.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Milli Məclisə seçkilər » Milli Məclisə seçkilər - 01.11.2015 » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabatı - 16 oktyabr – 24 noyabr 2015-ci il



AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Milli Məclisə seçkilər – 2015
(16 oktyabr – 24 noyabr 2015-ci il)

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar bütün addımlar Mərkəzi Seçki Komissiyasının hazırlayıb təsdiq etdiyi "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən atılıb.

Mərkəzi Seçki Komissiyası 2015-ci ilin Beşinci çağırış Milli Məclisə seçkilər ili olduğunu nəzərə alaraq, ilin əvvəlindən etibarən bir sıra irimiqyaslı layihələr hazırlayaraq həyata keçirilməsinə başlayıb və nəzərdə tutulmuş bütün layihələr uğurla gerçəkləşdirilib. Bu layihələr sırasına seçici siyahılarının dəqiqləşdirilməsi, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki təminatının daha da təkmilləşdirilməsi, seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların, treninqlərin və digər bu səpkili tədbirlərin keçirilməsi, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi, qeydə alınması, bərabər seçkiqabağı təşviqat imkanlarının təminatı və s. daxildir (bu barədə MSK-nın 2015-ci il 15 oktyabradək olan hesabatında ətraflı məlumat verilib).

Mərkəzi Seçki Komissiyasının genişmiqyaslı və intensiv fəaliyyəti seçkilər yaxınlaşdıqca xüsusən nəzərəçarpan olub. Belə ki, mühüm seçki sənədləri olan seçki bülletenləri, səsvermənin yekunlarına dair dairə və məntəqə seçki komissiyalarının karbonlaşdırılmış rəsmi və müşahidəçilər üçün nəzərdə tutulmuş nümunə protokol nüsxələri beynəlxalq və xarici qurumların, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər maraqlı subyektlərin iştirakı üçün hərtərəfli şərait yaradılması şərtilə mətbəədə çap olunaraq dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına çatdırılıb. Eyni zamanda, aşağı seçki komissiyaları 2005-ci ildən tətbiq olunan səsvermədə iştirak edən seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi üçün gözəgörünməyən mürəkkəb və ultrabənövşəyi lampalarla təchiz olunub.

MSK seçici siyahılarının seçkilərdə daşıdığı mühüm əhəmiyyəti nəzərə alaraq, seçici siyahılarının dəqiqləşdirilməsi və yüksək səviyyədə tərtib edilməsi işini daim nəzarətdə saxlayıb. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə aşağı seçki komissiyalarından təqdim edilən siyahılar MSK tərəfindən təsdiq edilməzdən əvvəl Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin xüsusi proqram təminatı vasitəsilə keyfiyyətli təhlil edilib.
Belə ki, 31316 seçicinin adı, 20735 seçicinin soyadı və 32153 seçicinin ata adı ilə bağlı Azərbaycan dilinin orfoqrafiyasına uyğunluğu şübhə doğruan məqamlar aşkarlanıb və məlumatlar yenidən baxılması üçün DSK-lara göndərilib. Təfsilatlı araşdırmadan sonra bu qəbildən olan seçicilərin mütləq əksəriyyətinin məlumatlarının doğru olduğu müəyyənləşdirilib, kiçik bir qismində isə yol verilmiş səhvlər dərhal aradan qaldırılıb. DAİS-in sözügedən proqram təminatı vasitəsilə həmçinin, adı, soyadı, ata adı, təvəllüdü və cinsinə dair məlumatları oxşar olan 37045 seçici aşkar edilib və bu məlumatlar da yenidən baxılmaq üçün aidiyyəti üzrə DSK-lara göndərilib və nəticədə həmin seçicilərin məlumatlarının həqiqətən oxşar olduğu (şəxsiyyəti təsdiq edən sənədlə müəyyənləşdirilib) bəlli olub. Bundan başqa, seçicilərin təvəllüdləri və cinsləri ilə bağlı təsadüfi texniki səhvlər və cüzi ünvan səhvləri də müəyyən olunaraq, dərhal operativ şəkildə düzəldilib.

Əvvəlki illərdə keçirilmiş seçkilərdə olduğu kimi, bu seçkilər boyunca bütün çoxsaylı seçki subyektlərini əhatə edən irimiqyaslı maarifləndirmə tədbirlərinin reallaşdırılması MSK üçün xüsusi prioritet əhəmiyyət daşıyan sahələrdən biri olub və bu barədə geniş məlumat 2015-ci ilin 15 oktyabradək olan hesabatdə hərtərəfli məlumat verilib. Seçkilər elan olunduğu gündən etibarən həyata keçirilmiş müxtəlif genişmiqyaslı maarifləndirmə tədbirləri oktyabr ayının sonlarına doğru seçiciləri və digər seçki iştirakçılarını əhatə etməklə ardıcıl şəkildə davam etdirilib.

MSK-nın aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün 2002-ci ildən etibarən ənənəvi şəkildə gerçəkləşdirdiyi və cari ildə Milli Məclisə seçkilərlə əlaqədar oktyabrın 7-dən start verdiyi treninqlərin ikinci mərhələsi seçki dairələri üzrə seçki məntəqələrinin sayına müvafiq olaraq demək olar ki, oktyabrın sonunadək davam edib. Dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin cəlb olunduğu və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 35-40 nəfərlik kiçik qruplar şəklində keçirilən treninqlərdə iştirakçılar səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar əhatə olunub. Tədbir zamanı habelə, əvvəlki seçkilər zamanı əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilib. Genişmiqyaslı maarifləndirmə layihəsi kimi reallaşdırılan treninqlər çərçivəsində hər bir MnSK üzvünə "Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunub və bütünlükdə bu treninqlər 32000-dən artıq komissiya üzvünü əhatə edib.

MSK Milli Məclisə seçkilərlə bağlı seçicilərin, xüsusilə gənclərin və ilk dəfə səs verən seçicilərin maarifləndirilməsinə xüsusi diqqətlə yanaşıb və bu məqsədlə müxtəlif genişmiqyaslı layihələr reallaşdırılıb. 2015-ci il oktyabrın 20-də Bakı şəhərində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə tədbir gerçəkləşdirilib. Milli Məclisə seçkilərdə gənclərin fəallığının daha da artırılması məqsədi daşıyan tədbirdə respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və digər təmsilçiləri iştirak edib. Layihə çərçivəsində ali dövlət qurumlarının rəhbər şəxslərinin təqdimatında Milli Məclisə seçkilərlə bağlı müxtəlif aidiyyəti sahələr üzrə təqdimatlar aparılıb, çıxışlar dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan bu tədbir Milli Məclisə seçkilərdə gənclərin və ilk dəfə səs verən seçicilərin fəallığının artırılması, onların seçkilərdə iştiraka sövq edilməsi üçün mühüm əhəmiyyət kəsb edib.

Gəncləri və ilk dəfə səs verən seçiciləri əhatə edən növbəti irimiqyaslı maarifləndirmə tədbirləri MSK-nın Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə layihəsi çərçivəsində 21-23 oktyabr tarixlərində Bakı şəhərində keçirilib. Paytaxtın müxtəlif rayonlarında reallaşdırılan seminarlarda ilk dəfə səs verən seçicilərə MSK təmsilçiləri tərəfindən Milli Məclisə seçkilərlə bağlı ətraflı məlumat verilib. İştirakçılar habelə, əyani vəsaitlərdən istifadə edilməklə seçki günü prosedurları, müstəsna hallar, səsvermə qaydası və digər zəruri məsələlər barədə ətraflı məlumatlandırılıb, praktiki seminarlar zamanı ilk dəfə səs verən seçicilər üçün maraq kəsb edən məsələlərə aydınlıq gətirilib və suallara ətraflı şəkildə cavab verilib.

MSK-nın gerçəkləşdirdiyi digər bir tədbir 22-24 oktyabr tarixlərində baş tutub və seçki günü proseslərin şəffaflığının təmin olunmasında mühüm əhəmiyyət daşıyan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və onun müvafiq proqram təminatlarından düzgün istifadə ilə bağlı dairə seçki komissiyalarının kompüter mütəxəssislərin zəruri bilik və bacarıqlar əldə etmələrinə həsr olunub. Üçgünlük treninqlərdə kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər” İnformasiya Sistemi, onun təkmilləşdirilmiş və yeni imkanları barədə praktiki məlumatlar verilib, əyani formada istifadə qaydaları öyrədilib, eləcə də onları maraqlandıran suallara aydınlıq gətirilib. Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılıb ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaları üçün şərait yaradıb və səsvermə günü "Seçkilər” İnformasiya Sistemindən daha rahat istifadəni təmin edib.

İlk dəfə səs verən seçicilər üçün digər layihə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə gerçəkləşdirilib. Oktyabrın 23-ü və 27-də Bakı şəhərində müxtəlif yerlərdə həyata keçirilən tədbirlərdə MSK təmsilçisi və digər natiqlərin Milli Məclisə seçkilərlə bağlı bir sıra mövzuları əhatə edən çıxışları dinlənilib. Əyani vəsaitlərdən istifadə edilməklə aparılan tədqimatlarda iştirakçılara Milli Məclisə seçkilər və seçki günü prosedurları ilə əlaqədar hərtərəfli məlumat verilib, eləcə də onların sualları cavablandırılıb.

2015-ci il oktyabrın 27-də MSK və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası tərəfindən xüsusi maarifləndirmə layihəsi reallaşdırılıb. Belə ki, MSK-nın vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində Milli Məclisə seçkilərə hazırlıqla bağlı MSK-ya məlumat turu təşkil edilib. Milli Məclisə seçkilərdə gənclərin məlumatlandırılmasının təmin edilməsi məqsədi daşıyan layihədə gənclər təşkilarlarının rəhbərləri, həmçinin digər təmsilçiləri iştirak ediblər. İnformasiya turu çərçivəsində MSK Katibliyinin müxtəlif strukturlarının nümayəndələri tərəfindən iştirakçılara Milli Məclisə seçkilərə hazırlıq istiqamətində son addımlar, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş və nəzərdə tutulan genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Gənclər təşkilatlarının rəhbərləri və digər təmsilçiləri həmçinin, MSK-nın veb-kameralara texniki nəzarət mərkəzi, seçki günü məlumatların ötürülməsi və ictimailəşdirilməsi üçün daim aktiv fəaliyyət göstərən konfrans zalı və digər müvafiq otaqlarda MSK-nın Milli Məclisə seçkilərlə bağlı cari fəaliyyəti ilə yerindəcə tanış olublar. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan məlumat turu zamanı iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Yeri gəlmişkən qeyd edək ki, MSK-nın dinamik şəkildə inkişaf etdirilən seçicilərin maarifləndirilməsi proqramı çərçivəsində Milli Məclisə seçkilərə çağırış və seçkilərdə fəal iştirak edilməsi istiqamətində müxtəlif mövzularla bağlı 7 video və audio klipi hazırlanıb və seçkilər dövründə mütəmadi olaraq respublikada fəaliyyət göstərən TV və radio kanallarında yayımlanaraq ölkə ictimaiyyətinə təqdim olunub. Habelə, gənc və ilk dəfə səs verən seçicilər də daxil olmaqla, ümumiyyətlə bütün seçicilərin maarifləndirilməsi məqsədilə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində Milli Məclisə seçkilərdə səsvermə proseduru ilə əlaqədar video klip hazırlanıb, internet səhifələrində yerləşdirilib və respublikada fəaliyyət göstərən TV kanalları vasitəsilə geniş ictimaiyyətə nümayiş etdirilib.

Milli Məclisə seçkilərdə MSK-nın təşəbbüsü ilə həmçinin, seçki günü – noyabrın 1-də 18 yaşı tamam olmuş, yəni həmin gündən etibarən aktiv seçki hüququ qazanmış 252 gənci seçkilərdə iştirak etməyə həvəsləndirmək məqsədilə MSK adından xüsusi "İlk dəfə səs verən seçici” adlı təbrik kartları hazırlanıb və səs verərkən həmin seçicilərə təqdim edilməsi təmin olunub. Ümumiyyətlə onu da vurğulamaq lazımdır ki, MSK tərəfindən gənc və ilk dəfə səs verən seçicilər üçün reallaşdırılmış çoxsaylı genişmiqyaslı layihələr bütün seçicilərlə yanaşı, respublika üzrə seçici siyahılarına daxil edilmiş 63553 ilk dəfə səs verən gənc seçicilərin maarifləndirilməsinə hədəflənib.

Milli Məclisə seçkilər elan edildikdən sonra namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət edib və lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri ilə təmin olunublar. Namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurunun daha da sadələşdirilməsi, prosesin asan və rəvan getməsi, eyni zamanda təqdim olunan sənədlərdə nöqsanlara yol verilməməsi üçün namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlara doldurulub seçki komissiyalarına qaytarılması üçün hazır formalar təqdim edilib, namizədlər üçün yaddaş kitabçasında və Avropa İttifaqı ilə birgə layihə çərçivəsində hazırlanan maarifləndirmə videosunda bu prosesin ətraflı izahı təqdim edilib. Dairə seçki komissiyaları təqdim olunan sənədləri araşdıraraq namizədlərin qeydiyyatına dair müvafiq qərarlar qəbul edib və sonda qeydə alınmış 767 deputatlığa namizəd seçki bülletenlərinə daxil edilib. Adı seçki bülletenlərində olan namizədlərdən 330-u 24 siyasi partiyanın təmsilçiləri olub. Ümumilikdə, qeydə alınmış namizədlərdən 287-si 22 siyasi partiya və siyasi partiya bloku, digərləri isə seçicilərin təşəbbüs qrupu tərəfindən və öz təşəbbüsləri ilə irəli sürülüb.

Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası başda olmaqla aşağı seçki komissiyaları və digər qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülüb, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat oktyabr ayının 31-i saat 8:00-dək davam etdirilib. Seçki Məcəlləsinin tələblərinə uyğun və kifayət qədər sakit atmosferdə keçən təşviqat prosesində hər hansı ciddi və nəzərəçarpacaq qanun pozuntusuna rast gəlinməyib. Müəyyən kiçik nüanslarla bağlı yaranmış anlaşılmazlıqlara isə MSK tərəfindən dərhal operativ şəkildə reaksiya verilərək müvafiq addımlar atılıb və meydana çıxan məsələlər dairə seçki komissiyaları səviyyəsində öz həllini tapıb.

Seçkilərin azad və ədalətli keçirilməsində şəffaflığın təmin olunması mühüm əhəmiyyət kəsb edir. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri izləmək üçün ümumilikdə 65818 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 2619 yerli müşahidəçinin 1225 nəfəri siyasi partiya və siyasi partiya blokları, 683 nəfəri 7 qeyri-hökumət təşkilatı tərəfindən, 711 nəfəri isə qeydə alınmış namizədin və seçicilərin təşəbbüs qruplarının təşəbbüsü əsasında, həmçinin öz təşəbbüsləri ilə seçkilərə qatılıb. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub. Belə müşahidəçilərin sayı isə 63199 olub ki, bunlardan da 29716 nəfəri 22 siyasi partiya və siyasi partiya bloku, 1436 nəfəri 14 vətəndaş cəmiyyəti institutu tərəfindən, 32047 nəfəri isə qeydə alınmış namizədlərin, seçicilərin təşəbbüs qruplarının təşəbbüsü ilə və öz təşəbbüsləri ilə seçkiləri müşahidəsində iştirak ediblər.

Müşahidə prosesinə 40 beynəlxalq təşkilat və 57 ölkəni təmsil edən 503 beynəlxalq müşahidəçi də qatılıb. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin edilib. Bundan başqa yerli və beynəlxalq müşahidəçilər yaddaş kitabçası və digər lazımi məlumatlar, həmçinin beynəlxalq müşahidəçilər ingilis və rus dilində Seçki Məcəlləsi və "Müşahidəçilər üçün yaddaş” kitabçası ilə təmin olunublar. MSK-nın iclasları və həyata keçirdiyi bütün tədbirlərə həm KİV nümayəndələri, həm də respublikadakı beynəlxalq və xarici qurumlar, diplomatik nümayəndəliklər və beynəlxalq müşahidə missiyaları məlumatlandırılaraq dəvət ediliblər.

Məlum olduğu kimi, Azərbaycan ərazisinin 20%-ə qədərini işğal etmiş Ermənistan beynəlxalq təşkilatların təcavüzün aradan qaldırılmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş qətnamə və çağırışlarına məhəl qoymayaraq 20 ildən artıqdır ki, öz torpaqlarından qovulmuş Azərbaycan Respublikası vətəndaşlarının konstitusion hüquq və azadlıqlarını kobud şəkildə pozur. Təcavüz nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur olan Azərbaycan Respublikasının seçki hüququna malik olan vətəndaşlarının hüquqları indiyə qədər ölkədə keçirilən seçki və referendumlarda olduğu kimi, cari ildə Milli Məclisə keçirilmiş seçkilərdə də bütün təşkilati çətinliklərə baxmayaraq, təmin olunub.

İctimaiyyətin məlumatlandırılması MSK üçün daim mühüm əhəmiyyət kəsb edib. Seçkilərin yaxınlaşmasını nəzərə alaraq, MSK oktyabr-noyabr ayları ərzində KİV-lə əlaqələrini xüsusilə intensivləşdirib. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə, MSK-nın fəaliyyəti bütün aylarda olduğu kimi bu aylar ərzində də KİV üçün tam açıq olub və iclasların vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılıblar. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunub və lazımi məlumatları əldə ediblər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə oktyabrın 16-dan sonra MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilib, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılıb, mətbuat bülletenləri və məqalələr dərc olunub. MSK sədrinin oktyabrın 16-dan sonra yerli və xarici KİV nümayəndələri üçün 4 brifinqi keçirilib və sədrin yerli və xarici televiziyalara 4 müsahibəsi təşkil edilib. Brifinqlərdə sədr MSK-nın həyata keçirdiyi son tədbirlər, hazırlıq istiqamətində yekun işlər barədə məlumat verib və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib. Həmçinin, mətbuatda MSK sədrinin Komissiyanın iclaslarında vurğuladığı məqamlar, beynəlxalq təşkilatların və xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri və digər rəsmiləri ilə görüşləri barədə 47 yazı və sədrin 17 açıqlaması dərc olunub.

Onu da qeyd edək ki, oktyabrın 27-də MSK sədrinin Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə MSK sədri tərəfindən Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı layihələr, Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlər və s. haqqında ətraflı məlumat verilib və onları maraqlandıran sualları cavablandırıb.

Oktyabrın 16-dan Milli Məclisə seçkilərə rəsmi yekun vurulanadək Komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda kütləvi çoxsaylı yazılar dərc olunub. Əlavə olaraq KİV-də MSK üzvlərinin, eləcə də Katiblik rəsmilərinin 46 açıqlaması işıq üzü görüb, mətbuatda 5 məqalələri dərc olunub. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə, keçirilmiş görüşlərə geniş yer ayırıb. KİV-də MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunub. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc edilib və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Mərkəzi Seçki Komissiyasının təşəbbüsü ilə sentyabrın əvvəllərindən İctimai televiziyada başlanan maarifləndirmə proqramı oktyabrın sonunadək intensiv şəkildə fəaliyyətini davam etdirib və ay ərzində MSK üzvləri və Katiblik rəsmiləri televiziyalarda çıxış edib, eləcə də 56 dəfə televiziyalara müsahibə veriblər. Seçki günündən əvvəl, seçki günü və növbəti gün MSK sədri 4 dəfə media üçün brifinq keçirib. Təkcə seçki günü Komissiya üzvləri və Katibliyin rəsmiləri yerli və xarici kütləvi informasiya vasitələrinə birbaşa bağlantı ilə 32 dəfə müsahibə verib, həmçinin 5 dəfə brifinq keçiriblər.

MSK tərəfindən seçki günü də daxil olmaqla, aşağı seçki komissiyaları təmsilçilərinin mediaya çıxışına şərait yaradılıb. DSK sədrləri öz müsahibələrində ölkə ictimaiyyətinə seçki dairəsi çərçivəsində seçkilərə hazırlıq istiqamətində görülmüş son işlər, həbelə seçki günü səsvermənin gedişi və seçicilərin fəallığı barədə məlumat veriblər.

Dünyanın nüfuzlu 27 beynəlxalq kütləvi informasiya vasitələrindən 42 beynəlxalq KİV təmsilçisi də MSK tərəfindən müvafiq lövhəciklə təmin edilib və sərbəst şəkildə seçkiləri işıqlandırıblar. Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst şəkildə prosesi izləmək imkanına malik olublar.

Ümumiyyətlə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi ("Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) və "Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət edib və bütün müraciətlər Komissiya üzvlərinin müzakirəsindən sonra müsbət qarşılanaraq, həmin təşkilatlar qeydiyyatdan keçirilib. Seçki günü sözügedən təşkilatlar tərəfindən exit-poll həyata keçirilib və "exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilib. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20%-də) veb-kameralar quraşdırılıb. Bu məsələyə MSK-nın iclasında baxılıb müvafiq qərar qəbul edilib, veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunaraq dərc olunub və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Oktyabrın 21-də Mərkəzi Seçki Komissiyasının və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi birlikdə MSK-da veb-kameralara texniki nəzarət mərkəzində olub, veb-kameralarla bağlı son hazırlıq işləri və avadanlıqların tam hazır vəziyyətə gətirilməsi prosesi ilə tanış olublar. Seçki günü bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə etmək imkanı əldə ediblər. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 200000-ə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 70%-i ölkə daxilindən, 30%-i isə ölkə xaricindən həyata keçirilib. Həmçinin, veb-kameralar vasitəsilə seçkilərin izlənməsinin təqribən 60%-i kompüterlər, 40%-isə mobil telefonlar və digər qurğularla aparılıb.

Seçici siyahıları da daxil olmaqla, seçki məsələlərilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə oktyabrın 16-dan noyabrın 24-dək 484 müraciət daxil olub və bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görülüb. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər, hüquqi məsələlər və müəyyən prosedurlarla bağlı sorğu xarakterli olub. Seçicilər seçici siyahılarında öz məlumatlarını tapmadıqda MSK-nın internet səhifəsində yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla, eləcə də struktur bölmələrinin elektron poçt ünvanları vasitəsilə müraciətlərini Komissiyaya göndərib və bu qəbildən olan müraciətlər yerli seçki komissiyaları ilə dəqiqləşdirilərək müvafiq addımlar atılıb. Qaynar xətlərə seçkilərlə bağlı digər xarakterli sorğularla müraciət edən vətəndaşların sualları da əhatəli şəkildə cavablandırılıb.

Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə MSK lazım olan bütün zəruri addımları atıb və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırılıb. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar bu hesabatın əhatə etdiyi 16 oktyabrdan 24 noyabradək olan müddət ərzində Mərkəzi Seçki Komissiyasının 19 iclası keçirilib və bu iclaslarda 96 qərar qəbul edilib. Mahiyyət etibarilə bu qərarlar seçki məntəqələrində veb-kameralardan istifadə, "exit-poll” keçirmək niyyətində olan qurumların qeydə alınması, səlahiyyətli nümayəndələrin qeydə alınması, Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması, dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və Mərkəzi Seçki Komissiyasının iclas protokollarının təsdiq edilməsi məsələlərinə aid olub.

MSK hər zaman olduğu kimi, Milli Məclisə seçkilərdə də beynəlxalq və xarici qurumlarla əməkdaşlığa mühüm əhəmiyyət verib. Mütəmadi şəkildə bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib, görüşlər keçirilib, mümkün tərəfdaşlıq imkanları müzakirə edilib və fikir mübadiləsi aparılıb. Beynəlxalq (xarici) qurumların ölkəmizdə keçirilən seçkilərə marağını nəzərə alaraq, hələ ilin əvvəllərindən başlayaraq bir sıra görüşlər keçirilib. Oktyabrın 16-dan sonrakı dövrdə MSK sədrinin Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası, MDB Parlament Assambleyasının müşahidə missiyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyəti, MDB-nin seçki müşahidə missiyası, Türk Şurasının, Avstraliya Parlamentinin və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətləri ilə, Rusiya, Latviya, Litva və Belarus MSK-larının sədrləri ilə, eləcə də Rumıniya, Malayziya, Ukrayna, Qazaxıstan, Moldova, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın MSK-larının nümayəndə heyətləri və digərləri ilə müxtəlif səviyyələrdə Mərkəzi Seçki Komissiyasında görüşləri keçirilib, seçkilərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa MSK-nın digər təmsilçiləri də beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçiriblər.

Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin forması və sayı MSK tərəfindən təsdiq edilib, oktyabrın 14-dən etibarən namizədlərin qeydə alınması mərhələsi tamamilə başa çatmış seçki dairələri üzrə seçki bülletenlərinin çapına başlanılıb və ümumilikdə 5344431 seçki bülleteni beynəlxalq və xarici qurumların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı üçün yaradılmış hərtərəfli şəraitdə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olunaraq, oktyabrın 22-dən etibarən səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokolları ilə birlikdə dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına paylanılıb. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə verilməsi üçün yekun protokolların nümunəsi də hər birinə 30 nüsxə olmaqla məntəqə seçki komissiyalarına verilib.

Səsvermənin gizliliyinin təmin olunması daima diqqət mərkəzində saxlanılıb. Gözdən əlillərin də gizli səsvermə prinsipi qorunmaqla səsverməsi üçün MSK-nın 2003-cü ildən bəri formalaşmış ənənəsinə sadiq qalınaraq, cari seçkilərdə də xüsusi trafaretlər hazırlanıb və seçki gününədək bütün məntəqə seçki komissiyalarına təqdim olunub. Bundan başqa, hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün 999 məntəqədə daşına bilən panduslar quraşdırılıb və beləliklə, bütün seçki məntəqələri hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilər üçün əlverişli hala gətirilib. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradıb.

Seçki günü - noyabrın 1-də saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanıb və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə ediblər. Seçki günü ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülüb və internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlayıb, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak ediblər. Səsvermə məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib və sayılma prosesinə yekun vurulduqdan dərhal sonra, saat 20:00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələrindən səsvermənin yekunlarına dair məntəqələr üzrə ilkin məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-nın internet səhifəsinə ötürülərək oradan yerli və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunub. Seçki günü Mərkəzi Seçki Komissiyasının konfrans zalından birbaşa yayım vasitəsilə ictimaiyyəti seçkilərin nəticələrilə bağlı məlumatlandırmaq məqsədilə yerli və xarici KİV nümayəndələrinə canlı efirə bağlanmaq üçün üçün bütün imkanlar yaradılıb. Seçki günü səsvermə başa çatdıqdan təqribən 5 saat sonra MSK sədri tərəfindən keçirilmiş birifinqdə ölkə üzrə 5547 seçki məntəqəsinin 5047-dən, yəni təqribən 91%-dən daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Növbəti gün, günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilərək ilkin məlumatların tam ictimailəşdirilməsi mərhələsi yekunlaşıb.

Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

Seçki günü Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi şikayət daxil olmayıb. Yalnız 115 saylı qaynar xəttə və elektron qaynar xətlərə ümumilikdə 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub.

Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılıb və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub. Sözügedən prosedurlar müraciətlərin daha ətraflı və effektiv araşdırılmasını şərtləndirib.

Seçkilərlə bağlı müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə hərtərəfli və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Oktyabrın 16-dan seçki gününədək MSK-ya daxil olmuş ümumilikdə 19 müraciətdən 6-sı namizədliyin qeydiyyatı ilə bağlı olub. Müraciətlərə baxılması prosesində həmin müraciətlərdən birinin əsaslandırılması mümkün olub və Komissiyanın qərarı ilə daha 1 nəfərin namizədliyi qeydə alınıb. Müraciətlərdən digər 13-ü ilə bağlı da müvafiq qərarlar verilib.

Seçki günündən sonra respublika üzrə seçki dairələrinin təqribən 1/4-dən, yəni cəmi 36 seçki dairəsindən, ümumilikdə 46 məsələ ilə bağlı müraciət daxil olub, bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq zəruri addımlar atılıb. Araşdırmaların nəticəsi olaraq 1 seçki dairəsi və 45 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, hər bir şikayətlə bağlı ətraflı araşdırılma aparılıb, şikayətlərə baxan ekspert qrupu üzvləri şahidlərlə görüşmək və məlumat verilmiş halları yoxlamaq məqsədilə lazımi addımlar atıb, gəldiyi rəy barədə Komissiyaya məlumat verib və komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətlə bağlı yekun qərar çıxarılıb. Arzu edən bütün şikayətçilərin araşdırmada və MSK-nın müvafiq məsələyə dair iclasında iştirakı təmin edilib. Şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması məqsədilə Ekspert qrupunun fəaliyyəti ərizəçilər, müşahidəçilər və digər maraqlı şəxslər üçün açıq olub, onlar araşdırma prosesi ilə bağlı mütəmadi qaydada məlumatlandırılıb və prosesi izləməyə dəvət olunublar. MSK sədri komissiyanın iclasları zamanı mütəmadi olaraq ərizəçiləri, müşahidəçiləri və digər maraqlı şəxsləri araşdırmada iştirak etməyə dəvət edib. Şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması üçün əlavə bir vasitə olaraq, bütün şikayət və müraciətlərin qeydiyyat nömrəsi, daxil olma tarixi və saatı, şikayətçi və onun müraciətinin məzmunu, şikayətə baxan MSK-nın ekspert qrupunun üzvü və şikayətin araşdırılması ilə bağlı onun rəyi, eləcə də şikayətə baxılması ilə bağlı MSK-nın müvafiq qərarı operativ şəkildə MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Bütün bunlar isə, vətəndaşların müraciətlərinə daha səmərəli baxılmasını təmin etməklə, onların öz şikayət və müraciətlərinin araşdırılması, Komissiyanın iclaslarında baxılması və qəbul edilən qərarla bağlı çevik məlumat əldə etmələrinə zəmin yaradıb.

2015-ci il noyabrın 18-də Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Qeyd edək ki, seçki dairələri üzrə şikayətlər və səsvermənin yekunlarına dair aparılmış yoxlama nəticəsində 1 seçki dairəsi və bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələri MSK tərəfindən etibarsız hesab edilərək müvafiq tədbirlər görülüb. Həmçinin dairə seçki komissiyalarına daxil olmuş şikayətlərə baxılarkən bir sıra məntəqələr üzrə səsvermənin nəticələri də dairə seçki komissiyası tərəfindən ləğv edilib.

Komissiyanın qərarı ilə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunub. Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 24-də keçirilmiş iclasında 2015-ci il noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələri rəsmi olaraq təsdiq edilib.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. MSK-nın fəaliyyəti ilə bağlı, eləcə də əvvəlki seçkilərlə bağlı məlumatlar, daxil olmuş şikayət və müraciətlərə dair Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclasdan dərhal sonra isə MSK-nın müvafiq qərarları və iclasa dair məlumat bülletenləri Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilib. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiya xarakterli proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, deputatlığa qeydə alınmış namizədlər barədə məlumatlar, həmçinin seçki günü seçki dairələri üzrə seçicilərin fəallığı və lider namizədlər barədə ilkin məlumatlar, seçki dairələrinin və seçki məntəqələrinin protokol məlumatları, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar MSK-nın internet səhifəsində yerləşdirilib.

Seçkilərlə bağlı lazım olan bütün məlumatların yerləşdirildiyi və vaxtaşırı yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarındadır. Onlar internet səhifəsinə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə ediblər. Bundan başqa, MSK tərəfindən seçicilərə göstərilən 10 istiqamət üzrə elektron xidmətlər MSK-nın internet səhifəsi ilə bərabər, həmçinin Elektron hökumət portalına da inteqrasiya edilib və daim seçicilərin və digər maraqlanan şəxslərin ixtiyarında olub. Qeyd etmək lazımdır ki, oktyabrın 16-dan noyabrın 24-dək MSK-nın internet səhifəsinə 975000-dən artıq baxış keçirilib. Təkcə seçki günü bu rəqəm 260000-ə yaxın olub.

Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir.