.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Milli Məclisə seçkilər » Milli Məclisə seçkilər - 01.11.2015 » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabatı - 2015-ci il 15 oktyabradək



AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Milli Məclisə seçkilər – 2015
(2015-ci il 15 oktyabradək)

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az


 

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli Sərəncamına əsasən noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Seçkilər rəsmi elan olunduqdan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib, nəzərdə tutulan bütün layihələr və tədbirlər Təqvim planına uyğun reallaşdırılıb.


Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin yaradılması və Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün digər vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılıb.

Mərkəzi Seçki Komissiyası 2015-ci ilin Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər ili olduğunu nəzərə alaraq hələ ilin əvvəlindən etibarən bir sıra genişmiqyaslı layihələr hazırlayaraq həyata keçirilməsinə başlayıb. Belə ki, Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi cari ildə yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülüb və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan daxil olmuş statistik göstəricilərlə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib. Seçici siyahılarının bu müddət ərzində dürüstləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dürüstləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib.

Məlumdur ki, respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divarlardan asılmaqla yanaşı, həmçinin 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində də yerləşdirilib. Hər bir seçici bu səhifədə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemindən istifadə etməklə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairə haqqında məlumat) dəqiqləşdirə bilər. Seçicilər həmçinin, səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat marşrutları barədə lazımi məlumatları əldə edə bilər. Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq "on-line”ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilir. Seçicilər adlarını seçici siyahılarında yoxlamaq üçün müvafiq dairə seçki komissiyasına da müraciət edə bilərlər.

Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə, il boyu müvafiq qurumlarla (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatını aparan digər qurumlarla) əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilib və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumat operativ olaraq DSK-lar tərəfindən toplanıb və siyahılarda nəzərə alınıb.

Seçici siyahıları da daxil olmaqla seçki məsələlərilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərəseçkilər elan olunduğu gündən oktyabrın 15-dək 485 müraciət daxil olub, bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilib və lazımi tədbirlər görülüb. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər, hüquqi məsələlər və prosedurlarla bağlı sual xarakterli olub. Seçicilər seçici siyahılarında öz məlumatlarını tapmadıqda MSK-nın internet səhifəsində yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla, eləcə də struktur bölmələrinin elektron poçt ünvanları vasitəsilə müraciətlərini Komissiyaya göndərib və bu qəbildən olan müraciətlər də yerli seçki komissiyaları ilə dəqiqləşdirilərək müvafiq addımlar atılıb. Qaynar xətlərə seçkilərlə bağlı digər xarakterli sorğularla müraciət edən vətəndaşların sualları da ətraflı şəkildə cavablandırılıb.

Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi daima onların səsverməsinin təşkilini daha da çətinləşdirir və bununla bağlı aparılan gərgin iş hazırda da davam etdirilməkdədir.

Bəzi seçki dairələri və məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, eləcə də seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması istiqamətində də məqsədyönlü iş aparılıb. Seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 18 seçki dairəsi üzrə 29 yeni seçki məntəqəsi yaradılıb. Eyni zamanda hər bir seçki dairəsi və seçki məntəqəsinin dislokasiyası, seçki məntəqələri üzrə seçicilərin sayı, dairə və məntəqə seçki komissiyalarının tərkibi barədə məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilərək ictimailəşdirilib.

Maarifləndirmə daim MSK-nın mühüm əhəmiyyət verdiyi sahələrdən biridir. Seçicilərin və aşağı seçki komissiyalarının üzvlərinin məlumatlandırılması müxtəlif formatlı layihələr vasitəsilə həyata keçirilir. 2015-ci ildə maarifləndirmə tədbirləri genişmiqyaslı olmaqla bərabər, həm də müxtəlif istiqamətləri əhatə edib. İlk növbədə, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən sonra siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə əlaqədar müxtəlif layihələr gerçəkləşdirilib. İyulun 20-də siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar qurumlararası məlumat mübadiləsi məqsədilə keçirilən seminarda Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının, eləcə də siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib və mövzu ilə əlaqədar müxtəlif sahələr üzrə təqdimatlar keçirilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Siyasi partiyalar üçün avqustun 13-də MSK-da siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, təqdim olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş daha geniş seminar keçirilib. Tədbirdə dövlət qeydiyyatında keçmiş 37 siyasi partiyanın rəhbərləri və digər vəzifəli şəxsləri, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının təmsilçiləri, həmçinin siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib. Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirdə siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı maarifləndirmə ilə bağlı bir sıra layihələrin hazırlanıb həyata keçirilməsində MSK üçün əsas istiqamətverici sənədlərdən birinə çevrilib və sözügedən sənədə əsasən dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün mütəmadi şəkildə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir. 2015-ci ildə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün 2 mərhələdən ibarət layihə icra olunub. Birinci mərhələ çərçivəsində avqustun 21-də MSK-nın inzibati binasında dairə seçki komissiyaları sədrləri üçün geniş müşavirə keçirilib. Tədbir ərzində respublikanın bir sıra ali dövlət qurumlarının - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Bakı Apelyasiya Məhkəməsinin rəhbər şəxsləri, eləcə də MSK üzvləri və Katibliyin əməkdaşları müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış edib. Tədris proqramına seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri, seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri, seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri, seçki hüquqlarının qorunması ilə bağlı apelyasiya şikayətləri və onlara baxılma təcrübəsi və s. kimi mövzular daxil edilib, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər və "öyrənilmiş dərslər” nəzərdən keçirilib. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları alıblar. Maarifləndirmə tədbirinin birinci mərhələsi çərçivəsində, həmçinin dairə seçki komissiyalarının sədrləri 4 qrup şəklində bölünərək Bakı şəhərində yerləşən bir-neçə dairə seçki komissiyasına səfər edib, həmin seçki komissiyaları ilə təcrübə mübadiləsi aparıb, onların iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olublar.

Layihənin ikinci mərhələsində seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 24-26 avqust tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Üçgünlük kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 40-60 nəfər arasında dəyişirdi ki, bu da aşağı seçki komissiyalarının təmsilçilərinə məşğələlər zamanı daha fəal olmaq və onları maraqlandıran suallara cavab almaq imkanı yaradırdı. Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılıb. Ümumilikdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə edib və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli informasiya əldə ediblər. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu kursların gedişi KİV-lər tərəfindən ətraflı işıqlandırılıb və ictimaiyyətə geniş məlumat verilib.

MSK Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində avqustun 14-dən başlayaraq namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar genişmiqyaslı treninqlər həyata keçirib. Tədbirlər zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Genişmiqyaslı maarifləndirmə layihəsi kimi həyata keçirilən tədbir dairə seçki komissiyaları üzvlərinin məlumatının artırılması və namizədlərin qeydiyyatı proseduru ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. Treninqlər Bakı, Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edib və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisini əhatə edib. Layihə çərçivəsində həmçinin, daha geniş auditoriyanın maarifləndirilməsi məqsədilə namizədlərin qeydiyyatı proseduru ilə bağlı video klip də hazırlanaraq yayılıb.

Seçki günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Şəbəkədən və müvafiq proqram təminatından düzgün istifadə ilə bağlı mütəxəssislərin lazımi bilik və bacarıqlar əldə etməsi üçün avqustun 28-də MSK-da dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün praktiki treninqlər keçirilib. Tədbirdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər” İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumatlar verilib, əyani formada istifadə qaydaları öyrədilib, eləcə də onları maraqlandıran suallara aydınlıq gətirilib.

Sentyabrın 3-dən 11-dək MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminarlar keçirilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə hədəflənmiş tədbirdə MSK üzvləri, Avropa İttifaqının rəsmiləri və MSK Katibliyinin təmsilçiləri də iştirak ediblər. Seminarlar zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İrimiqyaslı maarifləndirmə layihəsi kimi sentyabrın 3-dən başlanan regional seminarlar Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək davam edib və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 nəfər olmaqla, bütün ekspert qruplarının üzvləri iştirak edib.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin Milli Məclisə seçkilər prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə 21-30 sentyabr tarixlərində paytaxt Bakıda və bölgələrdə seminar-müşavirələr keçirib. Milli Məclisə seçkilərlə bağlı proseslərdə polisin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin icrasının daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə MSK üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin məsul şəxsləri tərəfindən təqdimatlar aparılıb. Həmçinin tədbir iştirakçılarına MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanmış "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş Kitabçası” təqdim edilib.

Milli Məclisə seçkilərlə bağlı maarifləndirmə tədbirlərindən biri də oktyabrın 1-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində keçirilib. Qapalı müəssisələrdə səsvermənin təşkili ilə bağlı keçirilən seminar-məşğələdə sözügedən qurumun əməkdaşlarına MSK təmsilçiləri tərəfindən səsvermənin təşkili ilə bağlı hərtərəfli məlumat verilib, eləcə də əyani vəsaitlərdən istifadə edilməklə bütün seçki günü prosedurları əhatəli şəkildə izah edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə oktyabrın 2-də Bakı şəhərində "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda geniş seminar-müşavirə keçirilib. Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri və digər təmsilçiləri üçün gerçəkləşdirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, eləcə də MSK üzvləri giriş nitqi və məruzələrlə çıxış ediblər. MSK Katibliyinin əməkdaşları, Mətbuat Şurasının nümayəndələri və beynəlxalq təşkilatların və xarici qurumların təmsilçilərinin də qatıldığı seminar-müşavirələr zamanı iştirakçılara seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri, ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri mövzularında məruzələr oxunub, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Milli Məclisə seçkilərlə bağlı gerçəkləşdirilən layihələrdən biri də MSK-nın Ombudsman təsisatı ilə birgə 5-16 oktyabr tarixlərində Şəki, Gəncə, Bərdə, Cəlilabad və Qubada təşkil etdiyi ictimai dinləmələrdir. Tədbirlərdə MSK Katibliyinin təmsilçisi, müvafiq rayonların icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əhatə olunan ərazilərin dairə seçki komissiyalarının nümayəndələri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. Maarifləndirmə proqramları çərçivəsində içtirakçılara Milli Məclisə seçkilərə hazırlıq, həyata keçirilmiş layihələr, seçki hüququnun həyata keçirilməsi və vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyi və normativ-hüquqi sənədlər, yerli və beynəlxalq müşahidənin əsasları və digər məsələlər ətraflı izah olunub, iştirakçıların sualları əhatəli şəkildə cavablandırılıb. Maarifləndirmə tədbirlərinə müşahidəçilər və KİV nümayəndələri dəvət olunub və onların iştirakına şərait yaradılıb.

MSK aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr həyata keçirir. 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihəsidir. Bu layihə əvvəllər kiçik trenerlər qrupu vasitəsilə həyata keçirilirdi. 2008-ci ildən etibarən MSK Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlayıb. Bu trenerlər bir neçə ildir ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. Bu il keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanıb. Birinci mərhələ çərçivəsində 7-10 oktyabr tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən "Trenerlər üçün Treninq” keçirilib. Bu treninq zamanı 125 seçki dairəsindən olan 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar əhatə olunub. Tədbir zamanı habelə, əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilib.

Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK-nın Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim edib. Aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsi oktyabrın 12-dən etibarən başlanılıb və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 35-40 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilir. Seçki məntəqələrinin sayına müvafiq olaraq, bu prosesin bir neçə həftə davam etməsi nəzərdə tutulub. Treninqlər çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılırlar. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə "Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunur. Bütünlükdə bu treninqlərdə 32000-dən artıq komissiya üzvünü əhatə edir.

MSK seçkilər təyin edildikdən sonra "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edib. Seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim planı çap olunub, eyni zamanda Azərbaycan və ingilis dillərində hazırlanaraq bütün seçki subyektlərinin asanlıqla əldə etmələrindən ötrü MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Seçki prosesinə qatılmaq istəyən namizədlərin maarifləndirilməsinə diqqət bu seçkilər zamanı daha da artırılıb. Belə ki, namizədlərin qeydiyyatı prosesinin rəvan getməsi, namizədlərin öz sənədlərini qüsursuz tərtib edərək DSK-lara təqdim etməsi məqsədilə MSK Milli Məclisə seçkilərlə bağlı "Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayaraq çap edib. Yaddaş kitabçasında deputatlığa namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, deputatlığa namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədin qeydə alınması qaydaları əks olunub, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib. Milli Məclisə seçkilərlə bağlı namizədliyini irəli sürmək istəyən şəxslərin bu yaddaş kitabçasından istifadə edərək lazımi informasiya toplaması onlara effektiv hüquqi yardım göstərib. Kitabçada namizədlərin riayət etməli olduqları, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb, internet səhifəsində yerləşdirilib və aidiyyəti üzrə paylanması məqsədilə aşağı seçki komissiyalarına, siyasi partiyalara və müraciət etmiş digər təşkilatlara verilib.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaq məqsədilə "Seçki günü üçün Yaddaş” kitabçası nəşr etdirib. Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunub. Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanan Yaddaş kitabçası internet səhifəsində yerləşdirilməklə bərabər, seçki subyektlərinə çatdırılması üçün aidiyyəti üzrə paylanılıb.

Milli Məclisə seçkilərlə əlaqədar müşahidəçilərin maarifləndirilməsi üçün hazırlanan "Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olunub, internet səhifəsində yerləşdirilib və müşahidəçilərə paylanması məqsədilə DSK-lara, siyasi partiyalara və müraciət etmiş digər təşkilatlara təqdim olunub.

MSK müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” da hazırlayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib. Yaddaş kitabçası polis əməkdaşlarına çatıdırılması aidiyyəti qurumları və aşağı seçki komissiyalarına paylanılıb.

MSK tərəfindən həyata keçirilən maarifləndirmə proqramının mühüm hədəflərindən biri də seçicilərdir. Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə proseduru, eləcə də seçkilərə çağırış məqsədilə MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb və kütləvi informasiya vasitələri ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Həmçinin "Adınızı seçici siyahısında yoxlayın”, "Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, "Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115”, "Seçici siyahıları internetdə” və s. 41 adda yüz minlərlə məlumatlandırma və çağırış plakatı hazırlanıb və əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) nümayiş etdirilir. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçiciləri səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı haqqında, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçicilərin sayına uyğun çap edilərək seçicilərə paylanılır.

Cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, seçki praktikasının təkmilləşdirilməsi, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün hüquqi bazanın yaradılması xüsusi əhəmiyyət kəsb edir. Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki subyektlərinin maarifləndirilməsində mühüm rolu olan hüquqi-metodiki vəsaitlərin çapı Milli Məclisə seçkilərdə də diqqət mərkəzində saxlanılıb. Seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçki hüququ üzrə biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün müvafiq dəyişikliklər edilərək MSK tərəfindən qəbul olunmuş təlimat, izah və qaydalar 9 toplu şəklində nəşr edilib və aşağı seçki komissiyalarına çatdırılıb.

İctimaiyyətin məlumatlandırılması MSK üçün daim mühüm əhəmiyyət kəsb edib. Seçkilərin yaxınlaşmasını nəzərə alaraq, MSK sentyabr ayından KİV-lə əlaqələrini daha da intensivləşdirib. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın fəaliyyəti hər zaman olduğu kimi, KİV üçün tam açıq olub. MSK-nın iclaslarının vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılıblar. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunub və lazımi məlumatları əldə ediblər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə seçkilər elan olunduğu gündən oktyabr ayının 15-dək MSK tərəfindən aktual mövzuları əhatə edən mətbuat konfransları, brifinqlər keçirilib, seçkilərlə bağlı reallaşdırılan bütün layihələr barədə respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə məlumatlar çatdırılıb, məlumat bülletenləri və məqalələr dərc olunub. MSK sədri bu aylarda 9 dəfə respublikada fəaliyyət göstərən televiziyalar üçün brifinq keçirib və öz açıqlamalarında həyata keçirilən son layihələr, seçkilərə hazırlıq istiqamətində görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırıb və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Seçkilər elan olunduğu gündən oktyabrın 15-dək komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda 478 müxtəlif xarakterli material dərc olunub. Əlavə olaraq KİV-də MSK sədrinin, Komissiya üzvlərinin, eləcə də Katiblik rəsmilərinin 86 açıqlaması əks olunub. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə və qəbul olunmuş sənədlərə geniş yer ayırıb. Mətbuat vasitələrində MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunub, həmçinin Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc edilib və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Ümumilikdə MSK tərəfindən həyata keçirilmiş tədbirlər KİV tərəfindən mütəmadi qaydada işıqlandırılıb.

MSK təmsilçilərinin mətbuat səhifələrindəki məqalələri və müsahibələri də seçicilərin seçki biliklərinin artırılmasına hədəflənən layihələrdəndir. Seçkilər elan olunduğu sentyabr ayından başlayaraq bu günədək İctimai televiziyada həftədə bir dəfə, tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən "Xalq seçir” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katiblik rəsmilərinin Milli Məclisə seçkilərlə bağlı müxtəlif mövzularda çıxışları olub. Bundan başqa "Azərbaycan” qəzetində Komissiya üzvləri və Katiblik rəsmilərinin seçkilərlə bağlı müxtəlif aktual mövzulara həsr olunmuş maarifləndirmə xarakterli 10 məqaləsi dərc olunub.

Aşağı seçki komissiyaları da kütləvi informasiya vasitələrində mütəmadi şəkildə çıxış edib və DSK sədrləri öz müsahibələrində seçki dairəsi çərçivəsində görülmüş işlər, yerlərdəki hazırlıq prosesləri ilə bağlı seçiciləri məlumatlandırıblar.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri izləmək üçün ümumilikdə 57656 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 2414 yerli müşahidəçidən 872 nəfəri siyasi partiyaların, 111 nəfəri siyasi partiyalar blokunun, 678 nəfəri qeyri-hökumət təşkilatlarının, 276 nəfəri qeydə alınmış namizədin təşəbbüsü əsasında, 476 nəfəri öz təşəbbüsü ilə seçkilərə qatılıb, 1 nəfər isə xüsusi icazə almış müşahidəçidir. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub. Bu qəbildən olan müşahidəçilərin sayı isə 55242-dir ki, bunlardan da 27179 nəfəri siyasi partiyaların və siyasi partiyalar blokunun, 1309 nəfəri QHT-lərin, 57 nəfəri seçicilərin təşəbbüs qruplarının, 26697 nəfəri isə öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədlərin təşəbbüsü ilə seçkiləri müşahidə prosesinə qatılıblar.

Müşahidə prosesinə 36 beynəlxalq təşkilat və 53 ölkəni təmsil edən 465 beynəlxalq müşahidəçi də qatılıb. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunub. Bundan başqa yerli və beynəlxalq müşahidəçilərin yaddaş kitabçası və digər lazımi məlumatlarl, həmçinin beynəlxalq müşahidəçilərin ingilis və rus dilində Seçki Məcəlləsi və "Müşahidəçilər üçün yaddaş” kitabçası ilə təmin olunması da nəzərdə tutulur. MSK-nın iclaslarından və həyata keçirdiyi bütün tədbirlərdən əvvəl həm KİV nümayəndələri, həm də respublikadakı beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər məlumatlandırılaraq dəvət ediliblər.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20%-də) veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşdırılıb. Bu məsələyə MSK-nın iclasında baxılıb müvafiq qərar qəbul ediləcək, veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunaraq dərc olunacaq və MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. Seçki günü bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə etmək imkanı əldə edəcəklər.

Milli Məclisə seçkilər elan edildikdən sonra namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət edib və lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri ilə təmin olunublar. Namizədlərin qeydiyyatı mərhələsi seçkilər elan olunduğu gündən başlayıb və oktyabrın 9-dək davam edib. Namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurunun daha da sadələşdirilməsi, prosesin asan və rəvan getməsi, eyni zamanda təqdim olunan sənədlərdə nöqsanlara yol verilməməsi üçün namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlara doldurulub seçki komissiyalarına qaytarılması üçün hazır formalar təqdim edilib, namizədlər üçün yaddaş kitabçasında və Avropa İttifaqı ilə birgə layihə çərçivəsində hazırlanan maarifləndirmə videosunda bu prosesin ətraflı izahını təqdim edilib. Dairə seçki komissiyaları təqdim olunan sənədləri araşdıraraq namizədlərin qeydiyyatına dair müvafiq qərarlar qəbul edib. Müraciət edən 1823 nəfərdən namizədlikləri təsdiq olunan 1805-i imza vərəqələri götürərək imza toplayıb. Namizədlik üçün müraciət edən şəxslərdən 572 nəfəri 15 siyasi partiyanın, 62-si 7 partiyadan ibarət siyasi partiyalar blokunun, 3-ü seçicilərin təşəbbüs qrupunun təmsilçiləri olub, 1186 nəfər isə öz namizədliyini fərdi qaydada irəli sürüb. Ümumilikdə 1753 iddiaçı imza vərəqi götürüb və onlardan yalnız 1457-si imza toplayaraq imza vərəqələrini qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim edib. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 1246-sı namizəd qismində qeydə alınıb. Təqdim etdiyi sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları, o cümlədən gəlir mənbələrinin, əmlakla bağlı məlumatın qeyri-dürüstlüyü, əlavə olaraq imza vərəqələrində yol verilmiş və xəbərdarlıqlar olunmasına baxmayaraq aradan qaldırılmamış qusurlar səbəbindən bəzi iddiaçıların namizədliyinin qeydə alınması mümkün olmayıb. Qeydə alınmış namizədlərdən 278-nin namizədliyi 15 siyasi partiya tərəfindən, 20-si 7 siyasi partiyadan ibarət blok tərəfindən, 2-si seçicilərin təşəbbüs qrupu tərəfindən, 946 nəfərinin namizədliyi isə fərdi qaydada irəli irəli sürülüb. Qeydə alınan namizədlər arasında ümumilikdə 24 siyasi partiyanın 330 təmsilçisi var.

Namizədlərin qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi, eləcə də namizədlər haqqında məlumatların dairələrdən alınması prosesini asan və operativ qaydada həyata keçirilməsi üçün MSK dairə seçki komissiyalarını xüsusi kompüter proqramı ilə təmin edib ki, bu proqramın köməyi ilə namizədlərin qeydiyyatı ilə bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin mövcud seçki şəbəkəsi vasitəsilə gündəlik olaraq MSK-ya ötürülüb, birbaşa komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub və mütəmadi olaraq yenilənib.

Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlanıb. Bu mərhələ seçki marafonunun mühüm fazalarından biridir. Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülüb, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra strukturlarının köməkliyi ilə hər bir dairə ərazisində 128-i açıq, 128-i qapalı olmaqla, ümumilikdə 256 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Namizədlər dairə seçki komissiyalarına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçirirlər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə etməklə təqribən 10000-dən çox böyük ölçülü lövhələr quraşdırılıb və lövhələr seçicilərin sıx olduğu yerlərdə seçicilər üçün elə əlverişli yerləşdirilib ki, seçicilər orda olan məlumatları asanlıqla oxuya bilsinlər. Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 45 KİV tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb.

Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə MSK lazım olan zəruri addımları atır və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırır. Seçkilər elan edildikdən sonra oktyabrın 15-dək MSK-nın 21 iclası keçirilib və bu iclaslarda 156 qərar qəbul edilib. Mahiyyəti etibarilə ay ərzində qəbul edilən qərarlar "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiqi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılması və tərkibinin müəyyən edilməsi, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydasının təsdiqi, "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata dəyişikliklər edilməsi, səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasının təsdiqi, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası, məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiqi, partiya blokunun qeydə alınması, partiya bloku və 16 partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması, 1 partiyanın seçkilərdə iştirakını dayandırması ilə əlaqədar onun səlahiyyətli nümayəndələrinin qeydiyyatının ləğvi, MSK-ya daxil olmuş müraciətlərə baxılması, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və Komissiyanın iclas protokollarının təsdiq edilməsi məsələlərinə aid olub.

MSK-nın əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Mütəmadi şəkildə bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilir, görüşlər keçirilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır. Beynəlxalq (xarici) qurumların ölkəmizdə keçirilən seçkilərə marağını nəzərə alaraq, hələ ilin əvvəllərindən başlayaraq bu günədək bir sıra görüşlər keçirilib. Belə ki, MSK sədrinin Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin nümayəndə heyəti ilə, ATƏT/DTİHB-nin nümayəndə heyəti ilə, Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə, ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası ilə, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin müşahidəsi üçün yaradılmış xüsusi komitəsinin üzvləri ilə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digərləri ilə müxtəlif səviyyələrdə Mərkəzi Seçki Komissiyasında görüşləri keçirilib, seçkilərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa MSK-nın digər təmsilçiləri də beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçiriblər.

İlbəil genişlənən beynəlxalq əlaqələr çərçivəsində MSK təmsilçiləri vaxtaşırı xarici ölkələrdə keçirilən seçkilərdə müxtəlif beynəlxalq müşahidə missiyalarının tərkibində beynəlxalq müşahidəçi qismində yaxından iştirak edir, həmçinin beynəlxalq konfrans, simpozium, seminar və digər bu səpkili tərbirlərə də qatılaraq təqdimatlarla çıxışlar edir və ünvanlanmış sualları cavablandırırlar.

Həyata keçirilmiş monitorinq nəticəsində dairə və məntəqə seçki komissiyalarının ehtiyacları müəyyənləşdirilib və qarşıdan gələn Milli Məclisə seçkilərə hazırlıqla bağlı aşağı seçki komissiyalarının təchizatı istiqamətində lazımi addımları atılıb. Belə ki, aşağı seçki komissiyaları lazımi çap materialları, səsvermə günü istifadə olunması məqsədilə seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər, onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması üçün xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təchiz olunub və həm məntəqə, həm də dairə seçki komissiyaları seçki gününə hazır vəziyyətə gətiriliblər.

Yeri gəlmişkən, seçki bülletenlərinin forması və sayı MSK tərəfindən təsdiq edilib, oktyabrın 14-dən etibarən namizədlərin qeydə alınması mərhələsi tamamilə başa çatmış seçki dairələri üzrə seçki bülletenlərinin çapına başlanılıb və ümumilikdə 5344431 seçki bülleteninin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olunaraq dairə seçki komissiyalarına təqdim olunması nəzərdə tutulub. Çap məhsulları sırasına dairə və məntəqə seçki komissiyaları üçün yekun protokolları da daxildir ki, bunlar da Seçki Məcəlləsinin tələbinə uyğun çap olunaraq aşağı seçki komissiyalarına çatdırılacaq. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə verilməsi üçün yekun protokolların nümunəsi də hər birinə 30 nüsxə olmaqla məntəqə seçki komissiyalarına veriləcək.

Səsvermənin gizliliyinin təmin olunması daima diqqət mərkəzində saxlanılır. Gözdən əlillərin də gizli səsvermə prinsipi qorunmaqla səsverməsi üçün MSK 2003-cü ildən bəri formalaşmış ənənəsinə sadiq qalaraq, builki seçkilərdə də xüsusi trafaretlərin hazırlanaraq məntəqə seçki komissiyalarına təqdim olunması istiqamətində işləri davam etdirir.

Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılıb və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub. Sözügedən prosedurlar müraciətlərin daha ətraflı və effektiv araşdırılmasını şərtləndirib.

Seçkilər elan olunduğu gündən oktyabrın 15-dək MSK-ya ümumilikdə 82 müraciət daxil olub və bütün müraciətlərə dərhal reaksiya verilərək vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə operativ şəkildə Komissiyanın iclaslarına çıxarılaraq müvafiq qərarlar qəbul edilib. Hər bir şikayətlə bağlı ətraflı araşdırılma aparılıb, şikayətlərə baxan ekspert qrupu üzvləri şahidlərlə görüşmək və məlumat verilmiş halları yoxlamaq məqsədilə lazımi addımlar atıb, gəldiyi rəy barədə Komissiyaya məlumat verib və komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətlə bağlı yekun qərar çıxarılıb. Arzu edən bütün şikayətçilərin araşdırmada və MSK-nın müvafiq məsələyə dair iclasında iştirakı təmin edilib. Şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması məqsədilə Ekspert qrupunun fəaliyyəti ərizəçilər, müşahidəçilər və digər maraqlı şəxslər üçün açıq olub, onlar araşdırma prosesi ilə bağlı mütəmadi qaydada məlumatlandırılıb və prosesi izləməyə dəvət olunublar. MSK sədri komissiyanın iclasları zamanı mütəmadi olaraq ərizəçiləri, müşahidəçiləri və digər maraqlı şəxsləri araşdırmada iştirak etməyə dəvət edib.

Qeydiyyatla bağlı bu mərhələdə daxil olmuş müraciətlərin 70-i bilavasitə namizədlərin qeydiyyatı ilə bağlı olub və republikadakı seçki dairələrindən yalnız 55-i üzrə olan bu müraciətlərə baxılarkən əsaslandırılması mümkün olan müraciətlər namizədlərin xeyrinə həll edilib və 17 nəfərin namizədliyi MSK tərəfindən qeydə alınıb. Bütün bu proseslər barədə ətraflı informasiya vətəndaşların məlumatlandırılması üçün MSK-nın internet səhifəsində yerləşdirilib. MSK-ya daxil olmuş qeydiyyatla bağlı olmayan müraciətlərin də 3-ü təmin edilib, 4-ü araşdırılmaq üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib, 3 müraciətin qanunvericiliklə verilmə müddəti başa çatdığından ərizəçilərə geri qaytarılıb, müraciətlərdən 1-i ərizəçi tərəfindən geri götürüldüyündən araşdırılmasına xitam verilib, 1-i isə əsassız olduğundan təmin edilməyib.

Seçki günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Bu il Milli Məclisə keçiriləcək seçkilərdə də şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından seçkilərlə bağlı müxtəlif məlumatların daha operativ, asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin olunması məqsədilə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki və proqram təminatı yenilənib, daha da təkmilləşdirilib və müvafiq məlumat bazaları yenidən formalaşdırılıb. Seçici siyahılarının daha operativ qəbul olunub işlənilməsi və çapı, seçici siyahılarında müvafiq yoxlamanın aparılmasını həyata keçirən proqram təminatı da təkmilləşdirilib. Təkmilləşdirilmiş xüsusi proqram modulları seçici siyahılarında orfoqrafik səhvlərin yoxlanılması, təkrarların aşkarlanması, oxşar məlumatların araşdırılması və texniki səhvlərin aradan qaldırılmasına, eləcə də digər xarakterli təhlil və müqayisələrin həyata keçirilməsinə imkan verir. MSK ilə dairə seçki komissiyaları arasında yaradılmış optik şəbəkə aşağı seçki komissiyaları ilə məlumat mübadiləsinin daha operativ və asan həll olunmasını təmin edir. "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları ilə bağlı dairə seçki komissiyalarının kompüter mütəxəssislərinin lazımi bilik və bacarıqlar əldə etməsi, eyni zamanda əyani formada istifadə qaydalarını öyrənmələri məqsədilə oktyabrın sonlarında – seçki günündən bir neçə gün əvvəl geniş treninq layihəsinin keçirilməsi də nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. MSK-nın fəaliyyəti ilə bağlı, eləcə də əvvəlki seçkilərlə bağlı məlumatlar, daxil olmuş şikayət və müraciətlərə dair Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclasdan dərhal sonra isə MSK-nın müvafiq qərarları və iclasa dair məlumat bülletenləri Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilib. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiya xarakterli proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, deputatlığa namizədlər barədə məlumatlar, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar MSK-nın internet səhifəsində yerləşdirilib.

Seçkilərlə bağlı lazım olan bütün məlumatların yerləşdirildiyi və vaxtaşırı yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarındadır. Onlar internet səhifəsinə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə edirlər. Bundan başqa, MSK tərəfindən seçicilərə göstərilən 10 istiqamət üzrə elektron xidmətlər MSK-nın internet səhifəsi ilə bərabər, həmçinin Elektron hökumət portalına da inteqrasiya edilib və seçicilərin istifadəsinə təqdim olunub. Qeyd etmək lazımdır ki, təkcə seçkilər elan olunduğu gündən oktyabrın 15-dək MSK-nın internet səhifəsinə 756000-ə yaxın baxış olub.

Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.