.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » Bəyanatlar » Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının fəaliyyətə başlaması ilə əlaqədar həmin seçki dairəsinin seçicilərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müraciəti

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 4 iyul 2005-ci il tarixli Sərəncamı ilə üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi bu ilin noyabrın 6-na təyin edilmiş və artıq həmin seçkilərə start verilmişdir. Ölkəmizdə bütün seçkiləri hazırlayıb həyata keçirən orqan olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf, demokratik və qanunauyğun keçirilməsi, habelə seçki hüquqi olan bütün vətəndaşların, o cümlədən erməni əsilli azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 2-ci və 56-cı maddələrində təsbit edilmiş dövlət orqanlarına seçmək və seçilmək hüquqlarını həyata keçirmələri üçün tam şərait yaratmışdır.


Azərbaycan ərazisinin 20%-ə qədərini işğal etmiş Ermənistan BMT, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatının və digər beynəlxalq təşkilatların təcavüzün aradan qaldırılmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş qətnamə və çağırışlarına məhəl qoymayaraq, on ildən artıqdır ki, işğal altında yaşayan və öz torpaqlarından qovulmuş on minlərlə Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüquq və azadlıqlarını kütləvi surətdə pozur.
İşğal altında olan Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsində, Qarabağın yuxarı hissəsində Ermənistan Respublikası tərəfindən qondarma separatçı rejimin yaradılması nəticəsində Azərbaycan Respublikasının erməni millətindən olan vətəndaşları bir qrup siyasi möhtəkirin əlində oyuncağa çevrilmiş, vətəndaşları olduqları dövlətin onlara vermiş olduğu digər konstitusiya hüquqları ilə yanaşı aktiv və passiv seçki hüquqlarından da məhrum olmuşlar. Qondarma qurum tərəfindən dəfələrlə seçki görüntüsü yaratmaq cəhdləri onların qanuni hüquqlarına təminat yaratmır, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası işğal altında olan ərazilərimizdə yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarını öz konstitusiya hüquqlarının təmin edilməsi üçün separatçı rejimin aradan qaldırılmasına yardımçı olmağa çağırır.
Təcavüz nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur olmuş Azərbaycan Respublikasının seçki hüququna malik olan vətəndaşlarının seçki hüquqları indiyə qədər ölkədə keçirilən seçki və referendumlarda imkan daxilində təmin olunmuşdur. Bu zaman milli mənsubiyyətinə görə Azərbaycan Respublikasının vətəndaşları arasında heç bir fərq qoyulmamışdır. Ölkə ərazisində yaradılmış bir neçə məcburi köçkün seçki dairələrindən birinin – 122 saylı Xankəndi seçki dairəsinin təşkili də bu məqsədə xidmət etmişdir.


Azərbaycan dövlətinin sülhməramlı siyasəti, öz vətəndaşlarının taleyinə qayğıkeş münasibəti, onun surətlə artan iqtisadi gücündən və demokratikləşən dəyərlərindən bütün vətəndaşlarının bəhrələnməsi istəyi sözü gedən seçki dairəsinin fəaliyyətə başlaması zərurətini yaratmışdır.


Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq həmin dairənin ərazisində yaşamış və hazırda yaşayan ölkə vətəndaşlarının seçici vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülməlidir.


Xankəndi, Şuşa, Xocalı, Xocavənd və regionun başqa yaşayış məntəqələrinin erməni əsilli azərbaycan vətəndaşları da digər həmyerliləri ilə birlikdə öz aktiv seçki hüquqlarını 122 saylı Xankəndi və 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairələrində, passiv seçki hüquqlarını isə Azərbaycan Respublikasının bütün ərazisində mövcud olan seçki dairələrində həyata keçirə bilərlər.


Mərkəzi Seçki Komissiyası inanır ki, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar, o cümlədən erməni mənşəli vətəndaşlarımız bu seçkilərdə yaxından iştirak edəcək, Milli Məclisdə təmsil olunmaqla Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi digər hüquqlardan da tam istifadə etmək üçün imkan əldə edəcəklər.

Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası

Bakı şəhəri, 12 avqust 2005-ci il