.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » SEÇKİLƏR » Bələdiyyə seçkiləri » Bələdiyyə seçkiləri - 23.12.2014 » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hesabatı - 2014



AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Bələdiyyə seçkiləri - 2014

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az


 

Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələr vətəndaşların qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsverməsi yolu ilə keçirilən seçkilər nəticəsində beşillik müddətə formalaşır.

Ölkəmizdə bələdiyyələrin səlahiyyət müddəti bitdiyinə görə Mərkəzi Seçki Komissiyasının (MSK) 21 oktyabr 2014-cü il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi məsələsi müzakirə edilib və həmin iclasda Komissiyanın 4/25 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi qərara alınıb. Seçkilər təyin olunduqdan sonra "Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilib və seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı bütün layihələr və addımlar Təqvim planına uyğun olaraq reallaşdırılıb.

2014-cü ilin bələdiyyə seçkiləri ili olduğunu nəzərə alaraq, ölkə ərazisində mövcud olan 1607 bələdiyyəyə 15035 üzv seçilməsi ilə nəticələnməli olan seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün MSK ilin əvvəllərindən etibarən bir sıra layihələrin həyata keçirilməsinə başlayıb və bu istiqamətlərdə lazımi tədbirlər görüb.

Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, seçki subyektlərinin maarifləndirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin yaradılması və Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün digər vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılıb.

Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi 2014-cü ildə də yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri "qapı-qapı" gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülüb və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan daxil olmuş statistik göstəricilərlə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib. Seçici siyahılarının bu müddət ərzində dürüstləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dürüstləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib.

Məlumdur ki, respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divarlardan asılmaqla yanaşı, həmçinin 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində də yerləşdirilib. Hər bir seçici bu səhifədə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemindən istifadə etməklə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairə haqqında məlumat) dəqiqləşdirə bilər. Seçicilər həmçinin, səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat marşrutları barədə lazımi məlumatları əldə edə bilər. Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq "on-line”ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilir. Seçicilər adlarını seçici siyahılarında yoxlamaq üçün müvafiq dairə seçki komissiyasına da müraciət edə bilərlər.

Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə, il boyu müvafiq qurumlarla (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatını aparan digər qurumlarla) əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilib və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumat operativ olaraq DSK-lar tərəfindən toplanıb və siyahılarda nəzərə alınıb.

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli Qanunu ilə 28 seçki dairəsi üzrə 110 bələdiyyə ləğv olunub və respublika üzrə bələdiyyələrin sayının 1607 olduğu müəyyənləşdirilib. Qanunun icrası nəticəsində ortaya çıxan dəyişikliklərlə əlaqədar müvafiq icra hakimiyyətlərindən rəsmi olaraq yaranan bələdiyyələr barədə dürüstləşdirilmiş məlumatlar MSK tərəfindən toplanıb. Eyni zamanda hər bir seçki dairəsinin ərazisində yerləşən mövcud bələdiyyələr, əhalinin sayına görə bələdiyyələrə seçiləcək üzvlərin sayı, seçki məntəqələrinin dislokasiyası, seçki məntəqələri üzrə seçicilərin sayı, məntəqə seçki komissiyalarının tərkibi barədə məlumatlar yenilənərək ictimailəşdirilib.

Bəzi seçki dairələri və məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, eləcə də seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması istiqamətində məqsədyönlü iş aparılıb. Seçki dairələrindən bəzilərinin ərazilərinin çox böyük olması və bu amilin səsvermənin nəticələrinin müəyyən olunmasının operativliyinə mənfi təsir göstərməsi, habelə bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olan normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar seçki dairələrində yenidən dəyişikliklər edilməsi zərurəti nəzərə alınaraq, 41, 42, 43, 44, 45 və 50 saylı seçki dairələrinin, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilib, seçki dairələri barədə məlumatlar, həmçinin hər dairə üzrə seçicilərin ümumi sayı barədə məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilib.

Seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 113 yeni seçki məntəqəsi yaradılıb.

Maarifləndirmə daim MSK-nın mühüm əhəmiyyət verdiyi sahələrdən biridir. Seçicilərin və aşağı seçki komissiyalarının üzvlərinin məlumatlandırılması müxtəlif formatlı layihələr vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı maarifləndirmə ilə bağlı bir sıra layihələrin hazırlanıb həyata keçirilməsində MSK üçün əsas istiqamətverici sənədlərdən birinə çevrilib və sözügedən sənədə əsasən dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün mütəmadi şəkildə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir. 2014-cü ildə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün 2 mərhələdən ibarət layihə icra olunub. Birinci mərhələ çərçivəsində oktyabr 17-də MSK-nın inzibati binasında dairə seçki komissiyaları sədrləri üçün müşavirə keçirilib. Tədbir ərzində MSK üzvləri ilə yanaşı, respublikanın bir sıra ali dövlət qurumlarının - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Ali Məhkəmə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Bakı Apelyasiya Məhkəməsinin rəhbər şəxsləri müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış edib. Tədris proqramına seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, bələdiyyələrin yenidən təşkili təcrübəsinin onların fəaliyyətinə və bələdiyyə seçkilərinə təsiri, seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu, bələdiyyələrin fəaliyyət keyfiyyətinin bələdiyyə üzvlərinin yenidən seçilməsinə təsiri, seçki hüquqlarının məhkəmə müdafiəsi və s. kimi mövzular daxil edilib, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər və "öyrənilmiş dərslər” nəzərdən keçirilib. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları alıblar. Maarifləndirmə tədbirinin birinci mərhələsi çərçivəsində, oktyabrın 18-də dairə seçki komissiyalarının sədrləri 4 qrup şəklində bölünərək Bakı şəhərində yerləşən bir-neçə dairə seçki komissiyasına səfər edib, həmin seçki komissiyaları ilə təcrübə mübadiləsi aparıb, onların iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olublar.

Layihənin ikinci mərhələsində seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 22-24 oktyabr tarxilərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılıb. Ümumilikdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə edib və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli informasiya əldə ediblər. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu kursların gedişi KİV-lər tərəfindən işıqlandırılıb və ictimaiyyətə geniş məlumat verilib.

MSK-nın maarifləndirmə proqramı çərçivəsində noyabrın 12-də seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirilib. Tədbirin keçirilməsində başlıca məqsəd vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunması olub. Layihə çərçivəsində iştirakçılara MSK üzvləri tərəfindən təqdimatlar keçirilib, əvvəlki illərdə keçirilmiş seçkilərdə əldə olunmuş təcrübə müzakirə edilib, eləcə də meydana çıxan suallar cavablandırılıb. Seminar-müşavirədə 118 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən müvafiq ekspert qruplarının üzvləri iştirak edib.

Bələdiyyə seçkiləri ilə bağlı gerçəkləşdirilən layihələrdən biri də MSK-nın Ombudsman təsisatı ilə birgə 17-24 noyabr tarixlərində Şəki, Gəncə, Cəlilabad, Füzuli və Qubada təşkil etdiyi seçki hüququ üzrə regional maarifləndirmə tədbirləridir. Tədbirlərdə MSK Katibliyinin təmsilçisi, müvafiq rayonların icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əhatə olunan ərazilərin dairə seçki komissiyalarının nümayəndələri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. Maarifləndirmə proqramları çərçivəsində içtirakçılara bələdiyyə seçkilərinə hazırlıq, həyata keçirilmiş layihələr, seçki hüququnun həyata keçirilməsi və vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyi və normativ-hüquqi sənədlər, yerli və beynəlxalq müşahidənin əsasları və digər məsələlər ətraflı izah olunub, iştirakçıların sualları əhatəli şəkildə cavablandırılıb. Maarifləndirmə tədbirlərinə müşahidəçilər və KİV nümayəndələri dəvət olunub və onların iştirakına şərait yaradılıb.

MSK aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr həyata keçirir. 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihəsidir. Bu layihə əvvəllər kiçik trenerlər qrupu vasitəsilə həyata keçirilirdi. 2008-ci ildən etibarən MSK Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlayıb. Bu trenerlər bir neçə ildir ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. MSK-nın qərarı ilə bələdiyyə seçkilərilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanıb. Birinci mərhələ çərçivəsində 17-20 noyabr tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən "Trenerlər üçün Treninq” keçirilib. Bu treninq zamanı 118 seçki dairəsindən olan 236 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılıb, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar əhatə olunub. Tədbir zamanı habelə, əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilib.

Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK-nın Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim edib. Aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsi noyabrın 25-dən etibarən başlayıb və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 30-36 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilib. Seçki məntəqələrinin sayına müvafiq olaraq, bu proses bir neçə həftə davam edib. Treninqlər çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılıblar. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə "Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunub. Bütünlükdə bu treninqlərdə 30000-dən artıq komissiya üzvü iştirak edib.

Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Mütəmadi şəkildə bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilir, görüşlər keçirilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır. Bələdiyyə seçkiləri ilə əlaqədar 2014-cü il dekabrın 8-də Bakıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, MSK və Avropa Şurasının Bakıdakı Ofisinin birgə təşkilatçılığı ilə "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda informasiya sessiyaları keçirilib. Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq keçirilən tədbirin məqsədi bələdiyyə seçkilərində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri, xarici ölkələrin müvafiq seçki təcrübəsi barədə iştirakçılarla məlumat mübadiləsi olub. Dekabrın 5-də Şəmkirdə və dekabrın 6-da Şirvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni səpkili sessiyalar keçirilib. Sessiyalar ərzində bir sıra məsələlər aydınlaşdırılıb və əhatə olunan mövzular ətraflı müzakirə edilib. İnformasiya sessiyalarına xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlik və diplomatik korpuslarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunub və bütün sessiyalar KİV-də ətraflı şəkildə işıqlandırılıb.

Bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərindən biri də dekabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində keçirilib. Qapalı müəssisələrdə səsvermənin təşkili ilə bağlı keçirilən seminar-məşğələdə sözügedən qurumun əməkdaşlarına MSK təmsilçiləri tərəfindən səsvermənin təşkili ilə bağlı hərtərəfli məlumat verilib, eləcə də əyani vəsaitlərdən istifadə edilməklə bütün seçki günü prosedurları əhatəli şəkildə izah edilib.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə 13, 15 və 16 dekabr tarixlərində paytaxt Bakıda və bölgələrdə seminar-müşavirələr keçirib. Bələdiyyə seçkilərilə bağlı proseslərdə polisin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin icrasının daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə MSK üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin məsul şəxsləri tərəfindən təqdimatlar aparılıb. Həmçinin tədbir iştirakçılarına MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanmış "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair Yaddaş Kitabçası” təqdim edilib.

Seçki günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – "Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Şəbəkədən və müvafiq proqram təminatından düzgün istifadə ilə bağlı mütəxəssislərin lazımi bilik və bacarıqlar əldə etməsi üçün 15-17 dekabr tarixlərində MSK-da dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün praktiki treninqlər keçirilib. Üç gün davam etmiş treninqlərdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər” İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumatlar verilib, əyani formada istifadə qaydaları öyrədilib, eləcə də onları maraqlandıran suallara aydınlıq gətirilib. Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılıb ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaları üçün şərait yaradıb və səsvermə günü "Seçkilər” İnformasiya Sistemindən daha rahat istifadəni təmin edib.

Cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, seçki praktikasının təkmilləşdirilməsi, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün hüquqi bazanın yaradılması xüsusi əhəmiyyət kəsb edir. Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki subyektlərinin maarifləndirilməsində mühüm rolu olan hüquqi-metodiki vəsaitlərin çapı bələdiyyə seçkilərində də diqqət mərkəzində saxlanılıb. Seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçki hüququ üzrə biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün müvafiq dəyişikliklər edilərək MSK tərəfindən qəbul olunmuş təlimat, izah və qaydalar 7 toplu şəklində nəşr edilib və aşağı seçki komissiyalarına çatdırılıb. Müxtəlif seçki subyektlərinin - aşağı seçki komissiyaları üzvlərinin, namizədlərin, müşahidəçilərin və polis əməkdaşlarının maarifləndirilməsi məqsədilə "Seçki günü üçün yaddaş”, "Namizədlər üçün yaddaş”, "Müşahidəçilər üçün yaddaş” və "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş” kitabçaları çap olunub, müvafiq seçki iştirakçılarına təqdim edilib, MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin seçki dairələri və məntəqələrində seçicilərin istifadəsi üçün əlavə nüsxələr paylanılıb.

MSK tərəfindən həyata keçirilən maarifləndirmə proqramının mühüm hədəflərindən biri də seçicilərdir. Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə proseduru, eləcə də seçkilərə çağırış mövzulu video və audio çarxlar hazırlanıb, respublikada fəaliyyət göstərən televiziya və radio kanallarında yayımlanıb və ölkə elektoratının məlumatlandırılmasında, onların seçkilərə təşviqində önəmli rol oynayıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçiciləri səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı haqqında, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər seçicilərin sayına uyğun çap edilərək səsvermə gününədək seçicilərə çatdırılıb.

Seçkilərin hazırlanması və keçirilməsi zamanı ən mühüm mərhələlərdən biri də namizədliyin irəli sürülməsi və qeydiyyatı mərhələsidir. Bələdiyyə seçkiləri elan olunduqdan sonra oktyabrın 22-dən başlayaraq seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət edib və lazımi sənədləri təqdim etdikdən sonra onlara imza vərəqələri təqdim olunub. Ümumilikdə bələdiyyələr üzrə 15035 yer üçün 37917 iddiaçı imza vərəqi götürüb və onlardan 37564 nəfəri imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına qaytarıb. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 14029 nəfəri 8 siyasi partiyanın təmsilçiləri, 23421 nəfəri fərdi qaydada, 114 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülənlər olub. Namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurunun daha da sadələşdirilməsi, prosesin asan və rəvan getməsi, eyni zamanda təqdim olunan sənədlərdə nöqsanlara yol verilməməsi üçün namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlara doldurulub seçki komissiyalarına qaytarılması üçün hazır formalar təqdim edilib. Dairə seçki komissiyaları təqdim olunan sənədləri araşdıraraq namizədlərin qeydiyyatına dair müvafiq qərarlar qəbul edib. Namizədlərin qeydiyyatı prosesi 29 noyabradək davam edib və 37564 iddiaçıdan imza vərəqələrini və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri müvafiq qaydada geri qaytarmış 37346 vətəndaşın namizədliyi bələdiyyə üzvlüyünə qeydə alınıb. Yaşayış yerinin dəyişməsi və digər bu kimi səbəblərdən 368 nəfər namizədliyini geri götürüb və sonda 37077 namizədin adı bələdiyyələr üzrə seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin 13907-nin namizədliyi 8 siyasi partiya tərəfindən, 109-u təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 23061 nəfər isə öz namizədliklərini fərdi qaydada irəli sürüblər. Qeydə alınan namizədlər arasında ümumilikdə 30 siyasi partiyanın təmsilçiləri olub.

Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlanıb. Bu mərhələ seçki marafonunun mühüm fazalarından biridir. Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülüb, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra strukturlarının köməkliyi ilə açıq və qapalı yerlər ayrılaraq namizədlərin ixtiyarına verilib. Bu qəbildən olan yerlərin sayı 2837 (1436 qapalı, 1401 açıq) olub. Namizədlər dairə seçki komissiyalarına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Ümumilikdə, namizədlərin seçicilərlə görüşməsi və onlara öz seçki ismarıclarını çatdırması üçün lazımi şərait yaradılıb.

Seçki bülletenlərinin forması və sayı MSK tərəfindən təsdiq edilib, namizədlərin qeydə alınması mərhələsi tamamilə başa çatdıqdan sonra seçki bülletenlərinin çapına başlanılıb və 1607 bələdiyyə üzrə 4976302 seçki bülleteni vaxtında çap olunaraq dairə seçki komissiyalarına təqdim olunub.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır. Bələdiyyə seçkilərini izləmək üçün ümumilikdə 50551 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyətində olan vətəndaşlar MSK-ya, müvafiq seçki dairəsinin hüdudları daxilində müşahidə aparmaq niyyətində olanlar isə dairə seçki komissiyalarına müraciət edərək akkreditasiya olunub. və müvafiq lövhəcik əldə ediblər. Qeydiyyatdan keçmiş müşahidəçilərin ümumilikdə 26857-si 21 siyasi partiyanın, 571-i 19 qeyri-hökumət təşkilatının, 2325-i qeydə alınmış namizədlərin təmsilçiləri olub, 20798 nəfər isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsinə qatılıb və seçki günü prosesiləri əvvəldən axıradək sərbəst və maneəsiz şəkildə izləyiblər.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq exit-poll keçirmək məqsədi ilə "ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət edib və qeydə alınıb.

İctimaiyyətin məlumatlandırılması MSK üçün daim mühüm əhəmiyyət kəsb edib. Seçkilərin yaxınlaşmasını nəzərə alaraq, MSK sentyabr ayından KİV-lə əlaqələrini daha da intensivləşdirib. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın fəaliyyəti hər zaman olduğu kimi, seçki prosesi boyunca KİV üçün tam açıq olub. MSK-nın iclaslarının vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılıblar. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunub və lazımi məlumatları əldə ediblər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə oktyabr-dekabr ayları ərzində MSK tərəfindən aktual mövzuları əhatə edən mətbuat konfransları, brifinqlər keçirilib, seçkilərlə bağlı reallaşdırılan bütün layihələr barədə respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə məlumatlar çatdırılıb, məlumat bülletenləri və məqalələr dərc olunub. Seçki günündən bir gün öncə və səsvermə günü gecə saatlarında MSK sədrinin bütün KİV-lər üçün ənənəvi olaraq təşkil edilən mətbuat konfransında sədr seçkilərlə bağlı müxtəlif məsələlər barədə yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırıb, eləcə də KİV-lər tərəfindən ünvanlanmış sualları cavablandırıb.

Seçkilər ərəfəsində Komissiyanın iclasları və təşkil edilmiş tədbirlər barədə mətbuatda 808 müxtəlif xarakterli material dərc olunub. Əlavə olaraq KİV-də MSK sədrinin, Komissiya üzvlərinin, eləcə də Katiblik rəsmilərinin 42 açıqlaması əks olunub. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına və təşkil edilmiş tədbirlərə geniş yer ayırıb. Mətbuat vasitələrində MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunub, həmçinin Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc edilib və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Ümumilikdə MSK tərəfindən həyata keçirilmiş tədbirlər KİV tərəfindən mütəmadi qaydada işıqlandırılıb.

Seçkilər elan olunduğu oktyabr ayından başlayaraq İctimai televiziyada həftədə bir dəfə, tamaşaçılar üçün daha vaxtda efirə gedən "Xalq seçir” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katiblik rəsmilərinin bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda çıxışları olub. Bundan başqa "Azərbaycan” qəzetində Komissiya üzvləri və Katiblik rəsmilərinin bələdiyyə seçkiləri ilə bağlı müxtəlif aktual mövzulara həsr olunmuş maarifləndirmə xarakterli 9 məqaləsi dərc olunub. Seçki günü MSK sədri, Komissiya üzvləri və Katibliyin rəsmiləri media üçün 13 dəfə brifinq keçiriblər.

Aşağı seçki komissiyaları da kütləvi informasiya vasitələrində mütəmadi şəkildə çıxış ediblər. DSK sədrləri öz müsahibələrində seçki dairəsi çərçivəsində görülmüş işlər, yerlərdəki hazırlıq prosesləri ilə bağlı seçiciləri məlumatlandırıblar.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bələdiyyə seçkilərində də davam etdirilib. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20%-də) veb-kameralar quraşdırılıb. Veb-kameralardan istifadə edilməsi ilə bağlı məsələyə MSK-nın iclasında baxılaraq müvafiq qərar qəbul edilib, veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı təsdiq edilərək dərc olunub və rəsmi internet səhifəsində yerləşdirilib. Dekabrın 19-da Mərkəzi Seçki Komissiyasının sədri Rabitə və İnformasiya Texnologiyaları naziri ilə birlikdə MSK-da veb-kameralara texniki nəzarət mərkəzində olub, veb-kameralarla bağlı son hazırlıq işləri və avadanlıqların tam hazır vəziyyətə gətirilməsi prosesi ilə tanış olub. Seçki günü bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olublar.

MSK-nın 2008-ci ildən bəri fəaliyyət göstərən seçkilərlə bağlı 115 nömrəli qaynar xətti artıq seçkilərdə iştirak edən tərəflərin etibarlı məlumat mənbəyinə çevrilib. Avtomatlaşdırılmış telefon və elektron qaynar xətlərinə oktyabr-dekabr ayları ərzində 700-ə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyətini seçicilər tərəfindən seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlı sorğular, eləcə də digər hüquqi məsələlər təşkil edib. Daxil olmuş müraciətlər dərhal cavablandırılıb və operativ şəkildə müvafiq addımlar atılıb.

Bələdiyyə seçkilərinin təyin edilməsindən seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilən müddət də daxil olmaqla, Komissiyanın 24 iclası keçirilib və bu iclaslarda ümumilikdə 198 qərar qəbul edilib. Mahiyyəti etibarilə bu qərarlar Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi, Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması, İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi, seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası, aşağı seçki komissiyası üzvləri üçün treninqlərin təşkili, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması, səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə, əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə seçkilərin yekunlarının müəyyən olunması, ""exit-poll” keçirmək barədə daxil olmuş müraciətə baxılması, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması, siyasi partiya tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiqi və s. bu kimi məsələlərə dair olub.

Seçki günü - dekabrın 23-də saat 8.00-da bütün ölkə üzrə səsvermə başlanıb və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə ediblər. Seçki günü ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar "Seçkilər” informasiya şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə MSK-ya ötürülərək birbaşa internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub. Respublikada fəaliyyət göstərən telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlayıb, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak ediblər. Seçki məntəqələri bağlandıqdan və səslərin sayılmasına yekun vurulduqdan dərhal sonra, saat 20.30-dan etibarən ölkə üzrə bütün seçki məntəqələrindən səsvermənin yekunlarına dair məntəqələr üzrə ilkin məlumatlar "Seçkilər” informasiya şəbəkəsi vasitəsilə birbaşa MSK-nın internet səhifəsinə ötürülərək oradan yerli və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunub. Mərkəzi Seçki Komissiyasının konfrans zalından birbaşa yayım vasitəsilə ictimaiyyəti seçkilərin nəticələrilə bağlı məlumatlandırmaq məqsədilə KİV nümayəndələrinə canlı efirə bağlanmaq üçün üçün bütün imkanlar yaradılıb. Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib, yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan təqribən 5 saat sonra ölkə üzrə 70 faizdən artıq seçki məntəqələri üzrə ilkin nəticələr, növbəti gün, saat 9:00-da artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib. Səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılıb və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub. Sözügedən prosedurlar müraciətlərin daha ətraflı və effektiv araşdırılmasını şərtləndirib.

Səsvermə günündən əvvəl, səsvermə günü və sonrakı günlərdə MSK daxil olmuş bütün müraciətlərə dərhal reaksiya verilərək vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə operativ şəkildə Komissiyanın iclaslarına çıxarılaraq müvafiq qərarlar qəbul edilib. Hər bir şikayətlə bağlı ətraflı araşdırılma aparılıb, şikayətlərə baxan ekspert qrupu üzvləri şahidlərlə görüşmək və məlumat verilmiş halları yoxlamaq məqsədilə lazımi addımlar atıb, gəldiyi rəy barədə Komissiyaya məlumat verib və komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətlə bağlı yekun qərar çıxarılıb. Arzu edən şikayətçilərin araşdırmada və MSK-nın müvafiq məsələyə dair iclasında iştirakının təmin edilməsi istiqamətində addımlar atılıb. Şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması məqsədilə Ekspert qrupunun fəaliyyəti ərizəçilər, müşahidəçilər və digər maraqlı şəxslər üçün açıq olub, onlar araşdırma prosesi ilə bağlı mütəmadi qaydada məlumatlandırılıb və prosesi izləməyə dəvət olunublar. MSK sədri komissiyanın iclasları zamanı mütəmadi olaraq ərizəçiləri, müşahidəçiləri və digər maraqlı şəxsləri araşdırmada iştirak etməyə dəvət edib.

Seçkilər təyin ediləndən səsvermə gününə kimi Mərkəzi Seçki Komissiyasına ümumilikdə 17 müraciət daxil olub. Bu müraciətlərə baxılarkən əsaslandırılması mümkün olan 12 müraciət təmin edilib və bələdiyyə üzvlüyünə 11 nəfərin namizədliyi MSK tərəfindən qeydə alınıb. Səsvermə günündən sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş 79 müraciət də MSK və DSK-lar səviyyəsində operativ şəkildə araşdırıldıqdan və iclaslarda baxıldıqdan sonra müvafiq qərarlar qəbul edilib. Ümumiyyətlə bələdiyyə seçkiləri dövründə daxil olmuş 96 müraciət 1607 bələdiyyənin 65-ni və seçki dairələrinin 40-nı əhatə edib.

2015-ci il yanvarın 12-də keçirilmiş və beynəlxalq təşkilatların, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi bələdiyyə seçkiləri ilə əlaqədar MSK-nın yekun iclasında 43 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 8 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1599 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması və bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan edilməsi barədə qərar qəbul edilib. Komissiyanın qərarı ilə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları, habelə fəaliyyəti zamanı nöqsana yol vermiş 5 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb. Komissiyanın qərarı ilə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilib və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarının maddi-texniki təminatı istiqamətində tədbirlər görüb. Belə ki, aşağı seçki komissiyalarının lazımi material, avadanlıq və digər zəruri vasitələrlə təchizatı vəziyyəti yoxlanılıb, müvafiq addımlar atılaraq onlar seçki gününə tam hazır vəziyyətə gətirilib.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. MSK-nın fəaliyyəti ilə bağlı, eləcə də əvvəlki seçkilərlə bağlı məlumatlar, daxil olmuş şikayət və müraciətlərə dair Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclasdan dərhal sonra isə MSK-nın müvafiq qərarları və iclasa dair məlumat bülletenləri Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilib. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiya xarakterli proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, bələdiyyələrin siyahısı, onlara seçiləcək üzvlərin sayı, hər bir bələdiyyəyə səs verəcək seçki məntəqələri, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması barədə məlumatlar, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar MSK-nın internet səhifəsində yerləşdirilib.

Seçkilərlə bağlı lazım olan bütün məlumatların yerləşdirildiyi və vaxtaşırı yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarında olub. Onlar internet səhifəsinə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə edib, həmçinin veb-kameralar vasitəsilə səsvermə prosesini sərbəst şəkildə izləyiblər. Təkcə seçki günü MSK-nın internet səhifəsinə 60000-dən çox istifadəçi baxışı olub.

Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.