.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » Bəyanatlar » Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəyanatı

Azərbaycan xalqının həyatında böyük əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının III çağırış Milli Məclisinə keçiriləcək seçkilərin çox mühüm mərhələsi olan seçkiqabağı təşviqat prosesi davam etməkdədir. Seçkilərlə bağlı cərəyan edən hadisələr nəinki respublikamızın, o cümlədən bir çox dövlətlərin və beynəlxalq təşkilatların diqqət mərkəzindədir.


Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyalar, siyasi partiyalar bloklarına seçkiqabağı proqramlarını təbliğ etmək üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına təsisçiləri dövlət orqanları və təşkilatları olan və ya dövlət büdcəsindən maliyyələşən teleradio təşkilatları, eləcə də dövri nəşrlər tərəfindən bərabər şərait yaradılmasını təmin etmişdir. Həmin subyektlərə pullu efir vaxtından da istifadə etməklə öz təşviqatını həyata keçirmək üçün bütün lazımi şərait yaradılmışdır. Seçkiqabağı təşviqat əsasən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.


Göstərilənlərlə yanaşı Mərkəzi Seçki Komissiyası qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericiliklə qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarının nümayəndələri tərəfindən televiziya və radio kanallarında və keçirilən digər tədbirlərdə seçkiqabağı təşviqatla əlaqədar çıxışlarda qanunun tələblərinə zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlara, vətəndaşların şərəf və ləyaqətini təhqir edən, sosial nifrət və düşmənçilik yaradan, etik normalarla bir araya sığmayan, böhtan xarakterli fikir və mülahizələrin yayılmasına yol verilmir. Əfsuslar olsun ki, seçkiqabağı təşviqat aparan subyektlər televiziya kanallarından istifadə edərkən bir sıra hallarda qanunun bu tələbinə tam əməl etmirlər. Bu da həmin qurumların göstərilən arzuolunmaz nəticələrin baş verməsində vasitəyə çevrilməsinə şərait yaradır. Mərkəzi Seçki Komissiyası tərəfindən bu cür hərəkətlərin yolverilməzliyi ilə bağlı geniş hüquqi maarifləndirmə işinin aparılmasına baxmayaraq, göstərilən qanun pozuntuları yenə də müşahidə edilməkdədir.


Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarına, onların səlahiyyətli nümayəndələrinə və vəkil edilmiş şəxslərinə və eləcə də ölkəmizdə fəaliyyət göstərən televiziya və radio şirkətlərinə, o cümlədən digər kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, həmin qurum və şəxslərin fəaliyyəti qanunun tələblərinə cavab verməli, onların seçkiqabağı proqramlarında, seçicilərlə görüşlərə həsr olunmuş yığıncaqlarında və çıxışlarında, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında qanuna zidd çağırış və fikirlərə, digər namizədlərin və vətəndaşların şərəf və ləyaqətini alçaldan mülahizələrə yol verilməməlidir.


Televiziya və radio təşkilatları qeydə alınmış namizədlərə efir vaxtı ayırarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə ciddi əməl etməli və bu sahədə sui-istifadə hallarına yol verməməlidirlər.


Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak edən namizədlərdən, siyasi partiya, siyasi partiyalar bloklarından və bu prosesin digər iştirakçılarından Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə ciddi əməl edilməsini tələb edir və bəyan edir ki, qanunvericiliyin bu münasibətləri tənzim edən müddəalarına əməl olunmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada məsuliyyət doğurur.


Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası