkdaşlarının seçkilərdə iştirakı” mövzusunda regional seminarlar keçirmişdir. Seminarlarda MSK üzvləri və Katibliyin məsul işçiləri seçkilər dövründə polisin rol və vəzifələrilə bağlı müxtəlif mövzularda çıxış etmişdirlər. Həmçinin MSK "Polis əməkdaşlarının Prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirmişdir. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmışdır. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən üzərinə düşən vəzifələr haqda ətraflı məlumat verilmişdir.

Seçkilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun hazırlanıb keçirilməsi məqsədilə seçki komissiyalarının üzvləri üçün kursların təşkili artıq ənənə halını almışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli Sərəncamlarında Mərkəzi Seçki Komissiyasına aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin keçirilməsinə dair maarifləndirmə işlərinin aparılması tövsiyə edilmişdir. Bu sərəncamlar azad və ədalətli seçkilərin keçirilməsi, eləcə də seçki prosesində insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş siyasi iradəni özündə ehtiva edir. Mərkəzi Seçki Komissiyası Sərəncamdan irəli gələn tövsiyələri yerinə yetirmək məqsədilə aşağı seçki komissiyası üzvlərinin hüquqi bilik və peşə bacarıqlarının artırılması üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsini nəzərdə tutan layihə hazırlamışdır. Sözügedən layihə 2 fazadan ibarət olmaqla, təxminən 6000-dən artıq seçki rəsmisini əhatə etmişdir. Layihənin birinci mərhələsində nəzərdə tutulduğu kimi 2013-cü ilin 29 iyul – 4 avqust tarixlərində dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində Mərkəzi Seçki Komissiyası tərəfindən bir həftəlik tədris kursu keçirilmişdir. Tədris proqramı çərçivəsində kurs iştirakçıları 4 qrup şəklində bölünərək Bakı şəhərində yerləşən bir neçə dairə seçki komissiyasına səfər etmiş, həmin seçki komissiyaları ilə təcrübə mübadiləsi aparmış, onların iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olmuşlar.

Kurs ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Bakı Apellyasiya Məhkəməsinin rəhbər şəxsləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin məsul şəxsləri müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış etmiş, praktiki məşğələlər aparmışlar. Tədris proqramına seçki hüququnun konstitusion əsasları, siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakının hüquqi əsasları, beynəlxalq seçki standartları, digər ölkələrin seçki təcrübəsi, seçki prosesində aşkarlıq institutları və KİV-lərin rolu, yerli və beynəlxalq müşahidənin xüsusiyyətləri, seçki prosesində Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi orqanlarının rolu, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri, vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması, seçki hüquqlarının məhkəmə müdafiəsi, Avropa İnsan Hüquqları Məhkəməsində seçki hüquqlarının müdafiəsi təcrübəsi, seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi, Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu, dairə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları və s. kimi mövzular daxil edilmiş, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər və "öyrənilmiş dərslər” nəzərdən keçirilmişdir. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatlar almışlar. Kursların gedişində ATƏT-in Bakı ofisinin rəhbəri də iştirak etmişdir.

Layihənin ikinci mərhələsinin yerlərdə icrası avqustun 5-7-də baş tutmuşdur. Üç günlük kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 40-60 nəfər arasında dəyişirdi ki, bu da aşağı seçki komissiyalarının təmsilçilərinə məşğələlər zamanı daha fəal olmaq və onları maraqlandıran suallara cavab almaq imkanı yaradırdı. Məntəqə seçki komissiyası üzvlərinin bilik səviyyəsinin artırılmasını nəzərdə tutan tədris proqramında Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri eyni mövzularda təqdimatlarla çıxış etdilər. Ümumilikdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə etdi və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli informasiya əldə etdilər. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu kursların gedişi bir sıra KİV-lər tərəfindən işıqlandırılmış və ictimaiyyətə məlumat verilmişdir.

Beynəlxalq təşkilatlarla həyata keçirilən layihələrdən biri də ATƏT-in Bakı ofisi ilə birgə keçirilmiş informasiya sessiyalarıdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilmiş informasiya sessiyaları avqustun 23-də Bakı şəhərində "Four seasons” otelində Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçirilmişdir. Avqustun 27-də Mingəçevirdə, avqustun 31-də isə Şirvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni səpkili sessiyalar keçirilmişdir. Tədbirin məqsədi seçki prosesinə müdaxilə kimi qiymətləndirilə biləcək hallar və onların qarşısının alınması yolları, xarici ölkələrin müvafiq seçki təcrübəsi barədə iştirakçılarla məlumat mübadiləsi idi. Sessiyalar ərzində bir sıra məsələlər aydınlaşdırılmış və seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyi ətraflı müzakirə edilmişdir. İnformasiya sessiyalarına xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlik və diplomatik korpuslarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunmuş və bütün sessiyalar KİV-də ətraflı şəkildə işıqlandırılmışdır.

MSK 2002-ci ildən bəri seçkilərlə bağlı gerçəkləşdirdiyi ən mühüm layihələrdən biri olan məntəqə və dairə seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə edilməklə həyata keçirilən treninq proqramının bu il keçiriləcək Prezident seçkilərində də reallaşdırıması layihəsi üzərində iş aparır və yaxın vaxtlarda həyata keçirilməsini nəzərdə tutur.

Seçicilərin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının daima diqqət mərkəzindədir. 2013-cü ilin seçki ili olduğunu nəzərə alaraq MSK bu istiqamətdə işlərini daha da intensivləşdirmiş və bir sıra layihələr hazırlamışdır.

Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparmış və KİV-lə bu istiqamətdə sıx əməkdaşlıq etmişdir. Sentyabrın 1-dək "Adınızı seçici siyahısında yoxlayın”, "Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, "Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115”, "Seçici siyahıları internetdə”, eləcə də seçkilərə çağırış mövzulu ümumilikdə 34 adda hazırlanmış yüz minlərlə çağırış plakatı respublikanın bütün bölgələrində əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) nümayiş etdirilir. Həmçinin eyni mövzulu müxtəlif videoçarxlar hazırlanaraq respublikamızda fəaliyyət göstərən bütün televiziya kanallarında yayımlanır.

Avqust ayından etibarən Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin əməkdaşları respublikanın bütün ərazisində yayımlanan telekanallarda seçkilərlə bağlı müxtəlif mövzularda çıxış etmişlər. MSK təmsilçilərinin mətbuat səhifələrindəki məqalələri və müsahibələri də seçicilərin seçki biliklərinin artırılmasına hədəflənən layihələrdəndir. Sentyabr ayınadək MSK sədrinin 24 müsahibəsi, eləcə də Komissiya üzvləri və Katibliyin məsul əməkdaşlarının 36 müsahibəsi və 3 məqaləsi müxtəlif KİV-lərdə işıqlandırılmışdır. Bundan başqa, sentyabr ayınadək MSK tərəfindən seçicilər siyahısı ilə bağlı məlumatlandırma xarakterli 2 videoçarx hazırlanaraq respublikada fəaliyyət göstərən TV kanalları vasitəsilə mütəmadi olaraq yayımlanmaqdadır. Bu çarxlar "Adınızı seçici siyahısında yoxlamağı unutmayın” və "Seçici siyahıları MSK-nın internet səhifəsində” mövzularındadır. Sentyabr ayının sonlarından etibarən isə "səsvermə proseduru” mövzulu videoçarxın seçicilərə təqdim olunması üçün müvafiq layihə hazırlanır. Seçicilərin maarifləndirilməsi üçün atılan addımlardan biri də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə əsasən hər bir seçiciyə çatdırılmalı olan bildiriş vərəqələrinin arxa hissəsində seçicilər üçün "Səsvermə qaydalarına dair yaddaş”ın yerləşdirilməsidir ki, bu da seçicilərin əməl etməli olduqları prosedurlar barədə informasiya almasını təmin edir.

MSK aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla bütün digər seçki subyektlərinin maarifləndirilməsi üçün Prezident seçkiləri günü seçki prosedurlarını - seçki məntəqəsinin açılmasına hazırlıq və məntəqənin açılması, məntəqə seçki komissiyaları üzvlərinin və müşahidəçi statusu olan şəxslərin rol və vəzifələri, səsvermə saatlarında tədbirlər və müstəsna hallar, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və səsvermənin nəticələri haqqında rəsmi protokolun doldurulması və s. məsələləri ətraflı şəkildə əks etdirən Azərbaycan və ingilis dillərində "Seçki günü üçün yaddaş” kitabçası hazırlamış və aşağı seçki komissiyalarına paylamışdır. "Seçki günü üçün yaddaş” kitabçası müşahidəçilərə və digər iştirakçılara çatdırılması məqsədilə həmçinin DSK-lara, siyasi partiyalara və müraciət etmiş digər təşkilatlara təqdim olunmuşdur.

Prezident seçkilərilə əlaqədar müşahidəçilərin maarifləndirilməsi məqsədilə "Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilmişdir. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olunmuş, yerli və beynəlxalq müşahidəçilərə çatdırılması nəzərdə tutulmuşdur.

2013-cü ilin seçki ili olduğunu nəzərə alaraq MSK KİV-lə əlaqələrini daha da intensivləşdirmişdir. MSK-nın fəaliyyəti il ərzində KİV üçün tam açıq olmuş və komissiyanın fəaliyyəti barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılmışdır. KİV nümayəndələri MSK-nın tədbirlərinə dəvət olunur və mütəmadi qaydada lazımi məlumatları əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə sentyabr ayınadək MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilmiş, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrində mütəmadi müsahibələr təşkil olunmuş, mətbuat bülletenləri və məqalələr dərc olunmuşdur. 2013-cü ilin yanvar ayından sentyabr ayınadək Komissiyanın iclasları, təşkil etdiyi tədbirlər, maarifləndirmə və ictimaiyyətin məlumatlandırılması ilə bağlı mətbuatda 1156 yazı dərc olunmuşdur. MSK-nın qərarları və təsdiq etdiyi digər sənədlər mətbuatda dərc edilmişdir. Ümumilikdə avqust ayı ərzində həyata keçirilmiş tədbirlər 37 agentlik, 31 qəzet, 18 TV və 7 radio tərəfindən işıqlandırılmışdır ki, bunların da 12-si xarici KİV-lər olmuşdur.

Seçkilər elan olunduqdan sonra KİV-də maarifləndirmə proqramı başlanmış və proqramda MSK-nın üzvləri və Katibliyin məsul əməkdaşları avqust ayı ərzində 50 dəfə çıxış etmişlər. Prezident seçkiləri ilə bağlı bütün mövzular proqrama daxil edilmiş və iştirakçılar proqram çərçivəsində, həmçinin ictimaiyyət tərəfindən onlara ünvanlanmış sualları cavablandırmışlar.

Televiziya kanalları ilə əməkdaşlıq şəraitində həftədə 2-3 dəfə olmaqla xəbərlər proqramında maarifləndirmə, məlumatlandırma sahəsində müsahibələr verilir. MSK sədrinin mətbuat üçün brifinqləri artıq seçkilər ərəfəsində ənənəyə çevrilmişdir. Avqust ayı ərzində MSK sədri seçkilərlə bağlı yerli və beynəlxalq KİV nümayəndələri üçün 6 brifinq keçirmiş, həmçinin sədrin mətbuatda 24 açıqlaması, xarici səfərləri və qəbulları ilə bağlı 12 yazı dərc olunmuşdur. Bundan başqa mətbuatda digər MSK üzvlərinin də açıqlamaları və məqalələri işıq üzü görmüşdür. DSK sədrləri də maarifləndirmə proqramlarına qatılmış və müxtəlif mövzularda KİV-ə müsahibələr vermişdirlər.

Prezident seçkiləri elan olunandan İctimai Televiziyada həftədə bir dəfə "Xalq seçir” adlı proqram efirə gedir və MSK üzvləri, eləcə də Katibliyin məsul əməkdaşları proqramda iştirak edirlər. Proqram Prezident seçkiləri ilə bağlı müxtəlif mövzuları - seçib-seçilmək hüququnun həyata keçirilməsinə dair ümumi tələblər, bu prosesdə seçki komissiyalarının rolu və seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyəti, namizədlərə dair tələblər, namizədlərin irəli sürülməsi və qeydə alınması qaydaları, seçki komissiyaları qarşısında öhdəliklərin götürülməsi, namizədlərin əmlak və gəlirlərinin bəyan edilməsinin xüsusiyyətləri, siyasi partiyalar blokunun yaradılmasına dair tələblər, siyasi partiya və siyasi partiyalar bloklarının Prezident seçkilərində iştirak qaydaları, əsasları və şərtləri, xüsusi seçki hesablarının açılması, seçki fondlarının formalaşdırılması qaydaları və şərtləri və s. əhatə edir.

Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə MSK lazım olan zəruri addımları atır və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırır. 2013-cü ilin ilk 7 ayı ərzində MSK-nın 7 iclası keçirilmiş, bu iclaslarda 63 qərar qəbul edilmişdir. Seçkilər elan edildikdən sonra isə avqust ayı ərzində 15 iclas keçirilmiş və bu iclaslarda 68 qərar qəbul edilmişdir. Mahiyyəti etibarilə bu müddətdə qəbul edilən qərarlar sırasına Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiqi, Azərbaycan Respublikası Prezidentinin seçkilərilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydasının təsdiqi, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması, namizədlərin irəli sürülməsinin təsdiq olunması və qeydiyyatı, namizədlərin və siyasi partiyaların səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin təsdiq olunması, MSK-nın iclas protokollarının təsdiq edilməsi və digər məsələlərə daxildir.

Məlumdur ki, seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsində təkmil hüquqi bazanın mühüm rolu vardır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 2012-ci il 20 aprel və 2013-cü il 30 aprel tarixli qanunlarla əlavə və dəyişkliklər edilməsi ilə əlaqədar olaraq 2013-cü ilin ikinci yarısından başlayaraq MSK Prezident seçkilərilə bağlı normativ-hüquqi bazanın işlənib hazırlanması prosesinə başlamış və bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Öncə seçki qanunvericiliyi müddəalarının peşəkarcasına icrasını və seçki hüququ üzrə biliklərin artırılmasını təmin etməkdən ötrü bir sıra normativ xarakterli aktlar­ - təlimat, izah və qaydalar qəbul edilmiş, əvvəllər qəbul edilmiş normativ aktlar seçki qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən nəzərdən keçirilmişdir. İşlənib hazırlanmış 49 normativ-hüquqi akt 15 toplu şəklində nəşr olunaraq seçki komissiyalarının 32 mindən artıq üzvünə çatdırılmışdır. Avqust ayında Seçki Məcəlləsinin son əlavə və dəyişiklikləri əks etdirən yeni variantı Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq böyük tirajla çap olunmuş, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan olunduqdan sonra seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan şəxslər həm siyasi partiyaların təşəbbüsü ilə, həm də öz təşəbbüsləri ilə müvafiq sənədlərlə birgə Mərkəzi Seçki Komissiyasına müraciət etmişlər. Sentyabrın 1-dək 22 iddiaçı namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və onlardan 21-nin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Bir nəfərin isə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi, əsasların mövcud olmaması səbəbindən qeyri-mümkün olmuşdur. Belə ki, iddiaçı özü tərəfindən imzalanmış öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olması ilə bərabər, Rusiya Federasiyasının da vətəndaşı olduğunu qeyd etmişdir. Mərkəzi Seçki Komissiyasının sorğusuna əsasən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən ünvanlanmış məktubda sözügedən şəxsin Rusiya Federasiyasının vətəndaşı olduğu təsdiq olunmuşdur. Bu fakt Azərbaycan Respublikası Konstitusiyasının 100-cü Maddəsində nəzərdə tutulmuş ikili vətəndaşlığın olmaması tələbi ilə ziddiyyət təşkil etdiyindən, şəxsin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda, namizədlik iddiasında olan şəxsin səlahiyyətli nümayəndəsinə Rusiya Federasiyası vətəndaşlığından çıxarıldığı təqdirdə namizədliyinin irəli sürülməsi üçün sentyabrın 9-u saat 18:00-dək yenidən Mərkəzi Seçki Komissiyasına müraciət edilməsinin mümkünlüyü də bildirilmişdir.

MSK namizədlərin qeydiyyatı prosesini asanlaşdırmaq və sürətləndirmək məqsədilə sənədləri MSK-ya təqdim edərkən doldurulmalı olan formalar hazırlamış və bütün formalar normativ-hüquqi aktlara əlavələr şəklində internet səhifəsində yerləşdirmişdir. Namizədlikləri təsdiq olunan iddiaçılar imza vərəqələri götürərək imza toplamışlar. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş 21 iddiaçıdan 2 nəfər sentyabrın 1-dək imza vərəqələrini və ona əlavə olunan digər sənədləri MSK-ya təqdim etmişlər. Prezidentliyə namizədlərin və siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən MSK-ya daxil olmuş imza vərəqələri və ona əlavə olunan digər sənədlər qanunvericilikdə müəyyən olunmuş müddət ərzində işçi qrupunun müxtəlif sahələr üzrə ekspertləri tərəfindən yoxlanılmış və sentyabrın 1-dək MSK-nın qərarı ilə 1 nəfərin namizədliyi qeydə alınmışdır.

Prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş lazımi sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən və qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparıldıqdan sonra, Komissiyanın nəzdində yaradılmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hesablama Palatasının mütəxəssislərdən ibarət tərkibdə yaradılmış işçi qrupunun rəyi nəzərə alınmaqla, namizədliyin qeydə alınıb-alınmaması məsələsi komissiyanın qərarı ilə həll olunur.

Seçki prosesinin mühüm fazalarından biri də seçkiqabağı təşviqat mərhələsidir. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsinin başlanacağı ilə əlaqədar Mərkəzi Seçki Komissiyası namizədlər üçün bərabər şəraitin yaradılması məqsədilə bir sıra addımlar atmışdır ki, bu da eyni imkanlı seçkiqabağı təşviqatın təminatına yönəlmişdir. Mərkəzi Seçki Komissiyası tərəfindən Prezident seçkilərində seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar mətbuat vasitəsilə, eləcə də internet səhifəsində yerləşdirməklə KİV-ə müraciət ünvanlanmış və seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lər tərəfindən dərc edilməsi və yayımlanmasının qadağan olduğu diqqətə çatdırılmışdır.

Sentyabrın 1-dək seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş və bu barədə MSK-ya məlumat vermiş 51 KİV (27 qəzet və jurnal, 21 agentlik, 3 TV və radio) tərəfindən namizədlərə təklif olunan qiymətlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş və bu məlumatlar namizədlərin tanış olması üçün Komissiyanın internet səhifəsində yerləşdirilmişdir. Bütün namizədlərə müvafiq KİV-lər tərəfindən bərabər şərtlər təmin olunması diqqət mərkəzində saxlanılacaqdır. Habelə, hər bir seçki məntəqəsi ərazisində 2 ədəd olmaqla, ümumilikdə namizədlərin təbliğat materialları üçün 10000-dən artıq lövhələr qurulmuşdur. Seçkiqabağı təbliğatın mühüm tərkib hissələrindən biri olan namizədlərin seçicilərlə görüşləri və yığıncaqları üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən respublikadakı yaşayış məntəqələrində kifayət sayda açıq və qapalı görüş yerləri ayrılması istiqamətində iş aparılır. Namizədlər dairə seçki komissiyasına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə etmək imkanına malik olacaqlar. Ümumilikdə, namizədlərin seçicilərlə görüşməsi və onlara öz seçki ismarıclarını çatdırması üçün lazımi şərait yaradılmışdır.

Mərkəzi Seçki Komissiyası tərəflərə ədalətli mübarizə şəraiti yaratmaq üçün televiziya vasitəsilə öz seçkiqabağı platformalarını seçicilərə çatdırması üçün daha geniş imkanlar yaratmaq məqsədilə dövlət büdcəsi hesabına, qanunvericilikdə nəzərdə tutulmuş digər imkanlara əlavə olaraq, qeydə alınmış namizədlərin hamısı üçün İctimai televiziyada pulsuz efir vaxtı və "Azərbaycan”, "Xalq qəzeti”, "Respublika” və "Bakinski raboçi” qəzetlərində dərc üçün pulsuz yer ayrılmasını nəzərdə tutmuşdur. Namizədlərin qeydiyyatı prosesi başa çatanadək ödənişsiz efir vaxtından istifadə qaydaları MSK tərəfindən müəyyənləşdiriləcək və MSK tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət həyata keçiriləcəkdir.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün sentyabrın 1-dək ümumilikdə 2033 yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 1296 yerli müşahidəçidən 451 nəfəri siyasi partiyaların, 690 nəfəri qeyri-hökumət təşkilatlarının, 153 nəfəri isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK tərəfindən akkreditə olunmuşdur. Bu qəbildən olan müşahidəçilərin sayı 737-dir ki, bunlardan da 427 nəfəri siyasi partiyaların, 310 nəfəri isə öz təşəbbüsü ilə müşahidə aparır.

MSK tərəfindən bu günədək 29 beynəlxalq müşahidəçi akkreditə olunmuşdur və bu müşahidəçilər 5 beynəlxalq (xarici) qurumu təmsil edir. Beynəlxalq müşahidəçilər 3 xarici ölkənin vətəndaşlarıdır.

Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunmuşlar. Bundan başqa müşahidəçilərə verilməsi məqsədilə "Müşahidəçilər üçün yaddaş”, habelə "Seçki günü üçün yaddaş” kitabçaları hazırlanmış, beynəlxalq müşahidəçilərə isə həmçinin ingilis dilində Seçki Məcəlləsi, Azərbaycan haqqında məlumat diski, ölkənin xəritəsi və digər lazımi materiallar təqdim olunmasına hazırlıq istiqamətində işlər aparılır.

MSK-nın iclasları da KİV nümayəndələri və müşahidəçilər üçün açıqdır. Hər bir iclasdan əvvəl KİV nümayəndələri, respublikadakı xarici ölkələrin səfirlik və diplomatık korpusları, eləcə də beynəlxalq təşkilatların nümayəndəlikləri məlumatlandırılaraq iclaslara dəvət edilirlər. İclaslardan sonra isə Komissiyanın qəbul etdiyi sənədlər "Azərbaycan” qəzetində dərc olunur və MSK-nın internet səhifəsində Azərbaycan və ingilis dillərində yerləşdirilir.

Səsvermə prosesilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə KİV-lərin material hazırlaması üçün bütün şərait yaradılmışdır. Sentyabrın 1-dək 2 xarici kütləvi informasiya vasitələrindən 11 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akkreditə olunmuşdur.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış məntəqələrin sayının 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20%-ə) çatdırılması nəzərdə tutulmuşdur. Veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşdırıldıqdan sonra məsələyə MSK-nın iclasında baxılacaq və veb-kameralar quraşdırılacaq seçki məntəqələrinin siyahısı təsdiq olunacaqdır. Bu veb-kameralar vasitəsilə internet istifadəçiləri heç bir qeydiyyat tələb olunmadan istər ölkə daxilindən, istərsə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edə biləcəklər.

Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr və görüşlər keçirilmişdir. Belə ki, MSK qarşıdan gələn seçkilərlə bağlı ATƏT-in Bakı ofisi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, eləcə də xarici ölkə səfirlikləri və bir sıra digər təşkilatlarla sıx əməkdaşlıq etmiş və mütəmadi görüşlər keçirmişdir. Bu qəbildən olan görüşlər zamanı MSK tərəfindən prioritet olaraq qəbul edilən sahə və məsələlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verilmiş, mümkün tərəfdaşlıq imkanları müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.

Beynəlxalq (xarici) qurumların marağını nəzərə alaraq, hələ 2013-cü ilin əvvəllərindən etibarən, bir sıra görüşlər keçirilmişdir. Buna misal olaraq, MSK sədrinin yanvar ayının 23-də Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen, fevralın 28-də ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstar, martın 5-də Avstriya Respublikası Parlamentinin Milli Şurasının birinci vitse-spikeri Friz Noygebauerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə, aprelin 11-də Ursula Qaçekin rəhbərlik etdiyi Avropa Şurası Nazirlər Kabinetinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti, aprelin 22-də ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay, aprelin 30-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia, mayın 20-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun, iyunun 12-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex, iyunun 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası, iyulun 23-də Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq və avqustun 29–da Tana de Zuluetanın rəhbərlik etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının üzvləri ilə görüşlərini misal göstərmək olar. Görüşlərdə Prezident seçkilərinə hazırlıqla bağlı fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Prezident seçkilərinə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarının təchizatı istiqamətində lazımi addımlar atmışdır. Belə ki, aşağı seçki komissiyalarının lazımi çap materialları, səsvermə günü istifadə olunması məqsədilə seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər, onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması üçün xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təchiz olunması istiqamətində iş aparılır. Təchizat baxımından həm məntəqə, həm də dairə seçki komissiyalarının tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirilməsi prosesi davam etdirilir.

MSK 2003-cü ildən bəri görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün seçki bülletenindəki bütün məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə edir və gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar trafaretlə sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Bu il Prezident seçkilərində bu praktika ilə yanaşı, yeni bir təcrübədən - hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün daşına bilən panduslardan istifadə olunacaq. Respublika üzrə aparılan araşdırmalardan sonra hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu 1113 məntəqədə artıq mobil panduslar quraşdırılıb. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradacaq. Ümumiyyətlə, Seçki Məcəlləsinin tələbinə əsasən Azərbaycanda keçirilən seçkilərdə seçki günü səhhətinə görə seçki məntəqəsinə gəlmək imkanı olmayan seçicilərin hər zaman daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs verməsi təmin olunmuşdur. Panduslardan istifadə edilməsi onların cəmiyyətə inteqrasiyasına, digər seçicilər kimi sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs vermələrinə imkan verəcək.

Seçki günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Bu il keçiriləcək Prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından seçkilərlə bağlı müxtəlif məlumatların daha asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin olunması üçün hazırda qeyd olunan informasiya şəbəkəsinin texniki və proqram təminatı yenilənmiş və gücləndirilmiş, müvafiq məlumat bazaları yenidən formalaşdırılmışdır. Eyni zamanda seçici siyahılarının daha operativ qəbul olunub işlənilməsi və çapı, seçici siyahılarında yoxlamanın aparılmasını təmin edən proqram təminatı daha da təkmilləşdirilmişdir. MSK ilə dairə seçki komissiyaları arasında yeni optik şəbəkə yaradılmışdır ki, bu da aşağı seçki komissiyaları ilə məlumat mübadiləsinin daha operativ və asan həll olunması məqsədini daşıyır. Yaradılmış şəbəkələrdən və müvafiq proqram təminatından düzgün istifadə məqsədilə mütəxəssislərin lazımi bilik və bacarıqlar əldə etməsi üçün sentyabr ayında dairə seçki komissiyalarında çalışan kompüter mütəxəssisləri üçün 1 həftəlik treninq layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Hazırda Mərkəzi Seçki Komissiyasının internet səhifəsi yeni dizaynda hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. İnternet səhifəsində (www.msk.gov.az,www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə MSK-nın qərarları və məlumatlar iclasdan dərhal sonra Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilir. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, namizədliyinin irəli sürülməsi təsdiq olunanlar haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar internet səhifəsinə yerləşdirilmişdir. Komissiyanın sosial şəbəkələrdəki səhifəsi də istifadəçilərin ixtiyarındadır və məlumatlar mütəmadi olaraq bu səhifələrdə də yerləşdirilir.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə 2013-cü ilin yanvar ayından sentyabr ayınadək təxminən 196743 istifadəçi, seçkilər elan olunduqdan sonra təkcə avqust ayı ərzində isə 30274 istifadəçi daxil olmuş və internet səhifələrində yerləşdirmiş müxtəlif məlumatları əldə etmişlər.

Mərkəzi Seçki Komissiyasının hesabatları Azərbaycan, ingilis və rus dillərində komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.