.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » Bəyanatlar » İyunun 19-da qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək "parlament seçkiləri" ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəyanat

Ermənistan üçüncü tərəfin köməyi ilə Azərbaycan Respublikası ərazilərinin 20 faizindən çoxunu işğal etmiş, etnik təmizləmə apararaq bir milyondan artıq azərbaycanlı əhalini həmin ərazilərdən, o cümlədən Ermənistandakı tarixi vətənlərindən didərgin salmışdır. Görünməmiş zorakılıq nəticəsində uşaqlar, qadınlar və qocalar qətlə yetirilmiş, minlərlə insan əsir və girov götürülmüş, Xocalı soyqırımı törədilmişdir.


Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, işğal altında olan Qarabağın yuxarı hissəsində separatçı rejimin mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin etnik təmizləmə aparması Avropa Şurasının Parlament Assambleyası tərəfindən də tanınmışdır (Qətnamə N1416 /2004/).


Ermənistan işğalı qanuniləşdirmək üçün canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qacırır.


Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub "Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd etmişdir. İndi də işğalçı qüvvələr bu il iyunun 19-da qondarma respublikada yenidən "parlament seçkiləri” keçirmək niyyətinə düşüblər. Azərbaycanın işğal altında olan torpaqlarında yeni seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu həm də Ermənistanın siyasi hakimiyyət dairələrinin işğalın əsil mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətmək cəhdidir.


Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir.


Avropa Şurası Parlament Assambleyasının Bürosu 6 iyun 2005-ci il tarixli iclasının qərarı ilə qondarma qurumda keçirilməsi nəzərdə tutulan "parlament seçkilərini” müşahidə etməkdən imtina etmişdir. Büro haqlı olaraq qeyd etmişdir ki, heç bir dövlət tərəfindən tanınmayan bu qondarma qurumda seçkilərin keçirilməsi qeyri-qanuni və beynəlxal hüquq normalarına ziddir.


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bildirir ki, qondarma qurumdakı "seçkiləri” müşahidə etmək niyyətində olan "müşahidəçilər” beynəlxalq normalara etinasızlıq göstərməkdən çəkinməlidirlər. Onların bu hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndiriləcəkdir.


Azərbaycan Respublikasında dövlət hakimiyyətinin mənbəyini ümumi, bərabər və birbaşa hüquq əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilən seçkilərdə xalqın iradəsi təşkil edir. Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüquqlarının prinsip və normalarının müdafiə edilməsi ilə təminat verir.


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, işğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əsasən keçirilə bilər.


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri” qanunsuz hesab edir və tanımır, beynəlxalq ictimaiyyəti də buna çağırır.


Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 18 iyun 2005-ci il